logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Avropa Rusiya ilə ticarətə tam embarqo qoymağa hazırlaşır - Kreml inanmaq istəmir...

Avropa Rusiya ilə ticarətə tam embarqo qoymağa hazırlaşır - Kreml inanmaq istəmir...

20/05/2025

3 dəq. oxu

Fikrət Yusifov: “Rusiya iqtisadiyyatı çöküşə doğru gedir”

Məlum olduğu kimi, Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar 17-ci sanksiya paketini təsdiqləyiblər.

Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib ki, Aİ 200-ə yaxın kölgə donanma gəmisini hədəf alan Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib: “Yeni tədbirlər hibrid təhdidlərə və insan hüquqlarına da toxunur. Rusiyaya qarşı daha çox sanksiyalar hazırlanıb. Rusiya nə qədər uzun müddət müharibə aparırsa, bizim cavabımız bir o qədər sərt olur”.

Bu arada bəzi Rusiya ekspertləri iddia edir ki, Rusiyadan Aİ-yə malların ixracının köklü şəkildə azalmasına baxmayaraq, bir sıra həssas mövqelər qalmaqdadır və onlardan imtina etmək Avropa İttifaqının özü üçün çox ağrılı olar. Guya Avropa İttifaqı 4 məhsuldan imtina edə bilməz. 1.Təbii qaz. 2.Azot və kalium gübrələri. 3.Aİ-yə metal idxalının təxminən 5-7%-i Rusiyanın payına düşür. Lakin Avropa sənayesi üçün vacib olan müəyyən növlər üzrə Rusiyadan idxalın payı 20-30%-ə çatır. 4.Nüvə yanacağı.

Necə mümkün deyil ki, Avropa Rusiyadan qaz idxalını əhəmiyyətli dərəcədə azaldıb. Nüvə yanacağına gəldikdə, Macarıstan və Slovakiyadan başqa Rusiyadan bunu alan yoxdur. Bu ölkələrə də Aİ-də münasibət mənfidir. Digər tərəfdən, məgər Aİ Rusiyanın metalına, gübrəsinə möhtacdır? Ukraynada müharibə başlayandan onsuz da Qara dənizdən Rusiya gübrəsinin ixracı dayanıb. Bir sözlə, Rusiya ekspertinin səsləndirdiyi bu iddiaların hansısa əsası varmı?

“Bu ölkə təbii resurslar üzərində dayanır, yaşayır və nəfəs alır”

Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, deyilənlər əsaslı deyil: “Rusiya 75 milyard dollar dəyərində təbii sərvətlərə sahib bir ölkədir. Daha doğrusu, bu ölkə təbii resurslar üzərində dayanır, yaşayır və nəfəs alır. Qərbin tətbiq etdiyi sanksiyalar fonunda indi onun xilası bu resursları necə sata bilməsindən bilavasitə asılıdır. Sanksiyalar isə bunu əngəlləyir. Bu səbəbdən Rusiya iqtisadiyyatı çöküşə doğru gedir. ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna qarşıdurmasında Ukrayna prezidenti Vladimir Zelenskini deyil, Rusiya prezidenti Vladimir Putini dəstəkləməsi olduqca düşündürücüdür. Bu müharibəni başa çatdırmaq üçün hər vəchlə sülh danışıqlarından yayınan Rusiya prezidenti ilə ABŞ prezidenti arasında sanki bir qarşılıqlı anlaşma yaranıb. Bəs Trampın özünü çılğın aparan, sülhdən qaçan Rusiya prezidentinə qarşı loyal münasibət bəsləməsinin kökündə nələr dayana bilər?

Hesab edirəm ki, Putin bir qədər öncə heç də əbəs yerə ABŞ prezidentinə Rusiyanın təbii ehtiyatlarını birgə istismar etməklə bağlı təklif ünvanlamadı. Görünən budur ki, həmin təklifdən sonra tərəflər arasında bir anlaşma meydana gəlib. Tramp bütün məsələlərin həllində olduğu kimi, Rusiya-Ukrayna müharibəsinin həllinə də biznes və iqtisadi maraqlar prizmasından baxır. Bu Trampın fəaliyyətinin fəlsəfəsidir desək, yanılmarıq. O, Ukrayna ilə də eyni qaydada davranır. Ərəb ölkələrinə səfəri zamanı da “biz sizləri müdafiə edirik” deyib, onlarla da trliyon dollarlarla ölçülən kontraktlar bağladı. Yəni bu adam ölkəsi üçün iqtisadi dividend gətirməyən hər hansı bir addımı məqbul saymır. O səbəbdən də təsadüfi deyil ki, Rusiya qazını alıb Avropaya satmaq kimi bir təklifdə bulunur. Təbii ki, bu zaman qazı mümkün qədər ucuz alıb, mümkün qədər baha satmağı düşünür. Hesab edirəm ki, yaxın gələcəkdə biz Trampın bunu Rusiyanın bütün təbii sərvətlərinə tətbiq edəcəyinin şahidi olacağıq”.

Vidadi ORDAHALLI

Original mənbə