logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

İcra başçılarının “pul xərcləmək yarışı” - sensasion iddia

İcra başçılarının “pul xərcləmək yarışı” - sensasion iddia

24/10/2025

2 dəq. oxu

İlin son rübündə “tender canlanması”nın arxasındakı sirr

“Azərbaycanda bir sıra icra hakimiyyətləri sanki yarışa giriblər. Bu qurumlar ilin sonlarına yaxın xeyli fəallaşıblar. Belə ki, təkcə oktyabrın 21-də üç rayonun İcra Hakimiyyəti tender keçirib”. Bu barədə Tribunainfo.az xəbər verib. 

Bildirilir ki, həmin tenderlərdən birini Saatlı Rayon İcra Hakimiyyəti reallaşdırıb. “Saatlı şəhəri ərazisində yolların əsaslı təmiri işlərini əhatə edən müsabiqənin qalibi "RAPID SERVICES AZERBAIJAN" MMC, dəyəri isə 785 min 163 manat olub. İkinci tender xəbəri isə Ucardan gəlib. Rayon icra hakimiyyəti Ucar şəhərində yolların əsaslı təmir işlərinin satın alınmasını həyata keçirəcək. Bununla əlaqədar “AQROYOL-İNŞAAT” MMC ilə müqavilə bağlanıb. Onun dəyəri isə 336 min 310 manat təşkil edib. Ötən həftə rayondakı abadlıq işlərini un istehsal edən şirkətə həvalə edən Tovuz İcra Hakimiyyəti isə “qəfil dönüş” edib. Belə ki, sözügedən qurum Tovuz rayonunda mənzil fondunun əsaslı təmiri işlərini “AZƏRTRANSS” MMC-yə tapşırıb. Bununla əlaqədar tərəflər arasında 134 min 489 manatlıq müqavilə imzalanıb", - xəbərdə deyilir. 

 Ekspertlər ilin sonuna doğru icra hakimiyyətlərinin intensiv tender keçirmələrini  təsadüfi hesab etmirlər. Bildirirlər ki, bu intensivlik İcra Hakimiyyətlərində büdcə qalıqları ilə bağlıdır. Belə ki, bu dövlət qurumları ilin sonuna kimi onlara ayrılmış büdcəni xərcləməlidirlər. “Əks təqdirdə, növbəti büdcə ilində xərclənməyən hissə qədər ayrılmalar azaldılır. Yəni növbəti ildə icra hakimiyyətləri daha az büdcə almalı olurlar. Ona görə də ilin sonuna kimi ayrılan büdcəni xərcləyirlər ki, növbəti il az büdcə almasınlar”. 

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, yerlərdə belə “tender canlanması” anlaşılandır: “Yerli icra başçıları yaxşı başa düşürlər ki, ilin sonuna qədər onlara ayrılan vəsaitlərdən maksimum istifadə etməsələr, xərclənməyən pullar ilin sonunda geriyə, xəzinədarlığın hesabına qaytarılacaq. Digər tərəfdən, ilin sonuna yaxın büdcə xərclərinin artması yeni ənənə deyil. Biz əgər büdcədən xərcləmələrin zamanla həcmlərinə baxsaq, ilin son rübündəki xərcləmələrin ilin digər rübləri ilə müqayisədə daha artıq olduğunu görə bilərik. Xərclərin ilin sonunda daha çox olmasını şərtləndirən bir başqa səbəb isə il ərzində yerinə yetirilmiş layihələr üzrə borcların tam bağlanması kimi öhdəliklərin icrası ilə də bağlı olur”.

Fikrət Yusifov qeyd etdi ki, icra başçıları ilin sonuna yaxın “tender canlanması”nın bir başqa və əsas səbəbi, mərkəzdən ayrılan vəsaitlərin yerlərə məhz indi daxil olması ilə bağlıdır: “Yəni yerli İcra hakimiyyətləri büdcələrinə subsidiya daxil olan kimi nəzərdə tutulmuş tenderləri də tez bir zamanda keçirib həm də "öz maraqlarını" reallaşdırmağa can atırlar. Hər kəsə məlumdur ki, tenderlərin keçirilməsində heç də həmişə şəffaflıq təmin olunmur. Buna dair çoxsaylı faktlar sadalamaq mümkündür. Şübhə etməyin ki, “tender canlanması”nın başlıca səbəbi də elə budur... Bütün bunlar və icra hakimiyyətlərinin fəaliyyətindəki, digər ciddi nöqsanlar bir daha sübut edir ki, sovetlər dönəmindən “yadigar qalmış” bu paslanmış idarəçiliyin ləğv edilməsinin zamanı çatıb".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Original mənbə