GÜNDƏM
Tramp Putinlə danışdıqdan sonra “U” dönüşü edərək Rusiyanın qələbəsinə imkan verməyəcəyini bəyan etdi; Kiyevi nə gözləyir?
Fevralın 12-də nəhayət, ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutdu. Saat yarım çəkən telefon söhbəti Rusiya tərəfdən Qərbin 3 illik böyük informasiya blokadasının yarılması kimi qiymətləndirilib, eyni zamanda, Ukrayna müharibəsi ilə bağlı bir sıra eyforik bəyanatlar səslənib.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin isə bir az da irəli qaçaraq iddia edib ki, Ukrayna dövlətçiliyinin dağılması ilə üz-üzədir. Hərçənd hələ heç bir anlaşma sənədindən söhbət getmir. “Ukraynaya yardımı davam etdirəcəyəm, çünki əks halda Putin qalib gəldiyini düşünəcək”. Bunu Putinlə telefon danışığından sonra Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib. Tramp qeyd edib ki, Rusiya rəhbəri ilə ilk görüşünü Səudiyyə Ərəbistanında keçirmək niyyətindədir.
Bu arada Fransa, Almaniya, Polşa, İtaliya, İspaniya və Böyük Britaniyanın xarici işlər nazirlikləri birgə bəyanat yayaraq, Ukraynaya dəstəklərini bildirib və göstərilən yardımın həcmini artıracaqlarını vəd ediblər. Bu addım Tramp və onun müdafiə nazirinin Kiyevin itirilmiş əraziləri geri qaytara bilməyəcəyi ilə bağlı bəyanatlarına cavabdır. Bütün hallarda əsas sual aktuallığını saxlayır: Ukraynanın taleyi necə olacaq?
Siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov bu mövzuda qeyd etdi ki, Ukrayna ətrafında baş verənlər tam gözlənilən idi: “Müharibənin Ukraynanın məğlubiyyəti ilə yekunlaşacağını əvvəldən desəm də, bəzi ”siyasi ekspertlər" bunun əksini deyib israr edirdilər. Ukraynanın bu müharibədə qalib gələcəyinə inananlar hesab edirdilər ki, Qərb sona qədər onun yanında dayanacaq və lazım olan dəstəyi əsirgəməyəcək. Bunu deyənlər anlamadılar və heç bu gün də anlamırlar ki, beynəlxalq müstəvidə hansı geosiyasi oyunlar gedir və böyük güclər Ukraynanı öz oyunlarına necə qurban verirlər. Ukraynanı bu müharibəyə təhrik edən Avropa ölkələri indi də boğazdan yuxarı danışaraq, onu sona qədər dəstəkləyəcəklərini deyirlər. Artıq bu boş, mənasız bəyanatların heç bir əhəmiyyəti yoxdur. Ukrayna çoxdan barəsində danışdığımız qlobal geosiyasi oyunların qurbanına çevrilib. Ukrayna məsələsində son nöqtənin qoyulmasının zamanı çatıb və bu nöqtəni ABŞ-ın yeni prezidenti Donald Tramp qoyacaq".
F.Yusifov əlavə etdi ki, Ukrayna bu müharibədə mütləq qalib gələcək deyənlərin xəyalları puç oldu: “Heç kim məni Rusiyanı dəstəkləyən biri kimi qəbul etməsin. Mən Rusiyaya da, onun yürütdüyü xarici siyasətə də və xüsusilə də Rusiyanın Azərbaycanla bağlı siyasətinə də nifrət edirəm. Azərbaycanın tarix boyu bütün bəlalarının kökündə Rusiya dayanıb. Lakin gerçəkləri deməyə borcluyam. Sovetlər İttifaqı dağıldıqdan sonra Ukraynaya rəhbərlik etmiş siyasi liderlər Rusiya ilə qarşıdurma yaradıb, onu ildən-ilə dərinləşdirərkən bunun sonunun nə ilə nəticələnəcəyini anlamalı idilər. Lakin onlar bu məsələdə diletant oldular, Qərbin təhriklərinə uyub küyə getdilər. Və bu da nəticəsi... Mən deyirdim Rusiyanın ərazilərinə raketlər atmaqla, dronlarla hücum etməklə bu müharibədə qalib gəlmək mümkün deyil”.
Ekspertin sözlərinə görə, bu gün öz torpaqlarını qoruya bilməyən Ukraynanın hansısa elit hərbi birləşmələrlə Rusiyanın bəzi ərazilərinə girməsi də Kiyevə heç nə verməyəcək: “Bax belə, indi ABŞ ”qoca qitə"ni Rusiya ilə baş-başa qoyub öz maraqlarını daha yaxşı reallaşdırmağın yolları üzərində düşünür. Ona Ukrayna deyil, bu ölkənin ərazisindən və təbii sərvətlərindən yararlanmaq maraqlıdır. Oxucularımız elə düşünməsin ki, Tramp Ukrayna ilə bağlı ABŞ-ın yeni bir strategiyasını müəyyənləşdirir. Xeyir! Bu gün Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı sərgilədiyi nə varsa, onun hamısı Amerika dövlətinin çoxdan müəyyən olunmuş Avroasiya strategiyasından qaynaqlanır. Baxın, əgər Co Bayden hökuməti bu müharibədə Rusiyanın məğlub olmasını istəyirdisə, onda nədən Rusiya neftinin ixracına müharibə başlayan kimi sanksiya tətbiq etmədi və bunu yalnız hakimiyyətdən getməsinə barmaqla sayılan günlər qalanda etdi? Rusiya müharibə apardığı üç il ərzində hər il neftin satışından 300 milyard dollar gəlir əldə edərək rahatlıqla hərbi xərclərini maliyyələşdirdi. ABŞ-ın Avroasiya strategiyasında Rusiyanın bir dövlət kimi məhv edilməsi kimi bir plan yoxdur".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”