XƏBƏRLƏR
Kremlin ideoloqu dövlətlərin müstəqilliyini hədəf alıb; o, Putinin mövqeyini ifadə edir?
“Rus dünyası”nın tanınmış ideoloqlarından biri, Kremlin “beyni” adlandırılan Aleksandr Duqin postsovet ölkələrinin müstəqilliyini hədəf alan növbəti fikirləri ilə gündəmə gəlib. O, Ukraynaya qarşı işğalçı müharibənin yeni Rusiya imperiyasının yaradılmasının açarı olduğuna eyham vurub.
Duqin Ukraynanın ardınca bütün postsovet məkanının “udulduqdan” sonra Rusiyanın “sərt şaquli hakimiyyətə malik, hər hansı muxtariyyətlərin və liberal dəyərlərin olmadığı millətlərüstü makrodövlətə” inteqrasiyasını təklif edib. Onun modelində azlıqların hüquqları formal olaraq qorunub saxlanılır, lakin siyasi subyektivlik məhv edilir və “ənənə” ideologiyasına çevrilir, Qərb modeli üzrə insan haqları rədd edilir.
Bu barədə o, mayın 28-də “Rusiyanın indiki geosiyasətində avrasiyaçılıq” seminarı zamanı söyləyib.
Duqinə görə, keçmiş sovet respublikalarının inteqrasiyası Rusiyanın Ukraynadakı hərbi kampaniyasının nəticələrindən asılıdır. Yəni o, açıq şəkildə postsovet ölkələrini, onların müstəqilliyini hədələyib.
“İnteqrasiya sürəti Ukraynadakı uğurumuzdan asılıdır, çünki bu, bizim üzləşdiyimiz Avrasiya proksisidir. Avrasiyanın əsas ideyası ondan ibarətdir ki, Ukrayna vahid İmperiyanın bir hissəsi olmalıdır. Söhbət ittifaq formatlarından yox, Moskva mərkəzli tam hüquqlu geosiyasi birləşmədən gedir”.
Duqinin bu sayıqlaması nə dərəcədə rəsmi Kremlin və ya Putinin mövqeyini ifadə edir? Konkret olaraq Azərbaycan bu kimi açıqlamaları ciddiyə almalıdırmı?
Siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında Rusiyanın bir bəla olduğunu bildirdi. Sabiq nazir eyni zamanda, şimal qonşumuzun Ukrayna savaşından sonrakı hədəfi ilə bağlı təxminlərini bölüşdü: “Bu fikirlər Duqinə məxsus deyil, onların müəllifi Rusiya prezidenti Vladimir Putindir. Sadəcə olaraq o, öz istəyini Duqin kimi alətlərin vasitəsilə bəyan edir. Buna qədər Putinin ən böyük sözçüsü başqa bir sərsəm - Vladimir Jirinovski idi. Dünya bu gün Rusiya bəlası ilə üz-üzədir. Mən ”bəla" sözünü təsadüfən istifadə etmirəm. Doğrudan da Rusiya bu gün bütün dünya üçün bir bəlaya çevrilib. Bu bəladan qurtulmağın yeganə yolu isə dünyanın aparıcı güclərinin bir araya gələrək Rusiyanın qarşısına çıxmasından keçir. Dünya birliyi nə yolla olursa-olsun Rusiyanın bu ambisiyalarının qol-qanad açmasına imkan verməməlidir. Təəssüflər olsun ki, Qərbin və ilk növbədə ABŞ-ın iqtisadi maraqları hələ dünyanın üzləşdiyi Rusiya probleminin çözülməsi qarşısında bir əngəl olaraq qalır".
F.Yusifov sual etdi ki, baxın, Ukrayna ilə müharibənin başladığı zamandan Rusiyaya qarşı tətbiq edilən sanksiyalar necə işləyir: “Bu sahədəki durum bərbad vəziyyətdədir desək, yanılmarıq. Qərbin Rusiyanı neft-qaz gəlirlərindən məhrum etmək istiqamətində atdığı addımlar tam formal xarakter daşıyır. Rusiya Ermənistan kimi başıpozuq dövlətlərin vasitəsilə öz hərbi sənayesi üçün lazım olan bütün məhsulları Qərbin istehsalçılarından rahatlıqla alıb gətirir və bu hesaba istehsal etdiyi müasir silahlarla Ukraynanın başına od ələyir. ABŞ prezidenti Donald Trampın isə, Putinin nazı ilə oynaması, Rusiyanın əl-qolunu daha geniş açır. Ən acınacaqlı olan budur ki, Qərb Ukraynaya qarşı işğalçı müharibəni durdurmaq üçün bu günə qədər Ukraynaya kosmetik xarakterli hərbi və maliyyə yardımları etməkdən o tərəfə keçə bilmir...
Duqin nə qədər sərsəm olsa da, onun dedikləri doğrudur. Rusiya bu müharibədən qalib çıxarsa, o, ilkin olaraq hər hansı bir formada olursa-olsun Sovet İttifaqını bərpa etmək istəyəcək. Təbii ki, ruslar bu ittifaqı onun süqutundan əvvəlki vəziyyətə həmin an qaytarmaq istəməyəcəklər. Onlar bu işi tədricən, zamanla, addım-addım görmək istəyəcəklər".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”