XƏBƏRLƏR
İqtisadiyyat
“Qərb bu əməllərinə görə İrəvanı cəzalandırmaq və ona sanksiyalar tətbiq etmək əvəzinə...”
Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilərkən Rusiya prezidenti çıxışında iki ölkə arasında ticarət iqtisadi əməkdaşlığın olduqca uğurlu inkişaf etdiyini, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin ötən il 7.4 mlrd. dollar olduğunu, bu ilin ilk altı ayında bu göstəricinin 2.5 dəfə artdığını və 8.3 mlrd dolları ötdüyünü söyləyib.
“Əgər bu templə davam etsək, bu il ticarət dövriyyəmizin həcmi 14-16 mlrd. dollar olacaq. Bu, rekord göstəricidir”, - deyə Putin bildirib.
Paşinyan isə çıxışında son aylarda İrəvanla Moskva arasında aktiv siyasi dialoqun getdiyini söyləyib. Bildirib ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində hökumət sədri Mixail Mişustinin İrəvana səfəri zamanı ikitərəfli əməkdaşlıq və Ermənistan-Rusiya gündəliyi məsələləri kifayət qədər məzmunlu müzakirə olunub:
“Bu gün bu müzakirələri yekunlaşdırmaq üçün yaxşı fürsətdir”.
Putin Paşinyanı Kazanda keçiriləcək BRİCS sammitində növbəti ikitərəfli görüş keçirməyə dəvət edib.
Ermənistan iqtisadiyyatında real artım baş vermir, hansısa böyük istehsalları mövcud deyil. Belə olan halda Rusiya ilə ticarət dövriyyəsinin sürətlə artımı maraq doğurmaya bilmir. Bu, Aİ-nin Rusiyaya tətbiq etdiyi sanksiyalardan yayınması üçün Ermənistanın göstərdiyi xidmətlər hesabınadırsa, Qərb niyə buna göz yumur? Ermənistan niyə cəzalandırılmır?
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov oxucuların marağına səbəb olan statistika açıqladı: “Ermənistan hər yerdə və hər işdə olduğu kimi bu məsələdə də riyakarlıq, ikiüzlülük nümayiş etdirməklə məşğuldur. Baxın, bunlar bir tərəfdən Qərbin istəyi ilə Rusiyadan uzaqlaşır və Rusiyanı Cənubi Qafqazdan çıxartmaq üçün çaba göstərirlər, digər tərəfdən Rusiya ilə ticarət əlaqələrini "bənzəri olmayan bir sürətlə inkişaf" etdirirlər. Bu necə ola bilər axı? Məntiq harada qaldı? Mənim bugünlərdə Ermənistan Dövlət Statistika Komitəsinin saytının məlumatları əsasında bu məsələ ilə bağlı apardığım araşdırmanın nəticəsini təqdim edirəm.
Bütün dünya bilir ki, bu gün Ermənistan Amerika Birləşmiş Ştatları başda olmaqla Qərbin Rusiyaya tətbiq etdiyi minlərlə sanksiyanı sadəcə ayaqları altına alıb. Ermənistan bu sanksiyalarla idxalı Rusiyaya qadağan olunmuş malları və ilk növbədə Rusiyanın hərbi sənayesi üçün bu gün hava-su kimi lazım olan məhsulları elə həmin sanksiyaları tətbiq edən ölkələrdən alıb öz ərazisinə gətirir və sonradan onları başqa mal-məhsul adları ilə Rusiyaya ixrac edir. Bununla da Ermənistan Ukrayna müharibəsində Rusiyaya bənzəri olmayan bir “qardaş” xidməti göstərir. Rusiya öz hərbi sənayesi üçün zəruri olan bu məhsulların köməyi ilə istehsal etdiyi silahlarla Qərbin milyardlarla dollar həcmində maliyyə və hərbi yardımlar göstərdiyi Ukraynanın başına od yağdırır. Qərb isə bu əməllərinə görə Ermənistanı cəzalandırmaq və ona sanksiyalar tətbiq etmək əvəzinə, ona indiyə qədər göstərdiyi yardımların həcmini bir neçə dəfə artırır. Bu nə deməkdir? Bu qədər məntiqsizlik, bu qədər yaramazlığı etməkdə Qərbin məqsədi nədir? Ukraynaya Rusiyaya qalib gəlmək üçün yüz milyardlarla dollar həcmində yardım edən Qərb onun sanksiyalarını çeynəyib üzünə tüpürən Ermənistanın bu əməllərini nədən görməzdən gəlir və hələ Ermənistana göstərilən yardımların həcmini də artırır. Biz bütün bunlardan sonra Qərbin ədalətinə, demokratiyasına necə inana bilərik?
Gəlin dediklərimizin xəritəsini Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi saytından götürdüyümüz rəqəmlərlə çəkək. Baxın, əgər Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən öncəki 2021-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi 8 milyard 362 milyon ABŞ dolları olmuşdusa, 2023-cü ildə bu rəqəm 254% artaraq 21 milyard 310 milyon dollara çatmış, cari ilin sonunda isə onun 4,2 dəfə (420%) artaraq 35 milyard dollara çatması gözlənilir. Xatırladaq ki, nefti, qazı və digər enerji resursları olmayan, 2020-ci ildə böyük hərbi və digər resurslarının itirilməsi ilə nəticələnən 44 günlük müharibədəki ağır məğlubiyyətə düçar olmuş bu ölkənin xarici ticarət dövriyyəsi 2013-cü ildə cəmisi 5 milyard 865 milyon ABŞ dolları səviyyəsində olub. Təsəvvür edirsinizmi, belə bir ölkənin xarici ticarət dövriyyəsi 2024-cü ildə 35 milyard dollara çatacaq, yəni 10 ildən bir qədər artıq zaman kəsiyində 6 dəfəyə qədər artacaq!!! Bu, təbii ki, Ermənistan kimi bir ölkə üçün real ola bilməyən fantastik bir göstəricidir. Bunu mümkün edən isə dediyimiz kimi, Rusiya-Ukrayna müharibəsində Rusiyaya xaricdən idxalı qadağan olunmuş mal və məhsulları öz ərazisi üzərindən daşımaqla göstərilən “ayı xidmətidir”.
Gəlin indi baxaq - öz idxal və ixracını Rusiya-Ukrayna müharibəsi başlayandan sürətlə böyüdən Ermənistanın Rusiyaya ixracının həcmi bu illər ərzində necə dəyişib? Baxın, 2021-ci ildə, yəni müharibə başlamazdan bir il öncə, Ermənistandan Rusiyaya cəmisi 840 milyon dollar məhsul ixrac edilib. İki il sonra, yəni 2023-cü ildə bu rəqəm 4,2 dəfə böyüyərək 3 milyard 540 milyon dollardan çox olub? Ermənistandan Rusiyaya ixracın həcmi bu il də sürətlə artmaqdadır və biz cari ilin yekunlarına görə daha böyük göstəricilərin şahidi olacağıq.
Bir anlıq təsəvvür etmək belə mümkün deyil ki, əgər Rusiyaya bu “dəstəyi” Azərbaycan vermiş olsaydı nə baş verərdi. Heç şübhəsiz Qərb Azərbaycana qarşı amansız sanksiyalar tətbiq edərdi. Bəs Qərbin gözləri nədən kor olub Ermənistanın bu əməllərini görmür?".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”