logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Paşinyana ağır ittiham - Revanşistlər müdafiədən çıxır

Paşinyana ağır ittiham - Revanşistlər müdafiədən çıxır

01/11/2025

3 dəq. oxu

Erməni baş naziri çətin imtahan gözləyir - ekspertlərin gözləntisi

Parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda iqtidarla radikal müxalifət arasında informasiya-təbliğat savaşı qızışır. Hökumət həbslər apardıqca opponentlər də hakimiyyəti nüfuzdan salmaq üçün əlindən gələni edir. 

Məsələn, həbsdə yatan Rusiya yönlü oliqarx-milyarder Samvel Karaperyanın təsis etdiyi və seçkilərdə qələbəni hədəfləyən “Bizim Yolumuz” hərəkatının koordinatoru və “Taşir Capital” QSC-nin baş direktoru Narek Karapetyanın iddiasına görə, Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası (DXTK) onların elektrik enerjisi qiymətlərini endirmək təklifini rədd edib.

“Beş ay əvvəl, biz DXTK sədrinə elektrik enerjisi qiymətinin 3,6 milyard dram azaldılması təklifi ilə müraciət etdik, çünki qənaət və itkilərin azalması sistemdə müsbət balansa səbəb olmuşdu. Təklif komissiya sədrinin cavab məktubu ilə rədd edilib. Hakim partiya tərəfindən təyin olunmuş vəzifəli şəxsin niyə bunu rədd etdiyini təxmin edə bilərsinizmi?” - deyə o, provokativ sual verib.

Hələlik hökumətdən ittihama cavab verilməyib. Ancaq aydındır ki, radikal müxalifət bununla əhalinin “həssas yeri”ndən basmaqla onu seçkilər ərəfəsində hakimiyyət əleyhinə kökləmək istəyir. Çünki enerji qiymətləri istənilən ölkədə ərzaq qiymətlərinə birbaşa təsir edir.

Bəs belə üsullarla erməni müxalifəti nə dərəcədə hakimiyyəti gözdən sala bilər?

Professor Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında Paşinyanın indidən qalib gəldiyinin proqnozunu verdi: “Ermənistanda parlament seçkiləri öncəsi Rusiyaya bağlı və Paşinyan hakimiyyətinə müxalifətdə olan toplumun aktivliyi maksimum artacaqdır. Lakin bir böyük həqiqət ondan ibarətdir ki, bu toplum səsvermədə iştirak edəcək elektoratın 20-25%-dən çox deyil və ya ən yaxşı halda 30%-ə yaxın ola bilər. Bu isə o deməkdir ki, müxalifət gələn il keçiriləcək seçkiləri elə indidən uduzub. Ermənistandakı müxalifətin imkanları bundan artıq olsaydı, Paşinyan hakimiyyəti çoxdan səhnədən getmiş olardı. Lakin Rusiyanın da Ermənistandakı ”beşinci kolon"a verdiyi hərtərəfli dəstəyə baxmayaraq, müxalifət seçkilərdə uğur qazana bilmir. Çünki dediyimiz kimi, seçicilərin hardasa ? hissəsi Paşinyan hakimiyyətinin ətrafında cəmləşib və onun kursunu dəstəkləyirlər. Yəni ermənilərin böyük əksəriyyəti anlayırlar ki, Paşinyan Ermənistanı Rusiyanın forpostu statusundan xilas edib, onu normal dövlətə çevirmək istəyir. Ona görə də həmin elektorat bu günə qədər Paşinyanın Ermənistanın müstəqil dövlət olması yolunda etdiklərini yüksək qiymətləndirir. Odur ki, seçkilərdə Paşinyanın partiyasının qalib gələcəyinə şübhə yoxdur". 

Ekspertin fikrincə, Avropa Birliyinin özünün növbəti tədbirini gələn il Ermənistandakı seçkilərdən bir qədər öncə, İrəvanda keçirmək qərarı da təsadüf hesab edilməməlidir: “Bu tədbirə Türkiyə və Azərbaycan prezidentlərinin dəvət olunması və onların bu tədbirdə iştirakı isə (Azərbaycan prezidentinin iştirak etməyəcəyi barədə xəbərlər yayılıb, amma rəsmi təsdiqlənməyib) Paşinyanın dünya siyasət müstəvisində əldə etdiyi uğurların daha bir təsdiqi hesab ediləcək. 

Bütün bunların fonunda deyə bilərik ki, Ermənistanda Rusiyanın dəstəyi ilə Sərkisyan və Köçəryan kimi cinayətkarların və ya onların başqa nümunələrinin yenidən hakimiyyətə gəlməsi mümkün deyil. Düşünürəm ki, seçkilər ərəfəsində və ondan sonra bu yaramaz cinayətkarların pozuculuq hərəkətlərinə cavab olaraq, seçkilərdən dərhal sonra Paşinyan Sərkisyan, Köçəryan və digər Qarabağ canilərini Azərbaycana təhvil verəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Original mənbə