XƏBƏRLƏR
İqtisadiyyat
“Azad sahibkarlıq liberal iqtisadiyyatın onurğa sütunudur. Azad sahibkar qanunla qadağan olunmayan fəaliyyətlə məşğul olan və qanunlarının verdiyi bütün imkanlardan yararlanaraq öz biznesini inkişaf etdirən hüquqi və ya fiziki şəxsdir. Azad sahibkarın dövlət qarşısında yeganə öhdəliyi qanunla müəyyən edilmiş vergiləri vaxtında və tam həcmdə büdcəyə köçürməkdən ibarətdir. Bundan dolayı sahibkarın qanunlar çərçivəsindəki fəaliyyətinə heç kim müdaxilə edilə bilməz”.
Bu sözləri Globalinfo.az-a sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib.
O, bir ölkədə yerli və xarici investorların hansı hallarda yatırım etmək qərarı verə biləcəklərinə diqqət etməyi təklif edib:
“Öncə onu deyək ki, istənilən investor, xüsusilə də xarici investor investisiya etmədən öncə, ölkədəki biznes mühitini tam olaraq araşdırır və bu sahədəki reallıqları olduğu kimi dəyərləndirir. İnvestor apardığı araşdırmadan sonra yatıracağı investisiyanın təhlükəsizliyinə tam əmin ola bilirsə, yatırım etmək barədə qərar verir. Əks halda o, bunu etmir və sadəcə üzünü çevirib gedir. Yerli və xarici investor üçün ölkədə investisiyaların qorunmasına dair qanunların mövcudluğu şərt deyil. Onu düşündürən əsas məsələ, bu qanunların ölkə hüdudlarında necə işləməsi, mübahisəli məsələlərin hüquqi müstəvidə necə həll edilməsidir. Əgər ölkədə qanunlar mükəmməl işləyirsə və mübahisəli məsələlərin hüquqi müstəvidə ədalətli həlli mümkündürsə, o halda investor çəkinmədən yatırım edir”.
Sabiq nazirin fikrincə, Azərbaycanda yerli sahibkarların biznes fəaliyyəti üçün ən böyük problemlərdən biri maliyyə vəsaitlərinin əlçatan olmamasıdır:
“Bu gün bankların biznesə təklif etdikləri kredit faizləri istənilən biznesin rentabellik səviyyəsindən yüksəkdir. Bu isə o deməkdir ki, normal halda heç bir sahibkar bu şərtlərlə biznes qurmaq və ya mövcud biznesi genişləndirmək üçün istifadə etməyəcək. Bu gün ölkədə dövlət xətti ilə verilən güzəştli kreditlərin həcmi isə simvolikdir. Yəni 130 milyard manat ümumi daxili məhsulu olan bir ölkədə bir-iki milyard manat güzəştli kredit ən yaxşı halda elə sahibkarların da bir-iki faizinə çata bilər. Bəs qalan sahibkarlar necə olsun? Bu suallar hakimiyyətin aidiyyatı yetkililərini ciddi düşündürməlidir. Mövcud problemi dəfələrlə qaldırdığımıza baxmayaraq, o, öz həllini tapmır ki, tapmır”.
F.Yusifov deyib ki, bir sözlə, ölkədə sahibkarın səmərəli fəaliyyətinin təmin olunması üçün onun maliyyə əlçatanlığı təmin edilməli, hüquq sistemi isə elə bir səviyyəyə çalışmalıdır ki, sahibkar ona həmişə güvənə bilsin və hüquqlarının pozulacağı təqdirdə ədalət məhkəməsi vasitəsilə bunun qarşısının alınacağına əmin olsun…
Zaira Akifqızı