logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2024 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

İrəvanın Azərbaycandan qaz alışı üçün daha bir şans açılır - Türkiyənin konsulu xəbər verdi...

İrəvanın Azərbaycandan qaz alışı üçün daha bir şans açılır - Türkiyənin konsulu xəbər verdi...

30/10/2024

3 dəq. oxu

Fikrət Yusifov: “Bu, Naxçıvanın qaz təchizatının yeni və daha etibarlı bir təminatı olacaq”

Jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya bildirib ki, yaxın günlərdə İğdır-Naxçıvan qaz kəmərinin tikintisi başa çatacaq: 

“Türkiyə və Naxçıvan arasında əlaqələrin genişlənməsi üçün mütəmadi olaraq işlər görülür. Bildiyiniz kimi, İğdır-Naxçıvan qaz kəmərinin təməli ötən ilin sentyabr ayında hər iki ölkənin prezidentləri tərəfindən atılıb. Qaz kəmərinin tikintisinin önümüzdəki günlərdə tamamlanacağı gözlənilir”.

Ümumilikdə, İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsinin bölgədəki dövlətlərarası beynəlxalq münasibətlərə nə kimi təsiri olacaq? Çünki burada Türkiyə-Azərbaycan, İran-Azərbaycan məsələsi var. Məsələ ondadır ki, İran Naxçıvana qaz verir. Həmin həcmdə qazı da Azərbaycan Astara üzərindən İrana verir. Bununla bağlı iki ölkə arasında saziş var. Bu baxımdan İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləndən sonra İran-Azərbaycan qaz sahəsində əməkdaşlıqda nə kimi dəyişikliklər gözlənilir? Digər tərəfdən Naxçıvan-İğdır qaz kəmərinin gələcəkdə Ermənistana keçid variantı necə ola bilər? Çünki orada hazır xətt var. Bir neçə ay əvvəl Ermənistan rəsmilərindən biri dedi ki, bizim gələcəkdə Azərbaycan qazından istifadə imkanlarımız da var. Yəni əgər sülh sazişi imzalanarsa, münasibətlər normallaşacaqsa, o zaman əlavə kəmərin tikintisinə ehtiyac olmaz. İğdır-Naxçıvan qaz kəməri vasitəsi ilə Ermənistana da qaz ixrac etmək olar. Ümumən bütün bunları ekspertlər necə dəyərləndirir?

“Sülh müqaviləsi imzalanacaqsa, Ermənistana o halda İğdır-Naxçıvan qaz kəməri ən uyğun bir marşurut hesab edilə bilər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq maliyyə naziri, professor Fikrət Yusifov hesab edir ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanla kommunikasiyaların İran üzərindən deyil, Türkiyə üzərindən qurulması deməkdir: “Bu xəttin istifadəyə verilməsi Naxçıvanın qaz təchizatının yeni və daha etibarlı bir təminatı olacaq. Bir qədər də açıq desək, Azərbaycan qazının birbaşa Naxçıvana çatdırılması demək olacaqdır. Əgər Ermənistan düşdüyü dalandan çıxmaq istəsə, yəni Azərbaycanla sülh müqaviləsi bağlayıb Türkiyə ilə münasibətlərin nizamlanmasına yol açsa, o halda Azərbaycanla iqtisadi əlaqələrin qurulması mümkün olacaqdır. Azərbaycandan qaz almağın mümkünlüyü barədə fikirləri sülh müqaviləsi ətrafında danışıqların getdiyi ərəfədə Ermənistanın baş naziri Nikol Paşinyan və digər erməni rəsmləri bir neçə dədfə səsləndiriblər. Deməli, bunlar Azərbaycan qazını Rusiya qazından daha üstün tutmağa başlayıblar. Olsun! Ancaq bizim Ermənistanla iqtisadi əlaqələrimiz bu ölkənin siyasi davranışlarından çöx asılıdır. Əgər Ermənistan gerçəkdən sülh istəyirsə, o dərhal öz Konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycan torpaqlarına qarşı iddiaları aradan qaldırmalıdır. Yalnız bundan sonra iqtisadi əlaqələrin bərpasından söhbət gedə bilər. Bu sırada, təbii ki, Ermənistana qaz da, neft də, digər məhsulların da satışından danışmaq olar. Sülh müqaviləsindən sonra Ermənistana qaz satışı barədə qərar qəbul ediləcəksə, o halda İğdır-Naxçıvan qaz kəməri ən uyğun bir marşurut hesab edilə bilər”.

Vidadi ORDAHALLI

Original mənbə