XƏBƏRLƏR
Fikrət Yusifov: “Qazaxıstan neftini Qərbə daşıyacaq digər variantlar çox baha başa gələn daşımalar ola bilər”
Novorossiyskdə Xəzər Boru Kəməri Konsorsiumunun (XBK) terminalına pilotsuz dəniz katerləri ilə zərbə endirilib. Hücum nəticəsində üç uzaq körpüdən biri məhv edilib. Hadisə yerindən yayılan məlumata görə, o, bərpa olunmayacaq vəziyyətdədir.
Qazaxıstan Energetika Nazirliyi bəyan edib ki, neft ixracı üçün alternativ marşrutlar axtaracaq. Hazırda ölkənin neftinin 80 faizindən çoxu məhz Novorossiysk vasitəsilə ixrac olunur.
O da məlumdur ki, Qazaxıstanın neft ixracı ilə bağlı alternativləri elə də geniş deyil. Xüsusən də Avropa istiqamətində. O baxımdan Qazaxıstan bundan sonra neftini əsasən Azərbaycan üzərindən ixrac edəcəkmi? Alternativ marşrut deyəndə burada söhbət Azərbaycandan gedir?
“Azərbaycanda əmtəəlik neftin hasilatının azalması bu kəmər vasitəsilə qazax neftinin daha çox hissəsini daşımaq şansları yaradır”
Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Rusiya region ölkələri üçün etibarsız bir tərəfdaşa çevrilməkdədir. Bu ölkənin ərazisindən keçən kommunikasiyalar da zamanla ya bağlanır, ya da Ukrayna ilə müharibə səbəbindən tam təhlükəli bir hala gəlirlər. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün bu baxımdan çox önəmli bir ölkədir. Heç də təsadüf deyil ki, Mərkəzi Asiya ölkələrinin liderləri Azərbaycan prezidenti İlham Əliyevi özlərinin məşvərətçi platformasında iştirak etmək üçün dəvət edirlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı dedikləri də sıradan fikirlər deyil. Zəngəzur dəhlizinin gələcək imkanlarından bəhs edən qardaş ölkə prezidenti deyib ki, bu dəhliz sadəcə bir yol demək deyil, bu dəhlizdən boru xətləri, yaşıl enerji xətləri və digər xətlər keçəcək. Deməli, Zəngəzur dəhlizinin əsas hədəflərindən biri də gələcəkdə Mərkəzi Asiya ölkələrinin neft və qazının Avropaya çatdırılması olacaq. Qazaxstan neftinin bir hissəsi Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə daşınır. Azərbaycanda əmtəəlik neftin hasilatının azalması bu kəmər vasitəsilə Qazaxıstan neftinin daha çox hissəsini daşımaq şansları yaradır. Hesab edirəm ki, Azərbaycan tərəflə razılaşmalar əsasında bu baş tutacaq. Unutmayaq ki, Qazaxıstan neftini Qərbə daşıyacaq digər variantlar çox baha başa gələn daşımalar ola bilər. Odur ki, Azərbaycanla dostluq və qardaşlıq münasibətləri fonunda Qazaxıstan neftinin Azərbaycan üzərindən maksimum daşınmasına rəvac veriləcək. Bu daşımalar üçün hər hansı bir yolun olması şərt deyil. Şərt odur ki, yol həm də təhlükəsiz olsun. Azərbaycan isə bu məsələdə etibarlı tərəfdaşdır”.
Vidadi ORDAHALLI