XƏBƏRLƏR
Fikrət Yusifov: “Aparılan tədqiqatlar bu torpaqların təbii sərvətlərlə nə qədər zəngin olduğunu aşkara çıxaracaq”
Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı ölkəyə çox yaxşı xəbərlər gələcək. Bunu Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı deyib.
Daha sonra ölkə başçısı bunları qeyd edib: “Çünki bu ərazi sovet vaxtında lazımınca tədqiq edilməmişdir və tədqiq edilsə idi belə, yenə də ovaxtkı texnologiyalarla onları tam öyrənmək mümkün deyildi. Yəni, bu gün müasir texnologiyalarla peykdən tədqiqat, zondlama aparılır. Təbii resurslar, o cümlədən qeyri-ənənəvi neft yataqlarının aşkarlanması bir çox hallarda fiziki, yəni, əraziyə girmədən müəyyən edilir. Ona görə mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır. Azərbaycan alimlərini bu işlərə dəvət edirəm, dövlət strukturlarına da göstəriş verirəm. Hesab edirəm ki, yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək”.
Faktiki, Prezident yeni yataqların kəşfi anonsunu verdi. Söhbət konkret hansı iqtisadi gözləntilərdən gedir?
“İqtisadiyyatın bir sıra sahələrində canlanma olacaq və bu da ümumi inkişafa təkan verəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq maliyyə naziri, professor Fikrət Yusifov bununla bağlı bir sıra məqamlara toxundu: “Qarabağ və Şərqi Zəngəzur torpaqlarımız təbiəti ehtiyatlarla olduqca zəngindir. Orada olan təbii ehtiyatlarımız müxtəlifliyi ilə seçilir. Lakin bu torpaqlarda erməni separatçılarının otuz illik işğalı dövründə Azərbaycan heç bir geoloji kəşfiyyat işi apara bilməyib. İşğal səbəbindən bu mümkün olmayıb. Erməni separatçıları otuz ildə bu torpaqlarda təbii resursları vəhşicəsinə istismar edərək regionun ekologiyasına ciddi ziyan vurublar. İnsan heç vaxt öz vətən torpağında belə vəhşilik törətməz. Ermənilərin bu cür vəhşiliyinin kökündə dayanan əsas isə bu idi ki, onlar bu torpaqlarda yad ünsür idilər. Ona görə də ərazilərimizi ekoloji terrora məruz qoyublar. Biz indi, torpaqlarımızın işğaldan azad edilməsindən sonra müstəqil dövlət kimi orada kəşfiyyat işləri aparmağa başlamışıq. Heç şübhə etmirəm ki, aparılan tədqiqatlar bu torpaqların təbii sərvətlərlə nə qədər zəngin olduğunu aşkara çıxaracaq. Bu isə regionun və bütövlükdə ölkənin iqtisadiyyatına yeni töhfələrin verilməsi demək olacaq. İqtisadiyyatın bir sıra sahələrində canlanma olacaq və bu da ümumi inkişafa təkan verəcək. Məskunlaşmaqda olan torpaqlarımızda bu hesaba çoxsaylı iş yerləri yaradılacaq ki, bu da regionda məşğulluğun təmin olunması üçün olduqca vacibdir”.
Vidadi ORDAHALLI