XƏBƏRLƏR
Yanvarın 4-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin tərkibində Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü, respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri respublikaçı Ceyson Smit, Nümayəndələr Palatasının və həmin qurumun Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson, Nümayəndələr Palatasının və həmin qurumun Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta olub. Qonaqlar ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıblar. İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən dövlət başçısı bu məsələdə Prezident Donald Trampın rolunu xüsusi vurğulayıb. Azərbaycan Prezidenti habelə regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirib.
Prezident həmçinin “Azadlığa Dəstək Aktı”na ədalətsiz “907-ci düzəliş”in ölkələrimiz arasında əlaqələrin bugünkü inkişafının mahiyyətinə uyğun olmadığını bildirib. İlham Əliyev Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, siyasi, iqtisadi, enerji, müdafiə və müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Amerikalı qonaqlar eyni gündə müdafiə naziri Zakir Həsənovla da bir araya gəliblər. Qeyd edək ki, bu, Bakıda 2026-cı ilin ilk yüksək səviyyəli görüşləridir.
Bəs yeni il girər-girməz belə bir səfər hansı zərurətdən doğub? Nümayəndə heyətinin tərkibində həm Senatın, həm də Nümayəndələr Palatasının Silahlı Qüvvələr komitələrinin üzvlərinin olması təsadüfmü? Bu il iki ölkə arasında hərbi sahədə əməkdaşlıq nə dərəcədə irəli gedə bilər? 2026-da bədnam “907-ci düzəliş”in ləğvi mümkünmü?
Professor Fikrət Yusifov Musavat.com-a deyib ki, ABŞ-ın Senat və Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyətinin yeni il başlar-başlamaz Azərbaycana səfəri ortada müəyyən ciddi mətləblərin olduğu düşünməyə əsas verir:
“Keçən il avqust ayının 8-də Ağ Evdə Azərbaycanla Ermənistan arasında paraflanmış sülh müqaviləsi Cənubi Qafqazda sülhün olmasını hər vəchlə əngəlləmək istəyən şimal və cənub qonşularımızın üzünə vurulan sərt bir sillə oldu. Bu sənədin yüz illər boyu Cənubi Qafqazda at oynatmış Rusiyanın iştirakı olmadan ərsəyə gəlməsi tarixi bir hadisə oldu. Otuz il qanlı müharibə dövrü yaşamış iki qonşu ölkə arasında sülh sazişinin Ağ Evdə paraflanması, regionda Birləşmiş Ştatların nüfuzunun yetərincə artmasına səbəb oldu. Mənfur qüvvələrin bu illər ərzində Azərbaycanla Ermənistan arasında sülh yaratmaq oyunbazlıqlarına Donald Tramp bir neçə gün ərzində son qoydu. Bu gün artıq biz həm Ermənistan, həm də Azərbaycan tərəfindən bu sülhün gerçəkdən baş tutacağını təsdiqləyən real addımların atıldığını görürük. Şimal qonşumuz isə öz “tarixi misiyasından” əl çəkə bilmir və bu gün də iki ölkə arasında baş tutan bu sülhün pozulmasına xidmət edə biləcək yolların axtarışındadır”.
Onun fikrincə, Zəngəzur dəhlizindən keçəcək yolun ABŞ-n idarəçiliyinə verilməsi və marşrutun “Tramp yolu” adlandırılması isə Birləşmiş Ştatları Cənubi Qafqazda əasa oyunçuya çevirən bir hadisə oldu:
“İndi Rusiya bu regionda tək güc deyil. Birləşmiş Ştatların regiona sülhlə gəlməsi şimal qonşumuzun bölgəyə təsirlərini kifayət qədər zəiflədir. ABŞ-la Azərbaycan arasında münasibətlərin bu qədər yaxınlaşdığı indiki zamanda Azərbaycan tərəfin qarşı tərəfdən əsas istəklərindən biri də vaxtılə ABŞ Konqresində ermənipərəst qüvvələrin təziqi ilə qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na ədalətsiz “907-ci düzəliş”in aradan qaldırılmasıdır. Azərbaycan Prezidenti bu məsələni Birləşmiş Ştatalardakı son səfəri zamanı bir daha qaldırdı və prezident Tramp dərhal buna reaksiya verdi. İlkin olaraq həmin düzəlişin tətbiqinin dayandırılması barədə qərar qəbul edildi. Bu məsələnin birdəfəlik həlli isə həmin düzəlişin tamamilə ləğv olunmasından keçir”.
Onun fikrincə, ABŞ Konqresinin nümayəndələrindən ibarət heyətin və bu heyətdə həm Senatın, həm də Nümayəndələr Palatasının Silahlı Qüvvələr komitələrinin üzvlərinin olması o deməkdir ki, Birləşmiş Ştatlar administrasiyası Azərbaycan Prezidentinin xahişini nəzərə alaraq məlum düzəlişi ləğv etməkdə qərarlıdır:
“Hesab edirəm ki, bu səfərdən sonra geriyə dönən nümayəndə heyəti Bakıda keçirilən görüşlər nəticəsində gəldikləri qənaəti öz həmkarları ilə bölüşüb bu düzəlişin ləğv edilməsinin zəruriliyini əsaslandıra biləcəklər”.
Cavanşir Abbaslı
Musavat.com