XƏBƏRLƏR
İranın ABŞ-dakı 5 noyabr prezident seçkisi ərəfəsi və ya günü İsrailə zərbə endirəcəyinə artıq şübhə qalmayıb. Bunun daha bir bariz sübutu İranın öz hava məkanını bağlamağa hazırlaşmasıdır. Bu barədə Telegram kanalları məlumat yayıb.
Bildirilib ki, İran ordusu 4 noyabr 2024-cü il saat 02:30-dan 6 noyabr 2024-cü il saat 18:30-a qədər hava məkanının bağlanması barədə bildiriş yayıb. Xəbərdarlıqdan dərhal sonra bir sıra media orqanları İranın yaxın 48 saat ərzində İsrailə hücum edəcəyini bəyan edib.
Az öncə ölkənin dini lideri Əli Xomenei bildirmişdi ki, İranın budəfəki cavabı “İsrail üçün daha ağrılı” olacaq.
Bayden administrasiyası isə İranı İsrailə qarşı növbəti hücumla bağlı xəbərdar edib. Bildirilib ki, xəbərdarlıq mesajı Vaşinqtondan Tehrana İsveçrə vasitəsilə ötürülüb. “İran İsrailə cavab verərsə, yəhudi dövlətini cilovlaya bilməyəcəyik”, - xəbərdarlıqda deyilir.
Qeyd olunur ki, zərbələr İraq ərazisindən endirilsə belə, İsrail cavab hücumu həyata keçirə bilər. “Hər şey hücumun nə qədər kütləvi olmasından və onun nəticələrindən asılı olacaq”, - İsrail rəsmilərindən biri nəşrə söyləyib.
Belə görünür ki, İsrailin İrana son zərbəsi (26 oktyabr) doğrudan da çox ağrılı olub.
"Bu gün biz genişmiqyaslı iqtisadi müharibə ilə üz-üzəyik. Düşmən bizi hərbi sahədə məğlub edə bilməz, ancaq iqtisadi müharibə sahəsində problemimiz var".
Axar.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
Həmçinin Pezeşkian ölkəsinə qarşı hücuma cavab verəcəklərini, lakin İsrailin bölgədəki təcavüzünü dayandırıb atəşkəsi qəbul edəcəyi təqdirdə bu cavabın növü və şiddətinin dəyişə biləcəyini bildirib.
ABŞ-ın İsrailə cavab zərbəsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıqları fonunda İran və digər ərəb ölkələrinin rəsmiləri ABŞ-da keçirilən prezident seçkisindən sonra İsrailə güclü kütləvi hücum vəd edir.
Musavat.com “The Wall Street Journal”a istinadla xəbər verir ki, İsrailə qarşı yeni hücum noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkisindən sonra, lakin 2025-ci ilin yanvarında yeni prezidentin andiçmə mərasimindən əvvəl həyata keçiriləcək.
WSJ-nin həmsöhbəti ordunun planları ilə tanış olan yüksək rütbəli iranlı məmurdur, ancaq İranın bu planlarını digər ərəb ölkələrinin rəsmiləri də təsdiqləyir.
Rəsmi qeyd edib ki, Tehran İraq ərazisi də daxil olmaqla İsrailə hücum edə, həmçinin İsrailin hərbi obyektlərinə “keçən dəfəkindən daha aqressiv” zərbələr endirə bilər.
Eyni zamanda hücumda təkcə SEPAH deyil, nizami ordunun əsgərləri də iştirak edəcək, lakin söhbət bölgəyə qoşunların tam yerləşdirilməsindən deyil, SEPAH-a dəstəkdən gedir.
“İnsan itkisinə məruz qalmışıq, ona görə də reaksiya verməlidirlər”, - deyə İran mənbəsi izah edib.
İran İsrailə hücuma hazırlaşmaq üçün ölkə daxilində 74 nöqtədə ballistik raketlər yerləşdirib.
Bu barədə informasiyanı İran rəsmiləri yayıb.
İran İsrailə qarşı cavab hücumunda əvvəlki hücumlarla müqayisədə daha güclü silahlardan istifadə edə bilər.
Tehran əvvəlki hücumlarda olduğu kimi İsrailə cavabını yalnız raketlər və pilotsuz uçuş aparatları ilə məhdudlaşdırmağı planlaşdırmır.
Mənbələr iddia edir ki, bu halda istifadə edilən istənilən raket daha güclü döyüş başlıqlarına malik olacaq.
Xəbərdə İranın İsrailin hərəkətlərinə “hərtərəfli cavab” planlaşdırdığı bildirilir.
5 noyabrdan sonra, xüsusən də Tramp seçilərsə, İsrail-İran müharibəsi başlaya bilərmi?
Bu sualla ekspertlərə müraciət etdik.
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov İran hökumətinin əhaliyə yönəlik etdiyi gedişlərin real nəticələr verdiyini düşünür: “Maraqlı siyasi oyunlar gedir. Son bir ildə İran dünyanın savaş meydanına bir "yenilik" gətirdi. Rəqibini vurmazdan öncə onu bu barədə ətraflı məlumatlandırmağı özünün vəzifə borcu hesab edən İran, görəsən, belə gülünc gedişlərlə kimi aldatmağa çalışır? Heç şübhə etmirəm ki, bu sıradan olan addımlar ilk növbədə İran əhalisinin daha az savadı olan təbəqələrinə - yəni dünyada gerçəkdən nələrin baş verdiyindən xəbərsiz olan və “öz atasından güclü kimsənin olduğuna inanmayan” uşaqlar kimi yalnız öz hökumətinin sözünə inanan və onu hamıdan güclü hesab edən kütlələrə hesablanmış bir gedişdir. Bu sahədə ölkə daxilində İran təbliğatı yetərincə səmərəli nəticələr əldə edə bilib. Bizə bir qədər gülməli görünən bu gedişlər gerçəkdə İranın hökumətinin öz vətəndaşlarının diqqətini İrandakı ağır həyat tərzindən yayındırmağa hesablanıb. Və görünən budur ki, bu bleflər real nəticələr verir. Tarixdə bütün səviyyələrdə olan müharibələrdə hücum əməliyyatlarını maksimum gizli saxlamağa çalışıblar. Səbəb də budur ki, qəfil hücumu heç kim gözləmir və o, bir qayda olaraq hücum edən tərəfə qələbə qazandıra bilir. Mollalar isə tarixin də, həyatdakı gerçəklərin də əksinə hərəkət etməklə hamıdan fərqlənmək istəyirlər. Əslində İsrail də artıq İranı necə vuracağını öncədən bəyan edir. Ancaq İsrailin belə bəyanatlarının arxasında dayanan hərbi gücü İranın hərbi gücü ilə bir tərəziyə qoyulmayacaq qədər fərqlidir. İsrail deyir və dediyini yüksək səviyyədə edir, yəni heç vaxt blef etmir. İran isə...
Ataların bir sözü var - “vuran oğul atasına baxmaz”. İranın bu “dişsiz hücumları” ona heç bir uğur gətirməyəcək. İran bu dəfə də İsrailin hücumlarına cavab verməyə qalxarsa, bu artıq iki dövlət arasındakı qarşıdurmaya başqa bir rəng qatmaq demək olacaqdır. Yəni İsrail onsuz da ABŞ-dakı prezident seçkisindən sonra İranla məsələni yekunlaşdırmaq niyyətindədir. İranın nüvə obyektləri tam sıradan çıxarılana və İrandakı indiki rejim devrilməyənə qədər İsrailin İrandan əl çəkəcəyi inandırıcı görünmür. İsrailin bu məsələdə bu qədər israrlı olmasının səbəbi də İran rəsmilərinin artıq on illərdir ki, İsraili bir dövlət kimi siləcəkləri ilə hədələmələridir. Əgər bir tərəf qarşısındakına “mən səni məhv edəcəm” deyirsə, qarşı tərəf nə etməlidir? O da dünyanın ən ağıllı başlarına sahib yəhudilər ola..."
Sabiq nazir İranla bağlı əsas hədəfi də açıqladı: “Təbii ki, İsrail İrana qarşı başlatdığı müharibəni tam qələbə ilə yekunlaşdırana qədər durmayacaq. İndi İsrailə dayanmaq İranı tam məğlub etmək üçün yetişmiş tarixi şansı əldən vermək demək olardı. İsrail başlatdığı bu müharibədə öncə İranın Yaxın Şərqdəki proksilərini və bundan sonra isə tam gücü ilə onun özünü məğlub edəcək. İsrailin indiki hücumları qarşıdakı filmin jurnalıdır desək, yanılmarıq. Əsas hədəf İran molla rejiminin hakimiyyətdən getməsinə nail olmaqdır. Bu baş verməyincə İsrail dayanmayacaq...”
Cavanşir ABBASLI,
“Yeni Müsavat”