logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2024 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

Cəbrayılda ev tikintisinə FANTASTİK XƏRC: “Bir mənzilin dəyəri 5 dəfədən çox şişirdilib” – FOTO/VİDEO

Cəbrayılda ev tikintisinə FANTASTİK XƏRC: “Bir mənzilin dəyəri 5 dəfədən çox şişirdilib” – FOTO/VİDEO

21/10/2024

4 dəq. oxu

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Cəbrayılın Şükürbəyli kəndində 14,56 milyon manata 93 ev tikir. Riyazi hesablama aparsaq, Fond bir evin tikintisinə 156 min manat xərcləyir. Bundan əvvəl isə MKSİF eyni kənddə 48 evin tikintisi üzrə 7,7 milyon manat xərcləyib. Birinci mərhələ üzrə də bir evin tikintisinə 160 min manatdan çox vəsait xərclənib.

Bu, sosial mediada müzakirələrə səbəb olub və müxtəlif mülahizələrə yol açıb. İddia olunur ki, bir fərdi mənzilin tikintisinə 156-160 min manatın xərclənməsi absurddur. Çünki, ictimaiyyətə təqdim edilən layihə üzrə bir evin tikinti xərci 40-50 min manatdan yuxarı deyil. Qeyd olunur ki, Fond xərcləri şişirdir və inşa etdiyi bir evdən 2-3 evin pulunu çıxarır, yeyintiyə yol verir. Bu minvalla da dövlət büdcəsi talanır.


Səsləndirilən iddialar nə dərəcədə əsaslıdır? Belə layihələr icra olunarkən şəffaflıq naminə hansı addımlar atılmalıdır ki, cəmiyyətdə əsassız şübhələr, lazımsız söz-söhbətlər yaranmasın?

Mövzu ilə bağlı Medianews.az-a danışan “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, indiki dövrdə bir mənzilin hər kvadratmetrinin tikintisi 270-280 manata başa gəlir.

İqtisadçı-alimin sözlərinə görə, əlavə xərclərlə birlikdə 100 kvadratmetrlik mənzilin tikintisi maksimum 30 min manat təşkil edir: “Tikinti elə bir sahədir ki, oğurluq niyyəti olan işbazlar üçün orada “hər cür şərait” mövcuddur. Yetər ki, məqsədin tikmək yox, oğurluq ola və sən vicdanını itirəsən, heç kimdən qorxmayasan və sair. Tikinti üzrə ekspertlərin fikrincə hal-hazırda ümumi sahəsi 100 kvadratmetr olan 3-4 otaqlı evin tikintisi üçün 30 min manat məbləğində vəsait yetərlidir. Daha doğrusu belə bir mənzilin hər kvadratmetrinin tikintisi 270-280 manatı ötmür. Bəzi öncədən gözə görünməyən əlavə xərclərlə birlikdə 100 kvadratmetrlik mənzilin tikintisi maksimum 30 min manata başa gələ bilir”.


“Mən Cəbrayılın Şükürbəyli kəndində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən inşa edilən mənzillərin ölçülərini bilmirəm. Ancaq inanmıram ki, onların ümumi sahəsi 100 kvadrat metrdən çox olsun. Yəni, ən yaxşı halda bu ətrafda ola bilər. Əgər belədirsə o halda bir mənzilin dəyəri 5 dəfədən çox şişirdilib. Bu isə bənzəri olmayan bir mənzərədir. Tikinti işləri ilə bağlı xərclərin reallığını yoxlamaq üçün peşəkar mütəxəssislərin xidmətindən istifadə etmək olar. Belə yoxlamaları aparmaq aidiyyəti qurumların və ilk növbədə ölkənin Hesablama Palatasının vəzifə borcudur. Ölkənin Maliyyə nazirliyindəki mütəxəssislər də belə yoxlamanı yüksək peşəkarlıqla apara bilərlər. Tikilən bir mənzilin real dəyərini bir neçə saata müəyyən etmək mümkündür”.

Alpər TURAN

Original mənbə