XƏBƏRLƏR
Sentyabrın 4-də baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistanın hakim partiyası Türkiyə ilə münasibətlərə birbaşa dəxli olan təqdiredici addım atıb. Hakim fraksiya qondarma “erməni soyqırımı”nı inkar etdiyinə görə cinayət məsuliyyətinin artırılması təşəbbüsünü rədd edib. Bununla da əslində tarixin hansı tərəfində olduğu barədə Ankaraya mesaj verib.
Qeyd edək ki, Fransa belə bir qanunu çoxdan qəbul edib.
Uydurma soyqırım iddiası isə Türkiyə ilə münasibətləri normallaşdırmağa əsas maneələrdən biri sayılır. Bunu Paşinyan da bilir. Odur ki, o və komandası bacardığı qədər bu məsələnin ictimai həssaslığını azaltmağa çalışır. Bu məsələ kilsə və radikallar tərəfindən geniş manipulyasiya edilir.
Paşinyan hökuməti, konkret olaraq XİN başçısı Ararat Mirzoyan qondarma “erməni soyqırımı”nın tanınması məsələsinin artıq xarici siyasətdə prioritet olmadığını bəyan edib. Ona kimi isə Paşinyan Osmanlı imperiyasında guya 1.5 milyon erməninin qətl edilməsini şübhə altına alan açıqlama vermişdi...
Bəs Paşinyan öz xalqını saxta tarixin ağır “mirası”ndan qurtara biləcəkmi?
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında çox yaxşı sual yaradan durumun ortaya çıxdığını bildirdi: “Paşinyan hakimiyyətə gəldiyi ilk gündən erməni tarixində bu toplumun normal bir dövlətinin olması uğrunda açıq və reallıqlara söykənən bir mübarizəyə baş vurub. Bu yolda o, daxildən və xaricdən böyük basqılara məruz qalsa da, demək olar ki, öz hədəflərinə çatmaq uğrunda yorulmadan mübarizə aparır. İndi Ermənistanda, elə bizim özümüzdə də çoxları Paşinyana sual verir - necə olur ki, sən hakimiyyətə yeni gələndə ”Qarabağ Ermənistandır" deyirdin, ancaq sonradan bunun tam əksini dedin? Bir dəfə o, səhv etmirəmsə, Türkiyəyə səfəri zamanı jurnalistlərin bu şəkildəki sualına “öncə belə lazım idi” cavabını vermişdi. Onun bu sözlərinin arxasında nələr gizlənir?
Paşinyan hakimiyyətinin ilk illərində erməni toplumunun çoxluğu hələ Qarabağ reallıqlarını dərk etməkdən uzaq idi. Paşinyan çox yaxşı bilirdi ki, qarşıda Azərbaycanla böyük müharibə gözlənilir və o, həm də çox yaxşı anlayırdı ki, Ermənistan bu müharibədə biabırçı bir məğlubiyyətlə üz-üzə qalacaq. Bunu bilə-bilə belə bir müharibənin başlamasına imkan vermək nə demək idi? Bax, burada ən böyük gerçəklər ortaya çıxır. Bu müharibə baş verməli və onun nəticəsində Ermənistan ağır məğlubiyyətə düçar olmalı idi ki, Paşinyan erməni toplumunun böyük bir kəsiminə başa salsın ki, bu torpaqlar bizim deyil. Bu torpaqlar Azərbaycanındır və dünya birliyi bu məsələdə Azərbaycanın tərəfindədir, Fransa kimi bir dövlətin bizi dəstəkləməsi ilə bu torpaqları mənimsəmək mümkün deyil! Gerçəkdən də Paşinyanın bu taktikası işlədi. Müharibə zamanı o, hakimiyyətin başında olsa da, müharibəni uduzmağın əsas günahkarlarının köçəryanlar və sərkisyanlar olduğuna xalqını inandıra bildi. Elə bunun nəticəsi idi ki, Paşinyan ağır məğlubiyyətli müharibədən dərhal sonra keçirdiyi seçkilərdə böyük səs çoxluğu ilə qalib gəldi".
Sabiq nazir onu da qeyd etdi ki, Paşinyan Ermənistanda normal bir dövlət qurmaq uğrunda mücadilə edir və o bu yolda ermənilərin Qarabağ iddialarından da, qondarma “erməni soyqırımı”ndan da vaz keçməyin vacibliyini vaxtında dərk edib: “Son zamanlarda Paşinyanın Azərbaycan Prezidenti ilə əlaqələr yaratmaq uğrundakı çabaları, onun Türkiyəyə səfəri kimi addımları sıradan bir gedişlər deyil. Bu adımların nəticəsidir ki, bu ilin avqust ayının 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflandı.
Paşinyan “Qarabağ Azərbaycandır” dediyi kimi, “Erməni soyqırımı qondarmadır” da dedi. Bununla da “erməni soyqrımı”nı illər uzunu Türkiyə təzyiq kimi istifadə edənlərin üzünə tutarlı şapalaq vurdu.
İndi əsas məsələ Cənubi Qafqazı yüz illər boyu münaqişə ocağına çevirməklə burada ağalıq etmək istəyən ayını buradan qovub çıxartmaq və bu regionda sülhü, əmin-amanlığı bərpa etməkdir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”