logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2024 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Sosial

Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!

Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!

22/11/2024

3 dəq. oxu

Nazir Emin Əmrullayevin “kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik” fikrinə reaksiyalar - alimlər arasında narazılıq yarada bilər

“Biz ali təhsil müəssisələrində bir fakültə yanaşmasından qaçmağa çalışırıq”. Bunu Milli Məclisin komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, büdcədən ayrılan elmi xərclərin əsas hissəsi əməkhaqlarının ödənişidir: “Biz ödənişi elmi nəticələrə bağlamalıyıq. Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir. Biz 100-ə qədər elmi nəticəsi olan alimə əlavə ödənişlər etməyə başlamışıq. Burada elmi adlara yox, ölçülə bilən elmi fəaliyyətə görə ödəniş olunsun. İslahatların əsası budur ki, pul adlara görə verilməyəcək, elmi fəaliyyət əsas götürüləcək”. 

Qeyd edək ki, Azərbaycanda son illərdə akademiklərin və müxbir üzvlərin sayında azalma baş verir. Rəsmi məlumatlara görə, 2015-ci ildə ölkəmizdə 65 akademik, 113 müxbir üzv olub. Akademiklərin sayı 2020-ci ildə 63-ə, 2021-ci ildə 59-a, 2022-ci ildə 57-yə düşüb. Eyni qaydada müxbir üzvlərin də sayı azalıb. Müxbir üzrlərin sayı 2020-ci ildə 95-ə, 2022-ci ildə isə 87-yə enib.  Akademiklər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləridir. Həqiqi üzv seçilən şəxslər sonradan akademik elmi adını alır, müxbir üzvlərə isə bu ad verilmir. Həqiqi üzv müxbir üzvdən bir pillə daha yuxarı elmi addır. 

Qaydalara görə, akademik öncə müxbir üzv seçilməlidir. Akademiklərin seçilməsinə yalnız akademiklər, müxbir üzvlərin seçilməsinə isə həm akademiklər, həm də müxbir üzvlər səs verir.

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb:  “90-cı illərdə Azərbaycan çətin iqtisadi və maliyyə durumunda idi. Ümumi büdcəmiz 90-cı illərin əvvəlindəki 350 milyon ABŞ dollarından həmin illərin sonlarında bir milyard dollara çata bilmişdi. Ona görə həmin illərdə elmə istəsək də, lazımi vəsait ayırmaq mümkün deyildi. İndi isə dövlətin büdcəsi o illərlə müqayisədə 10 dəfələrlə böyüyüb. Belə olan halda, elmlə bağlı xərclərə əsaslı şəkildə yenidən baxılmalı və paralel olaraq elmə ayrılan vəsaitlərin meyarları müəyyən olunmalıdır. Yalnız əmək haqqı alan alimdən elmi məhsul gözləmək mümkün deyil. Alim elmlə fundamental şəkildə məşğul olmalıdır. Bunun üçün isə vəsait lazımdır. Baxın, bizdə elmi müəssisələrdə nə qədər elmi adı olan alimlər var? Bu, nəticəsiz kəmiyyət göstəriciləridir. Biz elmdə o vaxt inqilab etmiş olarıq ki, elmin kəmiyyət göstəricilərindən konkret nəticələri ortaya qoya bilən keyfiyyət göstəricilərinə keçə bilək. Elmlər Akademiyası sistemində fəaliyyət göstərən elmi institutlar fundamental elmlə məşğul olmalıdırlar. Bu gün bu sualı bizim elm müəssisələrinin rəhbərlərinə verdikdə onlar elmə ayrılan vəsaitlərin azlığından şikayətlənir və bu qədər vəsaitlə fundamental elmi araşdırmaların aparılmasının qeyri-mümkünlüyünü deyirlər. Bu həqiqətdir. Çox təəssüf ki, bu gün Azərbaycanda elmə ayrılan xərclər real aparılan müqayisələrlə Sovet dönəmində Azərbaycanda elmə ayrılan vəsaitdən azdır. Dünyanın inkişaf etmiş ölkələrində elmə həmin ölkələrin ümumi daxili məhsulundan əhəmiyyətli pay ayrılır. Elm və texnikanın  sürətlə inkişaf etdiyi indiki dönəmdə biz də üzümüzü əsaslı şəkildə elmə tutmalıyıq. Unutmayaq ki, biz 44 günlük savaşda da elmin nailiyyətləri ilə ərsəyə gəlmiş silahlarla qələbə çaldıq...”

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Original mənbə

Eyni yazını Tərəf az saytında da oxuya bilərsiniz - https://teref.az/sosial/356566-elmi-adlar-legv-edile-biler-nazirden-sok-sozler.html