logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Kremlin “yeni SSRİ” arzusuna moldovan zərbəsi

Kremlin “yeni SSRİ” arzusuna moldovan zərbəsi

01/10/2025

4 dəq. oxu

Moldovadakı seçkilərin nəticələri Rusiyanın postsovet məkanında təsir dairəsini sürətlə itirdiyini təsdiqlədiMaya Sandu tərəfindən yaradılan “Fəaliyyət və həmrəylik” Partiyası seçicilərin 44,13% faizinin səsini alıb. Digər avropayönlü siyasi təşkilat “Alternativ” bloku isə 8% səs toplayıb. Rusiya ilə münasibətlərin bərpasının tərəfdarı olan “Vətənpərvərlər bloku” 28,25% səs alıb. “Vətənpərvərlər bloku”na keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi Sosialist Partiyası, digər keçmiş prezident Vladimir Voroninin rəhbərlik etdiyi Kommunist Partiyası və keçmiş baş nazir Vasile Tarlevin (2011-2008) “Moldovanın gələcəyi” Partiyası daxil idi.


Parlament seçkilərində seçici fəallığı 52 faiz təşkil edib. Bu, o deməkdir ki, Kreml növbəti dəfə Moldovadakı seçkini uduzub. Bu seçkilər Rusiyanın xüsusilə Ukrayna müharibəsindən sonra postsovet məkanında təsir dairəsini sürətlə itirdiyini təsdiqləyir. Rusiyanın açıq-aşkar dəstək verdiyi bir seçki blokunun məğlubiyyəti Moskvaya ciddi zərbədir. Nəzərə almaq lazımdır ki, Avropaya inteqrasiya da indilikdə cəlbedici trend deyil, çünki Avropa Birliyinin özündə də ciddi böhran yaşanır. Amma buna baxmayaraq Moldova seçim qarşısında yenə avrointeqrasiyanı seçdi.


Moldovada baş verənlər gələn il Ermənistanda keçiriləcək kritik parlament seçkilərində Rusiyanın revanşın çətin olacağının da bir göstəricisidir. Ermənistan Avropa Birliyinə inteqrasiya tərəfdarıdır və bu, Rusiyanın maraqlarına ziddir. Çünki Moldovadan fərqli olaraq Ermənistan Rusiya ilə “iç-içə”dir, Kremlin patronajlıq etdiyi təşkilatlarda üzvdür. Ona görə Moldovadakı məğlubiyyət Kremlin Ermənistan planlarını alt-üst edə bilər. Eləcə də son illər postsovet şinelindən çıxmış Mərkəzi Asiya ölkələrinin Moskvadan daha müstəqil kurs yeritməsi də Kremlin yuxusunu qaçırıb. Rusiyanın Azərbaycanla münasibətlərində məlum gərginlik nisbətən səngisə də, Bakı-Moskva münasibətləri hələ də məsafəli və soyuqdur. Ümumi təhlillər də göstərir ki, Rusiya təkcə Cənubi Qafqazda deyil, keçmiş postsovet məkanında təsirlərini sürətlə itirməkdədir.


Sabiq maliyyə naziri, professor, iqtisadi və siyasi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a dedi ki, Sovet İttifaqı dağıldıqdan sonra Rusiya Belarusdan başqa bu birlikdə olmuş ölkələrdən heç biri ilə sağlam münasibət qura bilmədi: “Heç şübhəsiz ki, Belarusun da Rusiya sevgisi səmimi deyil. Bunu belaruslar da, ruslar da çox yaxşı bilirlər. Belarus Rusiyaya olan "isti münasibətə" bəlli səbəblərdən hələlik məcburdur. Heç şübhə etmirəm ki, bir müddət sonra Belarusda da Rusiyaya qarşı Ukraynanın Rusiyaya bu illər ərzində sərgilədiyi münasibəti görə biləcəyik. Mən Belarusa dəfələrlə səfərlər etmişəm və oradakı yerli insanların bu məsələdəki əhval-ruhiyyəsini çox yaxşı bilirəm. Baltikyanı ölkələr, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan və Mərkəzi Asiya respublikaları nədən Rusiyaya nifrət püskürürlər? Çünki Rusiya bu illər ərzində bu ölkələrin hər birində daxili qarışdırmaq, çirkin yollarla onların daxili işlərinə müdaxilə etmək, xalqları bir-birinin üzərinə saldırıb qarşıdurma yaratmaq və bəzən isə dünya siyasət meydanında heç kimin ağlına gələ bilməyən yaramazlıqlarla məşğul olub. Bax budur Rusiyanın qonşu ölkələrə münasibətdə sərgilədiyi xarici siyasətin fəlsəfəsi! Belə bir dövləti və onu idarə edən hökuməti və bu hökuməti dəstəkləyən xalqı kim sevər? Heç kim! Bu gün Rusiya bu müstəqil dövlətlərin hər birində “5-ci kolon”u “bəsləməklə” nələrəsə nail olmaq istəyir. Lakin Rusiya hakimiyyəti anlamır ki, artıq dünya onların təsəvvür etdiyi dünya deyil, sürətlə dəyişir, indiki insanların həyata baxışları keçən əsrin 60/70-ci illərində yaşamış insanların baxışları ilə müqayisə edilə bilməyəcək dərəcədə fərqlidir. Artıq insanlar Rusiyanın bir dövlət kimi xislətini tam anlayıblar və ona nifrət edirlər. Bu nifrəti şiddətləndirən son hadisə isə Ukraynaya qarşı başladılmış işğalçı müharibə oldu".


Sabiq nazirin sözlərinə görə, bu gün Rusiya içəridən çökür: “Qərbə Rusiyanı çökdürməyin yeni modelini işləyib hazırlamaq lazım olmadı. Qərb Sovetlər İttifaqını daxildən hansı üsulla çökdürə bilmişdisə, indi də eyni üsulla Rusiyanı daxildən çökdürür. Və belə bir durumda Rusiya hökuməti öz ambisiyalarından əl çəkmək istəmir. Ermənistanda seçkiləri neçənci dəfə uduzdular, Moldovada neçənci dəfə eyni aqibəti yaşadılar. Gürcüstanda da uduzmaqlarına çox qalmayıb. Azərbaycanla körpüləri yandırdılar, Mərkəzi Asiya dövlətləri də artıq Rusiyanın sözü ilə oturub-durmaqdan tam uzaqlaşıblar. Belə olan halda Rusiya ilə dostluq etmək üçün kim qaldı? Heç kim!”


Cavanşir ABBASLI,

“Yeni Müsavat”


Original mənbə