logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Sosial

Bakıdakı sıxlıq dövlətin müzakirəsində

Bakıdakı sıxlıq dövlətin müzakirəsində

14/11/2025

4 dəq. oxu

Sabiq nazir: “Prezident bu məsələləri təsadüfən qaldırmadı”

Bu gün ölkəmiz üçün problemli mövzulardan birinin regionlardan paytaxta kütləvi axınıdır. Doğrudur, bu problemin yaranmasının ən azı 35 illik tarixi var. 80-lərin sonunda Ermənistandan qovulmuş 250 min insanın Bakıya yerləşməsi, 90-ların əvvəlində işğal edilmiş ərazilərdən didərgin salınan məcburi köçkünlərin də 90 faizinin Bakı-Abşeron zonasında məskunlaşması bu problemin əsasını qoydu. Amma son illər rayonlardan axının güclənməsi paytaxtda nəzərəçarpacaq əhali və nəqliyyat sıxlığı yaradıb.  

“Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meylləri mövcuddur”. Prezidenti İlham Əliyev noyabrın 12-də yeni icra başçıları ilə görüşündə belə deyib. 

Dövlət başçısı onu da deyib ki, Bakıya axının müxtəlif  səbəbləri var: “Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başa düşüləndir. Ancaq bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir”. 

Ekspertlər hesab edir ki, qeyd olunan problemlərin, xüsusilə də bölgələrdən paytaxta miqrasiya probleminin artıq ən yüksək səviyyədə dilə gətirilməsi və verilən tapşırıqlar problemin tədricən həllinə gətirib çıxarmalıdır. Prezidentin göstərişləri təbii ki, təkcə qəbuldakı başçılara aid deyildi, bütün rayonların rəhbərlərinə aid idi.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, yeni təyin olunan icra başçıları qəbul edərkən Prezidentin bu məsələləri qaldırması, əsasən də rayonlardan paytaxta miqrasiya probleminə xüsusi olaraq toxunması təsadüfi deyil: “Bakı şəhərinin və onun yerləşdiyi Abşeron yarımadasının çoxsaylı müəssisələrlə, mənzillərlə, avtomobillərlə və insanlarla hədsiz yüklənməsi bu gün hər birimizi narahat edən və getdikcə daha da dərinləşən bir problemə çevrilməkdədir. Bakı şəhərində və bütövlükdə Abşeron yarımadasında yaranmış bu sıxlıq, bu ərazidə yaşayan hər bir insanın həyatına bu və ya digər formada təsir edir. İnsanlar bəzən avtomobillə 10-15 dəqiqəyə qət edilməli olan yola  saatlarla vaxt itirməli olurlar. Bakı şəhərində avtomobil park etmək günü-gündən çətinləşir və s. Hər il ölkəyə orta hesabla gətirilən 90-95 min avtomobilin təqribən 90%-ə qədəri Abşeron yarmadasında və xüsusilə də Bakı şəhərində istifadə olunur ki, bu da ildən-ilə şəhərdə sıxlığı daha da artır, avtomobil tıxaclarının daha da böyüməsinə səbəb olur”.

Ekspertin sözlərinə görə, unutmayaq ki, Bakı şəhəri dəniz səviyyəsindən 28 metr aşağı səviyyədə yerləşir və bu göstəriciyə görə o dünya ölkələrinin paytaxtları arasında birinci yeri tutur: “Paytaxtımızın dəniz səviyyəsindən bu qədər aşağı olması da Bakıda atmosferin  daha çox çirklənməsini və ekologiyanın korlanmasını şərtləndirən səbəblərdən biridir. Yeni təyin olunan icra başçıları qəbul edərkən dövlət başçısının rayonlardan paytaxta miqrasiya probleminə xüsusi olaraq toxunması təsadüfü deyil. İnsanlar nədən rayonlardan Bakıya, Abşeron yarımadasına axışır? Çünki bu gün yerlərdə adi bir iş tapmaq belə olduqca çətindir. Yerdə iş tapa bilməyən insan bilir ki, yaşadığı rayondan fərqli olaraq onun Bakıda hər hansı bir iş tapmaq şansı olacaqdır. İnsanlar məhz buna görə əlacsız qaldıqda mərkəzə axışırlar”. 

Sabiq nazir hesab edir ki, bu axının böyüməsinin əsas günhkarlarından biri və birincisi yerlərdə icra hakimiyyətlərinin başında dayanan rəhbərlərdir: “Son 5-6 ildə işdən çıxarılıb həbs edilən 9 icra başçısının biznes imperiyası insanların gözünü qamaşdırır. Bunlar öz biznes imperiyalarını nəyin hesabına qura bilirlər? Təbii ki, ilk növbədə sahibkarların hesabına. Bu o sahibkardır ki, rayonda iş yeri açmaq, rayonun iqtisadiyyatına töhfə vermək istəyir. Lakin təəssüflər olsun ki, sahibkarın yaratdığı biznesi görən kimi, İcra başçıları onlarla "şərik" olmağa qalxırlar. İcra başçısı sahibkara açıq şəkildə deyir ki, sənin bu rayonda fəaliyyətin mənimlə şəriklikdən keçə bilər. Sahibkar buna razı olmadıqda icra başçısı hər vəchlə onun fəaliyyətini əngəlləyir ki, bu da sonda müəssisənin fəaliyyətinin dayandırılmasına və biznesin rayondan çıxıb getməsinə səbəb olur. Bax, sahibkarları bu gün regionlardan qaçırdan əsas bəla budur".

F.Yusifovun sözlərinə görə, icra başçısı sahibkarın qarşısında durmamalı, onun qolundan tutub, dəstək verməli və minnətdar olmalıdır ki, sahibkar onun rəhbərlik etdiyi rayonda yeni iş yerləri açır: “Çox təəssüf ki, bu gün biz bunu görə bilmirik. Nə qədər acınacaqlı olsa da bu gün yerlərdə icra hakimiyyətlərinin yerli və xarici kapitalın regiona cəlb edilməsi sahəsindəki fəaliyyəti qeyri-kafi qiymətə layiq bir səviyyədədir. Ümid edək ki, cənab Prezidentin son  göstərişləri və xəbərdarlığı yerli məmurların işindəki qeyd olunan nöqsanları aradan qaldırmalarını şərtləndirəcək”.

Etibar SEYİDAĞA,

“Yeni Müsavat” 

Original mənbə