XƏBƏRLƏR
ABŞ-ın xarici yardım siyasətindəki kəskin dəyişikliklər BMT-ni ciddi şəkildə sarsıdıb
Donald Trampın ABŞ-ın üzvü olduğu beynəlxalq təşkilatların əsas donorlarından biri olmasından imtina etmək istəyi BMT-nin gələcəyini təhdid edir.
ABŞ-da dövlət vəsaitlərinin xərclənməsinə nəzarət edən büdcə idarəsi ölkə prezidentinə və Konqresə BMT-nin sülhməramlı əməliyyatlarını maliyyələşdirməyi dayandırmağı təklif edib və bunu ölkə büdcəsindən xarici xərclərin azaldılması zərurəti ilə izah edib. İdarə bildirib ki, milyonlarla amerikalı vergi ödəyicisinin pulları səmərəsiz xərclənir.
Yada salaq ki, Birləşmiş Ştatlar BMT-nin bütün büdcəsinin 22%-ni (3,7 milyard dollar) verir, üstəlik, dünyada sülhməramlı əməliyyatlara xərclənən 5,6 milyard dolların 27%-i ABŞ-ın üzərinə düşür.
Ekspertlərə görə, maliyyə ixtisarları ABŞ prezidenti tərəfindən təsdiqlənərsə, oktyabrın 1-dən qüvvəyə minəcək. Demək, BMT-nin alternativ variant üçün 4 ay vaxtı qalıb. Ondan sonra ya BMT-də “kəmərsıxma” dövrü başlanacaq, ya da ümumiyyətlə, dağılma prosesi start götürəcək. BMT onsuz da mühüm problemlərin həllində acizliyə görə nüfuzunu itirməkdədir, maliyyə dəstəklərini itirdikləri halda isə böhran daha da dərinləşəcək.
Beləliklə, mövcud siyasi reallıqlar, münasibətlər sistemi göstərir ki, BMT-nin axırı yoxdur. Görünür, bu şişmiş təşkilat yaxın gələcəkdə buraxılacaq və yerində daha yığcam, az maliyyə tələb edən effektiv təşkilat yaranacaq.
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Azərbaycanın BMT-yə üzvlük haqqı ödəməsinə heç bir əsas görmür: “Donald Tramp hələ birinci prezidentlik dövründə dövlət vəsaitlərinin xərclənməsi sahəsində qayda yaratmaq istiqamətində bir çox işlər görməyə qalxmış, hətta ölkəsinin bir sıra beynəlxalq təşkilatlardakı üzvlüyünə son vermişdi. Hakimiyyətə ikinci dəfə qayıdışı ilə o, nəinki ABŞ-ın bir sıra beynəlxalq təşkilatlardakı üzvlüyünə son verməyi, humanitar yardımları kəskin azaltmağı hədəfləyir. Tramp bu dəfə eyni zamanda ABŞ-ın daxili xərclərini ciddi şəkildə ixtisar etməyi hədəfləyib. O, bu məqsədlə xüsusi bir qurum yaradıb və milyarder İlon Maskı həmin quruma rəhbər təyin edib. Növbəti il üçün Donald Tramp administrasiyası ABŞ Dövlət Departamentinin büdcəsini təxminən yarıya qədər, humanitar yardımları isə 54% azaltmağı təklif edir. BMT və NATO-nun maliyyələşdirilməsi isə tamamilə dayandırıla bilər. Əslində BMT kimi dişsiz bir təşkilatın indiki şəkildə qalması dünyanın bugünkü reallıqları baxımından heç bir məntiqə sığmır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının dərhal və qeyd-şərtsiz aradan qaldırılması barədəki 4 qətnaməsini sonda Azərbaycan Ordusu təmin etdisə, biz bir dövlət olaraq bu təşkilata nədən üzvlük haqqı ödəməliyik? ABŞ da ona lazım olduqda dünyanın istənilən bölgəsində, istənilən ölkədə istədiyi hərbi əməliyyatları keçirir və bunun üçün ona BMT Təhlükəsizlik Şurasının qərarları belə lazım olmur. BMT ilə bağlı bu gerçəklər ortadadırsa, o halda ABŞ bu təşkilata nədən milyardlarla dollar üzvlük haqqı ödəməlidir. BMT ya format olunaraq yenidən təşkil edilməli, ya da beynəlxalq təşkilat kimi öz fəaliyyətinə xitam verməlidir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”