logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2024 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

Dörd günlük iş həftəsinin inanılmaz uğuru

Dörd günlük iş həftəsinin inanılmaz uğuru

29/10/2024

3 dəq. oxu

Azərbaycanda da tətbiq oluna bilər, əgər...

İslandiya dörd günlük iş həftəsini tətbiq edəndən bəri iqtisadi artımın sürətlənməsi qeydə alınıb. Musavat.com xəbər verir ki, bu barədə CNN aparılan araşdırmanın nəticələrinə əsasən məlumat yayıb.

Yeni araşdırmaya görə, İslandiyanın ÜDM-i 2023-cü ildə 5 faiz artıb ki, bu da inkişaf etmiş bir iqtisadiyyat üçün böyük nəticədir. Zəngin Avropa ölkələri arasında yalnız Malta daha yüksək göstəriciyə malikdir. Müqayisə üçün qeyd edək ki, 2006-2015-ci illər ərzində İslandiyanın orta iqtisadi artım tempi ildə cəmi 2 faiz təşkil edib.

Analitiklər ölkənin iqtisadi uğurunu məhz iş həftəsinin azaldılması ilə əlaqələndirirlər. Belə ki, 2015-ci ildən 2019-cu ilə qədər ölkədə bir neçə iri eksperiment aparılıb ki, bu zaman dövlət sektorunda çalışan işçilərin əmək haqqı azaldılmadan iş həftəsi 40 saat əvəzinə 35-36 saata endirilib. Təcrübədə 2500 nəfər, başqa sözlə, o vaxt İslandiyanın işləyən əhalisinin 1 faizindən çoxu iştirak edib.

Tədqiqatçılar müəyyən ediblər ki, əksər iş yerlərində əməyin məhsuldarlığı eyni qalıb və ya yaxşılaşıb, eyni zamanda işçilərin rifahı bir sıra göstəricilər üzrə “əhəmiyyətli dərəcədə” artıb. İslandiya həmkarlar ittifaqları daha sonra ölkə daxilində on minlərlə üzv üçün iş saatlarının qısaldılmasına razılıq verdilər. 2022-ci ilə qədər ölkədə işçilərin 51 faizi daha qısa iş saatına və ya dörd günlük iş həftəsinə keçib. Bu gün islandiyalıların 59 faizi bu formatda işləyir.

Bu həm də kəmiyyətin keyfiyyət üçün artıq meyar olmadığını üzə çıxaran bir nəticə sayıla bilər.

Bəs Azərbaycanda da 4 günlük iş həftəsinə keçid üçün şərait, zəmin, hüquqi baza varmı? 

Professor, iqtisad elmləri doktoru Fikrət Yusifov “Yeni Müsavat”a şərhində qeyd etdi ki, Qərbin inkişaf etməkdə olan ölkələrində dörd günlük iş həftəsinə keçid geniş yayılmaqdadır: “Aparılan sınaqlar göstərir ki, bu iş rejiminin müsbət cəhətləri onun çatışmazlıqlarından daha çoxdur. Belə ki, sınaqlarda iştirak edən yüzlərlə şirkət dördgünlük iş həftəsi zamanı işdə məhsuldarlığın artdığını, xərclərin azaldığını və iş üçün müraciət edən peşəkarların sayının artdığını qeydə alıblar. Belə iş rejimi eyni zamanda işçilərə öz bacarıqlarını təkmilləşdirməyə imkan verir ki, bu da şirkətlərə məhsuldarlığın artırılmasına imkan yaradır. Bəzi hallarda məhsuldarlıq 25%-ə qədər yüksəlir. Bu məsələdə adi bir məntiq də ortadadır. Yaxşı işləmək üçün insan yaxşı istirahət etməli və öz bacarığını artırmalıdır. Bunun üçün bəzən ənənəvi iş həftəsində mövcud olan 2 istirahət günü yetərli olmur. Yerli şəraitdə isə bir çox müəssisələrdə insanlar həftənin şənbə günləri belə işə çağırılırlar və bu zaman onlar ikiqat itki ilə üzləşirlər - həm fiziki yorulurlar, həm də əlavə çalışmağa görə onlara ödəniş edilmir. Belə işçilərin əmək məhsuldarlığı istər-istəməz aşağı olur”.

Professor xatırlatdı ki, koronavirus pandemiyası dönəmində dünyada çox sayda müəssisə onlayn iş rejiminə keçdi: “Aparıcı kampaniyalar bu rejimdə fəaliyyətdən çox məmnun qaldılar. Elə bu səbəbdən də onların əksəriyyəti bu gün də həmin rejimdə fəaliyyət göstərirlər. Hesab edirəm ki, bizdə də ən azından sınaq qaydasında 4 günlük iş həftəsinə keçidlə bağlı addımlar atılmalıdır. Eyni zamanda elə müəssisələr var ki, onlarda məsafədən onlayn işləmək daha səmərəlidir. Hesab edirəm ki, bizdə elə müəssisələr var ki, onlar düşünmədən bu iş rejimlərinə keçə bilərlər. Bu həm onlar üçün, həm də işçilər üçün çox faydalı olar. İşçi evdən çalışırsa, o öz vaxtına, nəqliyyat xərclərinə, yemək və s. digər xərclərə qənaət etmiş olur və eyni zamanda müqayisədə daha az yorulur. Bir sözlə, mütərəqqi idarəçilik təcrübələrini tətbiq etməyin zamanı çatıb. Yeri gəlmişkən,  Azərbaycanda bəzi xarici kompaniyalar 4 günlük iş həftəsi ilə çalışırlar. Əldə etdiyim məlumatlara görə onlar bu iş rejiminin yaratdığı məhsuldarlıqdan çox məmnundurlar”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Original mənbə