logo
logo

Copyright © 2023 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Sosial

"Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi bu qədər simvolik olmamalıdır..."

"Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi bu qədər simvolik olmamalıdır..."

15/01/2023

4 dəq. oxu

Bu gün ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) ən ciddi problemi onların maliyyə vəsaitlərinə əlçatanlığının təmin edilməsidir. Hökumət 2014-cü ildə ölkəmizdə pozuculuq işləri ilə məşğul olan bəzi qeyri-hökumət təşkilatlarına dəstək verən bir sıra xarici “donor” təşkilatların fəaliyyətini dayandıran qərar qəbul etdi. Bu qərar nə qədər doğru olsa da o eyni zamanda ölkədə normal  fəaliyyət göstərən digər xarici donor təşkilatlarnın da fəaliyyətinin dayandırılmasına səbəb oldu. Hal-hazırda Azərbaycanda qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyi göstərən yeganə və əsas qurum dövlət adından çıxış edən Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
     
2023-ci ildə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə Dövlət büdcəsindən 6,4 milyon manat vəsait ayrılmışdır. Dövlət büdcəsi xərclərinin 33 milyard manatda çox olduğunu nəzərə alsaq, ölkədə fəaliyyət göstərən 3000-dən çox (ümumilikdə 4500) qeyri-hökumət təşkilatı üçün ayrılan bu vəsaitin (ümumi Dövlət büdcəsi xərclərinin 0,02%-i qədər) nə qədər simvolik olduğu şübhə doğurmaz. 
     
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ona Dövlət büdcəsindən ayrılmış vəsaitlər çərçivəsində keçirtdiyi müxtəlif müsabiqələrin qalibi olan qeyri-hökumət təşkilatları çətinliklə də olsa bu gün fəaliyyət göstərə bilirlər.  Lakin Agentliyə ayrılan vəsait o qədər azdır ki, belə layihələrlə cəmisi bir neçə yüz qeyri-hökumət təşkilatlarını əhatə etmək mümkün olur.  
     
Əgər Dövlət xarici donorların fəaliyyətinə icazə vermirsə və ya onların fəaliyyətini maksimum məhdudlaşdırırsa, bu halda ölkədə vətəndaş cəmiyyətinin maliyyə problemlərinin həlli ilə bağlı məsələlər dövlətin üzərinə düşməlidir. Bir sözlə, əgər dövlət QHT-lərin əsas donoru rolunda çıxış etməyi öz üzərinə götürürsə, onun bu gün qeyri-hökumət təşkilatlarına ayırdığı vəsaitin həcminin ən azı bir neçə 10 dəfə artırılması labüddür. Vəsait azlığı nəinki, QHT camiyyəsində fəaliyyət göstərən bir çox təşkilatlara layihələr vasitəsilə dəstək verməyə imkan yaratmır, bu həm də bir çox hallarda səmərəli ola biləcək layihələrin aşağı keyfiyyətlə icra olunmasına gətirib çıxarır. 
     
Dövlətin idarə olunmasında Vətəndaş cəmiyyətinin rolunun əvəzsiz olduğunu nəzərə alsaq, bu sektorun maliyyə problemlərinin həlli işində əsaslı dönüş etməyin vaxtının çatdığı şübhəsizdir. 
     
Qeyri-hökumət təşkilatlarının bir başqa problemi, qalib olduqları müsabiqələrdə əldə etdikləri layihələrin icrası ilə bağlı AR Hesablama Palatası tərəfindən aparılan yersiz, məntiqsiz və bəzən gülünc doğura biləcək “hesablamalardır”. Palata tərəfindən qeyri-hökumət təşkilatlarının icra etdikləri layihələr çərçivəsində bəzən verilmiş ziyafətlərdə yemək yemiş insanların sayının foto və video materiallar vasitəsilə müəyyənləşdirilməsinə, hətta yeməklərin çeşidlərinin araşdırılmasına dair “yoxlamalar” insanlarda ikrah hissləri yaratmaqdan başqa heç nəyə xidmət etmir. Fikrimizcə bu sahədəki fəaliyyət kökündən dəyişdirilməlidir.
     
Qeyri-hökumət təşkilatlarının bu gün bir başqa problemi Ədliyyə Nazirliyində 2 ildən bir yenidən qeydiyyatdan keçməkdir. Bu qayda cəmiyyətdə qeyri-hökumət təşkilatlarına dövlətin inamsızlğı kimi dəyərləndirilir. Bu müddətin ən azından 4-5 il olması məntiqə daha uyğundur. Daha bir ciddi problem isə maliyyə vəsaitlərinin çatışmazlığı fonunda qeyri-hökumət təşkilatlarının güzəştli şərtlərlə ofisslə təmin edilməsidir. Düşünürük ki, dövlət bu problemi çox asanlıqla çözə bilər, bunun üçün yetərincə resurslar mövcuddur.
 
P.S.
Bu günlərdə qeyri-hökumət təşkilatlarının Laçın dəhlizində göstərdikləri şücaət bu təşkilatların köməyi ilə cəmiyyət və dövlət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin həllində hansı rol oynaya biləcəyinə əyani bir nümüunədir. Bir sözlə, vətəndaş cəmiyyətinin bu qanadının güclü olması həm cəmiyyət və həm də dövlət üçün olduqca vacibdir.
 
Fikrət Yusifov 
İqtisad elmləri doktoru, professor,
“Ekonomiks” Beynəlxalq İqtisadi 
Araşdırmalar İctimai Birliyinin sədri