MÜSAHİBƏ
İqtisadiyyat
“Azərsu” ASC 2020-ci ili 323,222 milyon manat xalis zərərlə başa vurub. “Azərsu”yun zərərlə işləməsi bu il də davam edib. Son nəticədə Səhmdar Cəmiyyətin yığılmış zərəri 4,6 faiz artaraq 7 milyard 303 milyon manata çatıb. Ötən il “Azərsu”yun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 184,246 milyon manat (əvvəlki ilə nisbətən 4,55% az), satışlarının maya dəyəri 131,524 milyon manat (21,4% çox), inzibati xərcləri 40,432 milyon manat (29% çox), satış və paylama xərcləri 117,024 milyon manat (13,5% çox), digər əməliyyat xərcləri 207,855 milyon manat (61,4% az), məzənnə fərqindən zərəri 15,508 milyon manat (16,4% çox), digər gəlirləri 7,846 milyon manat (35% az), maliyyə xərcləri 2,823 milyon manat (4,05% çox), icarə öhdəlikləri üzrə faiz xərcləri 63 min manat (16,7% çox), mənfəət vergisi ödəmələri isə 85 min manat (əvvəlki il qənaət edib) təşkil edib. Məlumat üçün qeyd edək ki, “Azərsu” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar Cəmiyyət 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır. Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində istehlakçıların istifadəsi, paylanması və satışın təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir. Belə məlum olur ki, suyun qiyməti 2 dəfə artırılsa da, qurumun zərərlə işləməsi dayanmır, əksinə artır. Maraqlıdır, bunun bir çıxış yolu yoxdurmu? Qurumun zərərlə işləməsinə son qoymaq üçün hansı işlər görülməlidir? “Müxtəlif vasitələrlə qiymətləri şişirdib vəsaitləri mənimsəyiblər” Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov bununla bağlı bir sıra məqamlara toxundu: “Azərsu”yun belə zərərlə işləməsinin başlıca səbəbi əvvəlki rəhbərliyin səriştəsizliyi ilə əlaqədardır. Rəhbərliyin qeyri-ciddi, səmərəsiz, oğru fəaliyyətinin nəticəsidir ki, qurumun zərərlə işləməsi kəskin şəkildə artıb. Elə bu səbəbdəndir ki, orada bir sürü insan cinayət məsuliyyətinə cəlb olunaraq həbs edildi. “Azərsu” ASC-nin sədri işdən çıxarıldı. Onun işdən çıxarılması o demək deyil ki, o bütün bunlara görə məsuliyyət daşımır. 7 milyard manatdan çox zərərin əmələ gəlməsi təsadüfü deyil. Bu, sadəcə olaraq əvvəlki rəhbərliyin dövründə bu və ya digər formada oğurlanan pullardır. Təbii ki, bu mənimsəmələr əsasən tikinti fəaliyyəti və yeni su xətlərinin çəkilməsi zamanı həyata keçirilib. Müxtəlif vasitələrlə qiymətləri şişirdib vəsaitləri mənimsəyiblər. Ona görə də belə biabırçı mənzərə yaranıb. Yoxsa sözügedən qurum bu qədər zərərlə işləməzdi. Vəziyyətdən çıxış yolu olaraq heç bir əsas olmadan qiymətləri artırırlar. Ancaq əslində problem idarəetmədədir. Ona görə də hesab edirəm ki, hüquq-mühafizə orqanları məsələni ciddi araşdırmalıdır. Günahkarlar həbs edilməlidir”. Professor hesab edir ki, bu məsələnin üzərinə getmək lazımdır.