logo
logo

Copyright © 2023 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Sosial

Fikrət Yusifov: “Bu şəxslər uğurlu kadr olsaydılar, bu cür səmərəsiz idarəçilik olmazdı”

Fikrət Yusifov: “Bu şəxslər uğurlu kadr olsaydılar, bu cür səmərəsiz idarəçilik olmazdı”

31/03/2021

3 dəq. oxu

“Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni” QSC-lərin, eləcə də Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin nizamnaməsi və strukturu dəyişəcək. Məlum olduğu kimi, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, dövlət şirkətlərində Müşahidə Şurası yaradılır. Eyni zamanda, Azərbaycan İnvestisiya Holdinqi adları çəkilən dövlət şirkətlərinin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün dövlət başçısına təqdim etməlidir. Bütün bunları etməkdə məqsəd dövlət şirkətlərinin rentabelli çalışmasının təmin edilməsidir. Çünki dövlət şirkətlərinin böyük əksəriyyəti öz sahəsində inhisarçı olmasına baxmayaraq, nəinki pul qazanmır, hətta ziyanla işləyir, dotasiya almaq üçün hər dəfə dövlət büdcəsinə müraciət edir. Büdcədən böyük məbləğdə borc götürürlər. Bir müddət əvvəl Prezident də dövlət şirkətlərinin səmərəsiz işlədiyini, dövlətə borclu olduqlarını xüsusi qeyd etdi. Sözügedən 4 şirkətin hamısı borc içində olan şirkətlərdir. Bütün bunların fonunda, məlum qərar nəyi dəyişəcək? O cümlədən, sözügedən qurumlara rəhbərlik edən şəxsləri uğurlu kadrlar saymaq olarmı? “Bir belə yardımlar edilir, sözügedən qurumlar mənfəətlə işləmək əvəzinə, zərərlə fəaliyyət göstərirlər” Məsələyə münasibət bildirən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun fikrincə, sözügedən qurumlara rəhbərlik edən şəxslər uğurlu kadr olsaydılar, həmin dövlət qurumları borc içində olmazdı: “Bu qurumların hər biri dövlətə məxsusdur. Dövlətin bu təşkilatlara yetərincə dəstəyi var, amma əfsuslar olsun ki, bu təşkilatların fəaliyyəti gözləntiləri doğrultmayıb. “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni” QSC-lər müxtəlif formada büdcədən dotasiyalar, dövlət zəmanəti ilə xaricdən kreditlər alırlar. Bütövlükdə, dövlət onlar üçün nə lazımdır edir. Ancaq bunların müqabilində ortada səmərəli fəaliyyət yoxdur. Qurumlar borc içində üzürlər. Deməli, işi düzgün təşkil edə bilməyiblər. Bir belə yardımlar edilir, sözügedən qurumlar mənfəətlə işləmək əvəzinə, zərərlə fəaliyyət göstərirlər. Müşahidə şuralarının yaradılmasında məqsəd odur ki, bu cür səmərəsiz fəaliyyətə son qoyulsun. Ancaq qurumların başında duran şəxslərin işi səmərəli qurmasından çox şey asılıdır. Faktiki olaraq onların səmərəsiz fəaliyyəti ortadadır. Bir təşkilata dövlət bu qədər dəstək verirsə, yardım edirsə, buna rəğmən yenə zərərlə işləyirsə, deməli, rəhbərlik edən işini düzgün təşkil edə bilmir. Bu o deməkdir ki, sözügedən qurumlara rəhbərlik edənlər yerində deyil. Bu şəxslər uğurlu kadr olsaydılar, bu cür səmərəsiz idarəçilik olmazdı. Bakıdan xaricə uçuşların qiyməti çox bahadır. Gürcüstanla müqayisədə 4 dəfə fərq var. Bir belə baha qiymətə baxmayaraq, yenə ziyanla işləyirlərsə, buna nə ad vermək olar?”. Professor hesab edir ki, bütün bunlar rəhbərliyin yerində olmadığını əyani şəkildə ortaya qoyur.