logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

İran BMT-də səs hüququndan məhrum edildi

İran BMT-də səs hüququndan məhrum edildi

05/06/2021

3 dəq. oxu

Azərbaycan nə qədər üzvlük haqqı ödəyir?.. İran iki ildir üzvlük haqqı vermədiyi üçün BMT-də səsvermə hüququndan məhrum edilib. Borc isə təxminən 16.2 milyon dollardır. Cənub qonşumuzun bu hüquqdan məhrum olması gündəmin əsas mövzularından birinə çevrilib və Azərbaycanla bağlı da bir sual yaradıb. İran belə kasıb ölkədir ki, bu məbləği ödəyə bilmir, yoxsa ayrı səbəb var? Ümumiyyətlə, BMT-yə üzvlük haqqı nə qədərdir və necə müəyyən edilir? Azərbaycan üçün illik məbləğ nə qədərdir? Ən çox üzvlük haqqını ABŞ-ın verdiyi qeyd olunur. Əgər bu belədirsə, niyə? Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov İranın üzvlük haqqı ödəməməsində bir neçə səbəb görür: “Birləşmiş Millətlər Təşkilatının büdcəsi təmsilçi ölkələrin ödədikləri üzvlük haqqı hesabına formalaşır. Təşkilatın illik büdcə 3 milyard dollar ətrafında dəyişir. Üzv ölkələrin ödəyəcəyi üzvlük haqqının məbləği onların ödəmə qabiliyyəti, Ümumi Daxili Məhsullarının və xarici borclarının həcmi kimi göstəricilər əsasında müəyyən olunur. BMT-nin illik büdcəsinin 22%-ni (678,6 milyon dollar) ABŞ ödəyir. Çin bu sırada ikinci yerdədir. Bu ölkənin illik üzvlük haqqı BMT-nin illik büdcəsinin 12%-nə bərabərdir (370 milyon dollar). Üçüncü yerdə Yaponiya gəlir. Yaponiya BMT büdcəsinin 8,6%-ni təmin edir (264 milyon dollar ödəyir). Yeri gəlmişkən, ödənilən məbləğlər hər il dəyişə bilir. Yuxarıda göstərdiyimiz ölkələr üzrə ödənişlərin məbləği 2020-ci ilin büdcəsinə aiddir. Birləşmiş Ştatların BMT-nın illik büdcəsinin 1/5-dən çoxunu ödəməsi bu ölkənin iqtisadi qüdrətinin böyüklüyündən irəli gəlir və qeyri-rəsmi olaraq onun təşkilat üzərindəki nüfuzunun daha çox olmasını təmin edir. Azərbaycan BMT büdcəsinin 0,05% qədərində üzvlük haqqı ödəyir. İranın Birləşmiş Millətlər Təşkilatına üzvlük haqqını ödəməməsinin bir neçə səbəbi mümkündür. İlk öncə İran bu təşkilatdan həmişə narazıdır. Çünki BMT İrana qarşı Qərbin, ilk növbədə ABŞ-n tətbiq etdiyi sanksiyalarla bağlı demək olar ki, heç nə etmir və ya edə bilmir. Digər tərəfdən ABŞ-la İran arasında Donald Tramp hakimiyyəti dönəmində münasibətlər gərginləşib pik həddə qalxmışdı. ABŞ-n indiki administrasiyası da hələlik İranla bağlı heç bir pozitiv addım atmayıb və münasibətlərdəki gərginliyi azaltmaq üçün edilmiş bütün çağırışlar hələ ki, sözdə qalıb. Ona görə də İran hökuməti bu gün daha çox ABŞ-ın təsir dairəsində olan BMT-yə qarşı aqressiv münasibət sərgiləməkdə davam edir. Bu münasibətin nəticəsidir ki, İran BMT-nin Baş Assambleyasında səsvermə hüququndan məhrum edildi. Bir sözlə, İran beynəlxalq müstəvidə ona qarşı sərgilənən münasibətin dəyişməyəcəyini yaxşı bildiyindən artıq pul xərcləmək istəmir".