MÜSAHİBƏ
Sosial
Ölkə Prezidenti cənab İlham Əliyevin son on ildən artıq bir dövrdə ictimai nəzarətlə bağlı çağırışları cəmiyyətimiz tərəfindən yüksək səviyyədə dəstəkləndi. Prezident dövlətin idarə olunmasında vətəndaş iştirakçılığının maksimum təmin olunmasını tələb edir - dövlətin uğurla idarə olunması üçün mövcud neqativlərə qarşı səmərəli mübarizənin bu şəkildə təşkilindən yaxşı nə ola bilər ki? Prezidentin çağırışları, sadəcə sözdə qalmadı, bu nəzarəti həyata keçirmək üçün onun təşəbbüsü ilə real hüquqi bazanın formalaşdırılmasına başlandı. Dövlət başçısının şəxsi təşəbbüsü ilə 2013-cü ilin noyabr ayının 23-də qəbul edilmiş və 2014-cü ilin iyun ayının 1-dən qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”nda bu nəzarəti həyata keçirməyin bütün yolları öz əksini tapdı.
“İctimai iştirakçılıq haqqında” Qanunun qəbulundan sonra bu sahədə bir canlanma başlasa da dövlət qurumlarının bir çoxu qanunun tələblərinə əməl etməyə tələsmədilər. Qanunun tətbiqindən 7 ildən artıq vaxt keçməsinə baxmayaraq bir çox Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanında ictimai şuraların hələ də yaradılmaması bunun əyani sübutudur. Lakin son iki ildə Prezidentin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı etdiyi təsirli çağrışlar bəzi qurumları yerindən tərpənməyə məcbur edib və bu məsələdə bir hərəkətlilik müşahidə olunur.
Ortaya ciddi bir sual çıxır. Bu günə qədər yaradılmış ictimai şuralar nə qədər doğru formalaşdırılıb. Bu ictimai şuraların yaradılmasında hansı neqativlər onların işinin səmərəliliyini praktik olaraq heçə endirir? İctimai şuralara üzvlərin seçilməsində yol verilən neqativləri necə aradan qaldırmaq olar? Bu şuraların işinin səmərəliliyinin artırılmasının hansı yolları var? Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanında yaradılmış ictimai şuralar ölkə Prezidentinin ictimai nəzarəti gücləndirməklə bağlı etdiyi çağırışlara və bu nəzarəti həyata keçirtmək üçün imzaladığı məlum qanunun tələblərinə nə qədər uyğundur? Gerçək olan odur ki, bu sahədə ciddi problemlər yaranıb və onların həlli üçün radikal addımların atılması tələb olunur. Gəlin bu problemlərin üzərində konkret olaraq dayanaq:
- İlk növbədə ayrı-ayrı Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanında ictimai şuraların formalaşdırılmasını təmin edən vətəndaş cəmiyyəti təşkilatları əksər hallarda quruplaşaraq bu şuralara layiq olub olmayan öz namizədlərinin seçilməsinə nail olurlar;
- Konkret faktlar var ki, bir adam bəzən 7-8 ictimai şurada təmsil olunur;
- İctimai şuralara üzv seçilmək üçün namizədliyi irəli sürülən adamın peşəsinin üzv olmaq istədiyi təşkilata aidiyyatının olub - olmamasına heç bir əhəmiyyət verilmir (məsələn, mədəniyyət sahəsinə aid bir insan “Azərsu”, “Azərenerji” və ya “Azəriqaz” kimi sahənin texniki və ya iqtisadi problemlərinin həllinə hansı töhvəni verə bilər?;
- Üzv olduğu təşkilatdan qrantlar alıb həmən təşkilatın sifarişlərini yerinə yetirən adamların bu təşkilatda ictimai şuraya üzv olması və isə heç bir ölçüyə gəlməyən bir əməldir
Nə etmək lazımdır? Mövcud vəziyyəti nizama salmağın hansı yolları var?
- İlk növbədə ictimai şuraların yaradılması üçün vahid qaydalar işləyib hazırlamaq lazımdır;
- Yeni qaydalarda ictimai şuralara üzvlərin seçilməsində peşəkarlıq ön plana çıxarılmalı və bir vətəndaş cəmiyyəti üzvünə yalnız bir təşkilatda təmsil oluna bilmək icazəsi verilməlidi;
- İctimai şuralara seçkilərin keçirilməsi qaydasında elə dəyişikliklər etmək lazımdır ki, ayrı-ayrı qruplaşmaların bir araya gələrək öz namizədlərinin seçkidə qalib gəlməsinə imkan verilməsin;
- İctimai şuralarda təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinin üzv olduqları təşkilatdan qrant alması qadağan edilsin.
- Bu təkliflərin reallaşdırılması məqsədilə indiyə qədər yaradılmış bütün ictimai şuraların buraxılması və onların yeni qaydalarla yenidən təşkilinə başlanılsın.
İctimai nəzarətlə bağlı daha bir ciddi problem son dövrdə sayı sürətlə artan, məqsəd və məramları isə əksər hallarda sağlam olmayan ictimai nəzarət təşkilatlarıdır. Bu sahədəki, pərakəndəliyi və özfəaliyyəti aradan qaldırmaq üçün belə təşkilatların fəaliyyətini qadağan edib, yalnız Ədliyyə Nazirliyində müvafiq qaydada qeydiyyatdan keçmiş ictimai nəzarət təşkilatlarının fəaliyyətinə icazə verilməlidir.
Sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib.