XƏBƏRLƏR
Qarşıdan yeni tədris ili gəlir. Bu il diqqət mərkəzində olan tədris müəssisələrinin başında Qarabağ Universiteti gəlir. Rəsmi məlumata görə, artıq təhsil alacaq tələbələrin Xankəndi şəhərinə köçürülməsi ilə bağlı müvafiq İşçi Qrup yaradılıb. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva məlumat verib ki, tələbələrin Xankəndi şəhərinə giriş icazəsinə universitet tərəfindən dəstək göstəriləcək. A.Quliyeva vurğulayıb ki, tədris öncəsi tələbələrin yerləşdirilməsi zamanı tələbə ilə birlikdə iki nəfər ailə üzvü iştirak edə bilər: “Tələbələrin Xankəndi şəhərinə gəlişi fərdi qaydada həyata keçirilir, lakin yataqxanalara yerləşdirilməsi və şəhərlə tanışlığı prosesini İşçi Qrupu gerçəkləşdirəcək”. (Report)
Qeyd edək ki, yeni tədris ilində Qarabağ Universitetində 1 104 tələbə təhsil alacaq.
Professor Fikrət Yusifov “Yeni Müsavat”a şərhində bildirdi ki, Qarabağ Universiteti dünyanın aparıcı universitetləri cərgəsinə qoşulmalıdır: “Biz bu gün işğaldan azad etdiyimiz Qarabağ bölgəmizi dünyanın diqqətini çəkən, müasir bir məkana çevirmək istəyindəyik. Orada görülən bütün işlərə yalnız bu prizmadan yanaşmaq lazımdır. Qarabağ Universiteti də bu sırada istisna ola bilməz. Bu universitetin rəhbərliyi ən yaxın zamanda onun dünyanın aparıcı universitetləri cərgəsinə qoşulmasını təmin etməlidir. Təbii ki, bunun üçün böyük təşkilatçılıq bacarığı tələb olunur. Bu universitet tək ali təhsil ocağı olmamalıdır. O, eyni zamanda Azərbaycanın Qarabağ həqiqətlərini bütün dünyaya çatdıran bir təhsil ocağı olmalıdır. Bu universitet ilkin mərhələdə ən azından dünyanın top 100 unversiteti sırasında yer almalıdır. Yalnız bu halda deyə bilərik ki, biz Qarabağ adına yaraşan bir universitet yarada bildik. Universitetin indiki rəhbərliyinin təşkilatçılıq bacarığı barədə məlumatım olmadığından, onun bu dediklərimizi gerçəkləşdirə biləcəyi barədə heç nə deyə bilmərəm. Qarabağda Qarabağ Universiteti daxil, quracağımız hər nə varsa, onların hamısı nümunəvi olmalı və biz bu nümunələrlə bir daha dünyaya Qarabağ torpağının əsl sahibinin kim olduğunu göstərməliyik”.
Nigar HƏSƏNLİ