logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Rusiya “5-ci kolon”ları yenidən dirçəldir - Azərbaycana təhlükə

Rusiya “5-ci kolon”ları yenidən dirçəldir - Azərbaycana təhlükə

02/05/2025

3 dəq. oxu

Ekspertə görə, yaxın dövrdə Moskvanın Cənubi Qafqazda açıq və təxribatçı fəaliyyəti özünü hiss etdirəcək, Bakı da önləyici tədbirlərinə indidən başlamalıdır...

Rusiya Prezidentinin Administrasiyası Ermənistanda parlament seçkilərinədək rusiyapərəst siyasətçiləri (“beşinci kolon”) və informasiya siyasətini gücləndirmək qərarına gəlib. Bu sahə ilə məşğul olmaq Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya və ona tabe olan idarələrin əməkdaşlarına həvalə edilib. Bu barədə “Vedomosti” məlumatlı mənbələrə istinadən məlumat yayıb. 

Nəşrin digər mənbəsi qeyd edir ki, Kiriyenkonun Ermənistandakı vəzifəsi Rusiyanın maraqlarını təmin etmək üçün “yumşaq güc”dən istifadə etməkdir. Onun sözlərinə görə, artıq informasiya işlərinə başlanılıb və seçkilərə yaxın  “qarşıya yeni vəzifələr qoyulacaq”. Həmsöhbət qeyd edib ki, hazırda Ermənistanda əvvəlkilərdən - Serj Sərkisyan və Robert Köçəryandan başqa rusiyayönlü siyasətçi yoxdur. “İndi məsələ seçkilərlə bağlı deyil, Rusiyanın orada olmasıdır”-mənbə deyib.

“Vedomosti” mənbələrinin məlumatına görə, Kiriyenkonun rəhbərliyi altında Prezident Administrasiyası Ermənistanın daxili siyasət idarəsi (rəhbəri Andrey Yarin), sosial proseslərin monitorinqi və təhlili şöbəsi (Aleksandr Xariçev) və ictimai layihələr şöbəsi (Sergey Novikov) üçün cavabdeh olacaq.

Bəs bu kimi hazırlıqlar, "beşinci kolon"ları yenidən dirçəltmək və gücləndirmək qərarları Azərbaycanda da mümkündürmü? Sirr deyil ki, bəzi rusiyapərəstlər, xüsusilə PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev  hakimiyyətdən uzaqlaşdırılandan sonra Rusiyanın “beşinci kolon”u xeyli zəifləyib.

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Rusiya Cənubi Qafqazın hər üç ölkəsində  “5-ci kolon” yaratmağa maraq göstərib: “Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibədən sonra çoxları düşünürdü ki, Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləyəcək. Bu, gerçəkdən baş versə də bütövlükdə Rusiyanın bu regionda mövqelərinin əsaslı şəkildə zəiflədiyini demək mümkün deyil. Rusiya dünyanın ondan üz çevirdiyi indiki dönəmdə Cənubi Qafqaz ölkələrində öz mövqelərini möhkəmləndirməyə çalışır. Rusiyanın bu çabalarına baxmayaraq, Cənubi Qafqaz respublikalarında hadisələr heç də onun istədiyi kimi cərəyan etmir. Paşinyan hakimiyyətinin qərbyönlü siyasətini həzm edə bilməyən Rusiya artıq neçə ildir ki, onu devirmək üçün çaba göstərir, lakin istədiyi nəticəni ala bilmir. Çünki erməni toplumunun böyük əksəriyyəti Rusiyanın paslanmış "erməni sevgisinin" arxasında nələrin dayandığını fərq edərək Paşinyan hakimiyyətini dəstəkləyir. İndi Rusiyanın Ermənistandakı “5-ci kolon”unun başında Ermənistanı bir dövlət kimi korrupsiya və rüşvət yuvasına çevirərək məhvə sürükləmiş sərkisyan və köçəryanlar dayanır. Bu simasını itirmişləri isə erməni toplumunun böyük əksəriyyəti oğru kimi tanıyır. Odur ki, Rusiyanın Ermənistanda bu oğrular vasitəsilə nəsə edə biləcəyi ağılabatan deyil.

Gürcüstanda da vəziyyət formaca başqa cür olsa da məzmunca Ermənistanda olduğu kimidir. Bu gün rusiyayönümlü qüvvələr burada hakimiyyət başında olsalar da son hadisələr onların mövqelərinin nə qədər kövrək olduğunu ortaya qoydu.

Azərbaycana gəldikdə isə Azərbaycan hökumətinin ağıllı gedişləri nəticəsində rus qoşunlarının Qarabağdan rədd olub getməsindən sonra buradakı “5-ci kolon” da yetərincə zəiflədi. Lakin bu bizi qətiyyən arxayın etməməlidir. Rusiyanın ölkəmizdəki bağları zəif deyil. Biz ayıq olmalı, baş verən prosesləri yaxından izləməli və düşünülmüş gedişlər etməklə “5-ci kolon”un fəaliyyətini tam nəzarətdə saxlamalıyıq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Original mənbə