logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

Fikrət Yusifov: “Azərbaycan bütün tərəflərin maraqlarını uzlaşdıra bildi”

Fikrət Yusifov: “Azərbaycan bütün tərəflərin maraqlarını uzlaşdıra bildi”

12/02/2021

5 dəq. oxu

“Biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq”. Bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışı zamanı deyib. Ölkə başçısı qeyd edib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir: “Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Beləliklə, zənnimcə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. Məhz bunun nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olmuşdur”. Prezidentin fikrincə, CQD layihəsinə nəzər saldıqda onun bir çox parametr üzrə olduqca unikal olduğunu görə bilərik: “Onun uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir və həmin ölkələr arasında sıx əməkdaşlıq olmasa idi, onu reallaşdırmaq mümkünsüz olardı. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan, 2500 metr hündürlükdə olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir”. Prezidentin dediyi bu fikirlər sözügedən layihənin region və Avropa qitəsi üçün nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq etmiş oldu. “İstər təchizatçı, istərsə də tranzit ölkələrin əldə etdiyi gəlirlər bütün tərəfləri qane edir” Məsələyə münasibət bildirən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun sözlərinə görə, bu tədbir təməli 10 il bundan öncə qoyulmuş layihə tam istifadəyə verildikdən sonra CQD Məşvərət Şurasının ilk iclası kimi yadda qalacaq: “Cənub Qaz Dəhlizi layihəsi XXI əsrin ən böyük enerji layihəsidir. Belə bir layihəni gerçəkləşdirmək Azərbaycana nəsib oldu. Azərbaycan Qərbin on illər boyu arzuladığı bir layihənin yüksək səviyyədə reallaşdırılmasını təmin etdi. Bununla da dünyada sözünü tutan və lazım gəldiyi hallarda iradəsini ortaya qoyub məqsədinə nail olmağı bacaran bir dövlət imici yaratdı. Belə dövlətlə dünya siyasi müstəvisində hər bir tərəf hesablaşmağa məhkumdur. Bundan sonra biz yeni regional enerji layihələrinin reallaşdırılmasına heç bir çətinlik çəkmədən rəvac verə biləcəyik. Çünki təməli 1994-cü ildə “Əsrin Kontraktı” ilə qoyulmuş Azərbaycanın enerji strategiyası çərçivəsində dövlətimiz Bakı-Tiflis-Ceyhan və Cənub Qaz Dəhlizi kimi nəhəng, nəhəng olduğu qədər də reallaşdırılması mürəkkəb olan layihələri uğurla reallaşdıra bildi. Biz belə nəhəng layihələri uğurla reallaşdıraraq, Qərbin bütün varlığı ilə istədiyi Xəzərin digər enerji resurslarının qoca qitəyə çatdırılması layihələri üçün geniş qapı açmışıq”. F.Yusifov onu da qeyd etdi ki, Azərbaycan bütün tərəflərin maraqlarını uzlaşdıra bildi: “Məsələ ondadır ki, bütün iştirakçı tərəflər bu layihədən faydalanır. İstər təchizatçı, istərsə də tranzit ölkələrin əldə etdiyi gəlirlər bütün tərəfləri qane edir. Ona görə də bütün tərəflər layihənin ərsəyə gəlməsində həvəslə iştirak etdilər. Bax, əsas məsələ bununla bağlıdır. Heç şübhəsiz, gələcəkdə Türkmənistan və Qazaxıstan qazının Avropa bazarlarına çatdırılması üzrə yeni transmilli layihələr də Azərbaycanın təşəbbüsü, rəhbərliyi və idarəçiliyi altında baş tutacaq. Bu isə o deməkdir ki, Azərbaycan Qərb üçün öz əhəmiyyətini daha da artıracaq”. Professor hesab edir ki, belə layihələr Azərbaycanın dünya siyasi müstəvisində gücünə güc verəcək.