logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Sosial

Donordan bu qaydada şikayət nə qədər etik bir hərəkətdir? - Fikrət Yusifov QHT rəhbərlərini qınadı

Donordan bu qaydada şikayət nə qədər etik bir hərəkətdir? - Fikrət Yusifov QHT rəhbərlərini qınadı

28/05/2023

3 dəq. oxu

Bu günlərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi cari ildə üç istiqamət üzrə keçirdiyi müsabiqənin qaliblərini elan etdi. Qaliblər elan edildikən sonra bəzi QHT rəhbərləri bu müsabiqələrdə qalib olmamaları səbəbindən mətbuat vasitəsilə narazılıqlarını cəmiyyətə bəyan etməyə başladılar. Donordan bu qaydada şikayət nə qədər etik bir hərəkətdir?  İnsanlar bu addımları atarkən bəzi mühüm məqamları sanki tamamilə unudurlar.

Mən 2014-cü ildən QHT məkanında baş verən prossesləri izləyirəm. Açığını deyim, ölkə Prezidenti cənab İlham Əliyevin iki il öncəki Sərəncamı ilə QHT-lərə Dövlət dəstəyi həyata keçirən qurumda aparılan köklü dəyişikliklərlə bu qurumun yeni, daha müasir və eyni zamanda maksimum şəffaf fəaliyyətinin əsası qoyuldu.  Agentliyin yeni rəhbərliyinə müasir çağrışları yetərincə dəyərləndirməyi bacaran, təşəbbüskar və intellekt səviyyəsi yetərli olan icraçı direktorun gətirilməsi ilə bu sahədə o vaxta qədər mövcud olmuş bir çox nöqsanlar aradan qaldırılmağa başlandı. Bu gün Agentlikdə mövcud olan kollektiv idarəçilik nəticəsində neqativ hallar demək olar ki, yox səviyyəsindədir. Ən azından apardığımız müşahidələr bunu deməyə əsas verir. Elan edilmiş layihələr üzrə qaliblər ciddi araşdırmalar aparıldıqdan sonra müəyyən olunur. QHT camiyəsində uzun müddətdir fəaliyyət göstərənlər əvvəllər bunların belə olmadığını yaxşı bilirlər.

Agentliyin keçirdiyi müsabiqələrdən narazılıq edənlərə isə deyəcəklərim bunlardır. Öncə onu bilin ki, keçirilən istənilən müsabiqədə kimlərsə mütləq məğlub olmalıdır – hamı qalib ola bilməz ki... Yaşıl meydanda futbol oynayan iki komandadan biri qalib olduqda, məğlub olan komandanın üzvləri qalib komandanın üzvlərinin əlini sıxıb, onları təbrik edirlər və sonra gedib məğlubiyyətlərinin səbəblərini araşdırıb, nəticə çıxarırlar ki, növbəti dəfə məğlub olmasınlar.  

Bəs biz nə üçün bunu edə bilmirik? Keçən il Agentliyin keçirdiyi “Şuşa” layihəsində mənim də rəhbərlik etdiyim təşkilat 22 qalib QHT sırasında oldu. ABŞ-ın Kaliforniya ştatının paytaxtında və onun ən iri San-Fransisko şəhərində iki böyük tədbir keçirməyi hədəfləmişdik. Müsabiqə prosesində bu layihədə qalib olmaq üçün Agentliyə sənəd təqdim etmiş bir çox QHT rəhbərləri kimi mən də xüsusi komissiyaya dəvət olundum və orada ABŞ-da bu layihəni necə reallaşdıracağımı əsaslandırdım. “Şuşa” layihəsi üzrə qaliblər elan edildikdən sonra müsabiqədən keçə bilməyən bir çox QHT rəhbərləri özlərini çox çılğın apardılar, mətbuat vasitəsilə narazılıqlar;nı ifadə etməyə başladılar. O zaman mən mətbuat vasitəsilə belələrinə müraciət etdim ki, kim ABŞ-ın Kaliforniya ştatında, bir milyondan artıq erməninin yaşadığı bir məkanda, bizim yerimizə “Şuşa “layihəsi keçirmək istəyirsə, buyursun, biz geri çəkilməyə hazırıq.

Bilirsiniz, bir çoxları başa düşmək istəmirlər ki, müsabiqələrdə qalib olmaq üçün ora təqdim olunan sənədlər elə tərtib edilməlidir ki, Agentliyin mütəxəssisləri həmin sənədləri araşdırarkən bu layihənin gerçəkdən keyfiyyətlə icra ediləcəyinə inansınlar. Baxın, keçən il “Şuşa” layihəsinə QHT-lər tərəfindən təqdim olunmuş  sənədlərin yarısı düzgün tərtib edilməməsi səbəbindən heç baxılmamış geri qaytarılmışdı, qəbul edilən 270 müraciət isə baxılaraq,  22 QHT qalib elan edilmişdi.

Qalib olmuruqsa bunun səbəblərini özümüzdə axtarmalı, müsabiqələrə təqdim etdiyimiz sənədlərin və əsaslandırmaların yetərli olması üzərində düşünməliyik. Hay-küylə layihə qalibi olmaq mümkün deyil. Bu qədər emosionallıq heç kimə baş ucalığı gətirməz...

Fikrət Yusifov,

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri,

iqtisad elmləri doktoru, professor