XƏBƏRLƏR
Sabiq nazir: “Regionun açar dövləti Azərbaycandır, bura yalnız sağlam əməkdaşlıq təşəbbüsləri ilə gəlmək mümkündür”
BMT-nin Bakıda keçirilən COP29 qlobal iqlim tədbirinin bir həftəsi arxada qaldı. Ötən iş həftəsi konkret olaraq Azərbaycana hansı iqtisadi, siyasi və təbliğati dividentlər gətirdi və ya vəd edir? İlkin yekunlar, nəticələr nə deyir?
Böyük Britaniyanın “The Telegraph” qəzeti Prezident İlham Əliyevin SIDS Sammitindəki çıxışını geniş işıqlandırıb. Ölkənin “The İndependent” nəşri də tədbirin yaxşı təşkil edildiyini vurğulamaqla, Azərbaycanla bağlı pozitiv məqalə dərc edib. Bəs ABŞ nəşrləri niyə susur?
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi, Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov bu təzyiqlərin arxasında bölgəyə girmək cəhdlərinin olduğunu görür: “Dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi qərarının qəbulundan ötən müddət ərzində bu tədbirin ölkəmizdə keçirilməsini istəməyən güclər bütün imkanlarını bir araya gətirərək belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsini boykot etməyə çalışdılar. Lakin alınmadı. Qərbin bu sıradan olan ədalətsizliklərinə bir qayda olaraq öz əməli işləri ilə cavab verən Azərbaycan növbəti dəfə bu basqılara sinə gərdi.
Qərb nədən Azərbaycana qarşı bu qədər ədalətsiz bir mövqedə dayanır? Qərbin bu seçiminin kökündə nələr var? Azərbaycanın hansı addımları Qərb dairələrinin maraqları ilə toqquşur? Bütün bu sualların cavabı yetərincə aydındır.
Ermənistan hərbi birləşmələri tərəfindən torpaqlarımızın 30 il işğal altında saxlandığı zaman kəsiyində Qərbin bu problemin çözülməsi istiqamətində sərgilədiyi ikili standartları nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan xalqı unutmayacaq. Bu 30 ildə nə ABŞ, nə də Avropa Birliyi torpaqlarımızın işğaldan azad edilməsi yolunda heç bir əməli addım atmadı. Yeganə edə bildikləri ATƏT-in Minsk Qrupu adı altında saxta bir təşkilat yaradıb, 30 il ərzində onun bölgəyə mənasız səfərlərini təşkil etmək oldu. Ondan o yana keçə bilmədilər. Dünyanın istənilən ölkəsinə BMT Təhlükəsizlik Şurasının razılığı olmadan, min bir bəhanə tapıb hərbi müdaxilə edənlər, 30 il ərzində işğal olunmuş torpaqlarımızdan erməni hərbi birləşmələrinin rədd edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təmin edə biləcək bir addım belə atmaq istəmədilər.
Problemin çözülməsinə Qərbin belə yanaşmasını görən Azərbaycan hökuməti sonda öz ordusu ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi. Məhz Azərbaycanın bu addımından sonra Qərbin ona qarşı basqıları daha da artdı. Qərb Fransa kimi işğalçı və dünyada siyasi əxlaqa sığmayan əməlləri ilə tanınan bir ölkənin əli ilə Azərbaycana təzyiqləri artırmaqda davam etdi. Azərbaycanın bir milyon qaçqın və köçkününü, Qarabağ torpaqlarımızda daşın daş üstündə qalmadığını görməzdən gələn bu siyasi dəllallar indi də Qarabağdan öz istəyi ilə rədd olub getmiş erməniləri ora qaytarmağın yollarını axtarırlar. Bu, erməni sevgisi deyil! Bu, sadəcə, bölgəyə girmək üçün seçdikləri yoldur! Ancaq nə fayda ki, ağılsız bir seçimdir. ABŞ başda olmaqla, Avropa Birliyi və bu birliyin “erməni bacısı” hesab edilən Fransa ortaya nə qədər səylər qoysalar da, heç bir erməni Qarabağa qayıtmaq barədə düşünməyəcək. Qərb anlamır ki, ermənilər 30 ildə Qarabağda o qədər murdar əməllərə imza atıblar ki, onların bu torpaqlara qayıtmağa üzü yoxdur. Baxın, erməni qədər həyasız bir millət belə Qarabağa qayıtmaq yolunun bağlı olduğunu bu şəkildə anlasa da, orta əsirlərin müstəmləkə təfəkkürü ilə nəfəs alan Fransa siyasi dairələri ermənilərin Qarabağa qaytarılması yolunda canfəşanlıq etməkdən usanmırlar".
Sabiq nazir onu da qeyd etdi ki, Azərbaycan hakimiyyəti bu gün dünyaya Qərbin bütün bu oyunlarını alt-üst edən bir siyasət sərgiləyir: “Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən və yaxın gələcəkdə bu istiqamətdə çox önəmli addımların atılmasını təmin edəcək bir ölkədir. Bu gün Qoca qitənin əksər ölkələrinin birləşdiyi Avropa Birliyi adlı bir təsisat artıq Azərbaycana münasibətdə haçalanmış vəziyyətə düşüb. Bu təsisatın sonu tək Azərbaycana münasibətə görə yaxınlaşmır. Bu gün Rusiya-Ukrayna müharibəsində böyük hərbi-siyasi fiaskoya uğrayan Avropa Birliyi dərin iqtisadi və siyasi böhran içərisindədir. Bu gün Avropa Birliyi faktiki olaraq Amerika Birləşmiş Ştatları ilə Çin arasında dünyanı yenidən bölüşdürmək üzrə gedən böyük oyunun qurbanına çevrilməkdədir. Bunun nə qədər gerçək olduğunu bilmək üçün Avropa Birliyi ölkələrinin iqtisadiyyatında son bir neçə ildə baş verən proseslərə nəzər salmaq yetərlidir. Bu ölkələrdə sənaye istehsalı dərin tənəzzül içindədir. Belə bir vəziyyətdə onlar bir tərəfdən Ukraynaya hərbi və maddi yardımlar etməli, digər tərəfdən Rusiyanın hərbi müdaxiləsindən qorunmaq üçün öz hərbi sənayelərini bir neçə dəfə gücləndirməlidirlər. Ancaq necə?”
Müsahibimiz Avropanın Rusiya ilə üz-üzə dayana bilib-bilməyəcəyi barədə yaranan suala da cavab verdi: “ABŞ Donald Trampın hakimiyyətə gəlməsi ilə Ukraynaya hərbi yardımları dayandıracaq. Bu seçim artıq edilib. Deməli, bu addımla ABŞ Avropanı Rusiya ilə üz-üzə qoyacaq. Avropa bu təzyiqə davam gətirə biləcəkmi?
Baxın, bütün bu gerçəklər ortada olduğu bir təqdirdə Avropa Birliyi və onun qondarma təsisatları Azərbaycanda demokratiya və insan haqları axtarışındadırlar. Real olan budur ki, indi onlar gerçəkdən kimdən nə istədiklərini belə anlamırlar.
Azərbaycan isə Qərbin siyasi dairələrinin bütün basqılarına baxmayaraq öz siyasi iradəsini dünyaya nümayiş etdirir. Azərbaycan kiminsə vassalı olacaq bir dövlət deyil! Qərbin böyük gücü hesab edilən Fransa kimi dövlətlərin həzm edə bilmədikləri bax budur. Onlar özlərindən kiçik ölkələrin müstəqil siyasət yürütməsini həzm edə bilmirlər. Bu səbəbdən də əllərinə düşən istənilən fürsətdən Azərbaycana qarşı basqı edirlər.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını uğurla keçirməklə bu siyasətbazların üzünə növbəti sillə vurmuş oldu! Azərbaycan öz müstəqilliyini heç kimə güzəştə getmək fikrində deyil. Beynəlxalq siyasi müstəvidə siyasi çəkisi artan Azərbaycana qarşı basqılar əbəsdir. Cənubi Qafqaza orta əsir müstəmləkə təfəkkürü ilə gəlmək mümkün deyil. Bu məkanın açar dövləti Azərbaycandır. Ona görə də bura yalnız sağlam əməkdaşlıq təşəbbüsləri ilə gəlmək mümkündür".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”