MÜSAHİBƏ
Yüksək vergi mədəniyyətinə o zaman nail olmaq mümkündür ki, ölkədə qanunlara ciddi əməl edilsin, əhalinin maddi rifah səviyyəsi yüksək olsun...
Fikrət Yusifov: “Əgər vətəndaş dövlətinin ona qayğısından məmnundursa, o, dövlət qarşısında vergi borcunu da məmuniyyətlə ödəyəcək”.
“Son illər Azərbaycanda Vergilər Xidməti sistemində vergi mədəniyətinin yüksəldilməsi istiqamətində bəzi işlər görülüb. Lakin bu heç də o demək deyil ki, bizdə artıq vergi mədəniyyəti arzu olunan səviyyəyə yüksəlib”.
Bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov vergi sahəsində olan vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.
Bütün dövlətlərin əsas gəlir mənbəyi əhalidən yığılan vergilərdir. Həmin vergilər hesabına formalaşan büdcə təkrarən insanların ehtiyaclarını ödəməyə, onun milli və sosial təhlükəsizliyini qorumağa və azad ölkə qurmağa sərf edilir. Ölkənin varlı olması üçün büdcəyə çoxlu vəsait daxil olmalıdır. Hər bir vətəndaş qazandığı pulun qanunla nəzərdə tutulmuş hissəsini, yəni vergini ödəməlidir. Lakin vergi intizamı, vergi mədəniyyəti olmayan ölkədə bunu etmək çox çətindir.
PİA.az-ın əməkdaşı sabiq maliyyə naziri, professor Fikrət Yusifovla Azərbaycanda olan vergi mədəniyyətini müzakirə edib.
Fikrət Yusifov: “Əgər vətəndaş onun ödədiyi vergilər hesabına formalaşan büdcənin vəsaitlərinin dövlət tərəfindən və ya dövlətin ayri-ayrı məmurları tərəfindən israfçılıqla istifadə olunduğunu, dağıdıldığını, mənimsənildiyini görərsə, bu halda o, belə büdcəyə vergi ödəməkdən məmnun qalmayacaq və imkan düşən kimi vergini ödəməkdən yayınmağa çalışacaq”.
Azərbaycanda vergi mədənoyyətinin formalaşması istiqamətində hələ çox işlərin görülməli olduğunu vurğulayan sabiq nazir PİA.az-a açıqlamasında edib ki, əgər ölkədə sahibkarın fəaliyyətinə məmur müdaxiləsi varsa və bəzən bu müdaxilə öz kobudluğu ilə bütün mümkün olan sərhədləri aşırsa, deməli sahibkar qeyd-şərtsiz vergidən yayınmaq yollarını axtaracaq və “axtaran tapar” prinsipi ilə o, bu yolları tapıb müəyyən edəcək:
“İstənilən ölkədə vergi mədəniyyətinin səviyyəsi orada qanunların necə işləməsindən, biznes mühitin münbitliyindən, vətəndaşların həyat səviyyəsindən və bir çox digər amillərdən asılıdr. Əgər bir ölkədə vətəndaş dövlətinə inanırsa, onu sevirsə, deməli o, birmənalı şəkildə başa düşür ki, onun büdcəyə fiziki və ya hüquqi şəxs qismində ödədiyi vergi, bu dövlətin saxlanması və qüdrətinin artırılması üçün zəruridir. Vergi ödəyicilərində belə əhval-ruhiyyənin formalaşması üçün dövlət vətəndaşda ona sevgi yarada biləcək həssas məqamlara və ilk növbədə sosial məsələlərin həllinə xüsusi diqqət yetirməlidi.
Əgər vətəndaş dövlətinin ona qayğısından məmnundursa, o, dövlət qarşısında vergi borcunu da məmuniyyətlə ödəyəcək. Bu sırada inkişaf etmiş qərb ölkələrinin yaxşı nümunələri var. Başqa bir məqam da olduqca maraqlıdı. Məsələn, əgər vətəndaş onun ödədiyi vergilər hesabına formalaşan büdcənin vəsaitlərinin dövlət tərəfindən və ya dövlətin ayri-ayrı məmurları tərəfindən israfçılıqla istifadə olunduğunu, dağıdıldığını, mənimsənildiyini görərsə, bu halda o, belə büdcəyə vergi ödəməkdən məmnun qalmayacaq və imkan düşən kimi vergini ödəməkdən yayınmağa çalışacaq.
Fikrət Yusifov: “Vergi ödəyicisinin vergidən yayınmasının fəlsəfəsi olduqca sadədir: sahibkar dövlət məmurunun ondan tələb edib aldığı rüşvəti, vergidən yayınmaqla – yəni dövlətdən oğurlamaqla öz “itkilərini” kompensasiya edir”.
Son illər Azərbaycanda Vergilər Xidməti sistemində vergi mədəniyətinin yüksəldilməsi istiqamətində bəzi işlər görülüb. Lakin bu heç də o demək deyil ki, bizdə artıq vergi mədəniyyəti arzu olunan səviyyəyə yüksəlib. Bu istiqamətdə hələ çox işlər görülməlidi. Bu gün əgər ölkədə sahibkarın fəaliyyətinə məmur müdaxiləsi varsa və bəzən bu müdaxilə öz kobudluğu ilə bütün mümkün olan sərhədləri aşırsa, deməli sahibkar qeyd-şərtsiz vergidən yayınmaq yollarını axtaracaq və “axtaran tapar” prinsipi ilə o, bu yolları tapıb müəyyən edəcək.
Dediyimiz halda vergi ödəyicisinin vergidən yayınmasının fəlsəfəsi olduqca sadədir: sahibkar dövlət məmurunun ondan tələb edib aldığı rüşvəti, vergidən yayınmaqla – yəni dövlətdən oğurlamaqla öz “itkilərini” kompensasiya edir. Dövlət bu durumda sahibkarı vergini tam ödəmədiyinə görə nə qədər ciddi cəzalandırsada, belə inzibatı addımlar ölkədə vergidən yayınma probleminin həllinə aparan yol ola bilməz! Biz ilk öncə onu buna vadar edən neqativlər və onların aradan qaldırılması yolları barəsində düşünməyə borcluyuq”.