logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2024 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Ölkə borc içində batır, amma silah xərclərini artırırlar

Ölkə borc içində batır, amma silah xərclərini artırırlar

30/10/2024

4 dəq. oxu

Gəlirləri və iqtisadiyyatı zəif olan Ermənistanın silahlanmaya həddən artıq vəsait ayırmasının səbəbi nədir?

Prezident İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.

Müdafiə sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bir müddət əvvəl artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən "JF-17C" təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarələrdən olduğunu deyib. Dövlətimizin başçısı bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirdi.

Yeri gəlmişkən, Azərbaycan dünyanın ən güclü orduları reytinqində 29-cu yeri tutur. “News and World Report”un hesabatına görə, hazırkı reytinqə Rusiya başçılıq edir. İlk üçlüyə ABŞ və İsrail də daxil olub, Çin isə dördüncü yerdədir.

Qardaş Türkiyə reytinqdə 10-cu yerdədir.  89 ölkənin daxil olduğu siyahını tamamlayanlar Lüksemburq, Latviya və Sinqapurdur.

Ermənistan 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük idxalçısından birinə çevrilib. “The Times of India” qəzeti öz mənbələrinə istinadən yazır ki, Ermənistan son dörd il ərzində Hindistanla raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə sursat və artilleriya mərmilərinin idxalı üçün bir neçə müqavilə bağlayıb. Ermənistan Hindistan istehsalı olan “Akaş” hava hücumundan müdafiə raketlərinin ilk xarici alıcısı olub.

Bu arada məlum olub ki, 2025-ci ildə Ermənistan hökuməti müdafiə sahəsinə 1,7 milyard dollardan çox vəsait ayıracaq ki, bu da ÜDM-in 6%-ni təşkil edir. Maliyyə Nazirliyinin rəhbəri Vahe Hovhannisyanın sözlərinə görə, müdafiə xərcləri 664,7 milyard dram təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 20% çoxdur.

“İlin sonuna yaxınlaşdıqca Ermənistan iqtisadiyyatında yavaşlama daha çox nəzərə çarpır. Oktyabrın 25-də Milli Statistika Komitəsi 9 ayın yekunları ilə bağlı yeni makroiqtisadi hesabat dərc edib. İqtisadi aktivlik ikirəqəmli 13,2% səviyyəsində, sonra ardıcıl olaraq aydan aya azalaraq, son rübdən əvvəl 8,7%-ə qədər "incəlib". “Qolos Armeniya” xəbər verir ki, 9 ayın yekunu sənaye istehsalının dinamikası da 12.6%-ə qədər azalma qeydə alınıb.

Maliyyə naziri Vahe Ovannisyan Ermənistanın dövlət borcunun 2025-ci ildə ÜDM-in 53,5%-nə yüksələcəyini deyib. 

Amma buna baxmayaraq, Ermənistan müdafiə xərclərini artır. Ölkə borc içində batır, amma silah xərclərini  artırırlar. Gəlirləri və iqtisadiyyatı bu qədər zəif olan bir dövləti silahlanmaya həddən artıq vəsait ayırması paradoks deyilmi?  

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki,  Ermənistan təcavüzkar  ölkədir və bu səbəbdən onun son pullarını belə, hərbi xərclərə yönləndirməsini başa düşmək olar: “Əslində Ermənistan rəhbərliyi və erməni olan hər kəs yaxşı başa düşür ki, ordunu nə qədər silahlandırsalar da, onun Azərbaycan Ordusu ilə rəqabət aparacaq gücdə olması mümkün olmayacaq. Lakin 44 günlük savaşdakı acınacaqlı məğlubiyyət və revanş niyyətləri onları indi "çörək pullarını" silaha xərcləməyə vadar edir. Bununla da Ermənistan hakimiyyəti bir tərəfdən öz xalqına mesaj ötürür ki, biz məğlubiyyətdən nəticə çıxarmışıq və ona görə də ordunu gücləndiririk, digər tərəfdən Cənubi Qafqazı qarışdırmaq istəyən Avropadakı böyük bacısına göstərmək istəyir ki, silahlanaraq bölgədə həmişə döyüşə hazır vəziyyətdə olacağıq. Bu ölkənin iqtisadiyyatında yalançı artımların arxasında  yalnız idxalı Rusiyaya qadağan olunmuş məhsulları kənardan alıb təkrar onlara ixrac etmək kimi “ticarət dövriyyəsi” dayanır. Biz bu məsələni Ermənistanın rəsmi statistikasına əsaslanaraq dəfələrlə yazmışıq. Rusiya-Ukrayna müharibəsi başlayandan ötən üç ilə yaxın müddətdə Ermənistanın xarici ticarət dövriyyəsi 4-5 dəfəyə qədər artıb. Bundan dolayı Ermənistan iqtisadiyyatının heç bir sahəsində real artım görmək mümkün deyil".

Sabiq nazirin sözlərinə görə, ermənilər hər kəsi və hətta özləri-özlərini aldadırlar: “Lakin bununla uzağa gedə bilməyəcəklər. Ermənistan yaxın 1-2 il ərzində də kommunikasiyaları açıb öz iqtisadiyyatına nəfəslik verməsə, indi düşdüyü dalanda da boğularaq, müflis olacaq və bu gün son pullarını xərcləyərək aldığı silahlar da ona gərək olmayacaq...”

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Original mənbə