XƏBƏRLƏR
Sosial
İnsanın rayonda, kənddə bəslənməsi, yaşaması üçün yetərli qida var. Lakin onlar şəhərlərə daha çox axın edir. Kəndlər sürətlə boşalır. Bu, bütün dünyada belədir. Məsələn, İtaliyada bələdiyyələr kəndlərdə yaşamın canlanması, insanların o kəndlərə köçməsi üçün olduqca cəlbedici təkliflər paketi hazırlayıb.
Azərbaycanda da imkanı olan Bakıya köçür. Sirr deyil ki, kəndlərdə normal şərait olsa, hər kəs öz kəndində, rayonunda yaşasa, Bakıda bu qədər sıxlıq, gərginlik, tələbat olmaz. İnsanların fauna-floranı sıxışdırması da ciddi problemdir. Bunun qarşısı necə alınmalıdır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, kənddən şəhərə insan axını nə dünənin nə də bu günün problemidir.
O deyib ki, əgər urbanizasiyaya tərif vermək mümkün olsa, onu belə təsvir etmək doğru olardı: Urbanizasiya insanların daha asan həyat tərzi üçün kənddən şəhərə axışmasıdır:
“Baxın, son 200 ildən artıq bir zaman kəsiyində şəhər və kənd əhalisinin strukturu dünyada necə dəyişib. Əgər 1880-cü ildə dünya əhalisinin cəmi 3,0 faizi şəhərlərdə yaşayırdısa, bu rəqəm 100 il sonra, yəni 1900-cü ildə 13,6 faizə, 2000-ci ildə 47,4 faizə, 2020-ci ildə isə 55,7 faizə çatdı. Bu rəqəmlər şəhər və kənd əhalisinin xüsusi çəkisinin necə dəyişdiyinin aydın mənzərəsini çəkir. Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, 2050-ci ildə dünya əhalisinin 2/3 hissəsi – yəni hardasa 66 faizi şəhərlərdə yaşayacaq. Deməli, bu prosesi bütün dünyada durdurmaq hələ ki, mümkün olmayacaq. Bəşəriyyət hara gedir?”
Sabiq nazirin fikrincə, bu gedişlə 100 ildən sonra kəndlərdə ancaq qocalar və şəhərə getmək imkanı olmayan insanlar qalacaq:
“Kənd ərzaq məhsullarının istehsal olunduğu məkandır. Sual olunur, hamı şəhərə gələcəksə, kənddə kim əkib becərəcək? Yəqin ki, bu sualın cavabı da zamanla tapılacaq. İndi dünyada əsas ərzaq məhsulların süni yolla istehsalına başlanıb. Deməli, bu gün kənddə – aqrar sektorda istehsal olunan məhsullar sabah şəhərlərdə, xüsusi müəssisələrdə istehsal olunacaq. Yəni ərzaq məhsullarını istehsal etmək üçün nə mal-qara saxlamaq lazım gələcək, nə də taxıl məhsulları əkməyə ehtiyac qalacaq. Bu yol bəşəriyyəti acınacaqlı bir dönəmə aparan ağrılı yoldur. Lakin bu yol artıq sürətlə genişlənir. Biz indiki mərhələdə geni dəyişdirilməmiş məhsulları tapmaqda çətinlik çəkirik. 10 ildən, 20 ildən sonra daha dəhşətli nəticələrlə üz-qzə qalacağıq.”
F.Yusifov deyib ki, insanları kəndə qaytarmağın bir yolu var:
“Kəndi onlar üçün maraqlı məkana çevirmək lazımdır. Kəndli əməyi ağır və yorucu əməkdir. Əgər kəndli bu əməyin müqabilində layiq olduğu qazancı əldə edə bilmirsə, bütün mümkün imkanlardan istifadə edərək belə nəticəsiz fəaliyyətdən imtina edəcək. İnanıram ki, kəndliyə onun maraqlarını təmin edən şərait yarada bilsək insanların bir çoxu kəndə qayıdacaq. Kəndli kənddə şəhərdə qazandığından bir neçə dəfə artıq qazanmalıdır. Bu gün bizdə əksinədir. Kəndli min bir əziyyətlə il boyu yetişdirdiyi məhsulunu bəzən ziyanla satmaq məcburiyyətində qalır və ya bir il gecə-gündüz çəkdiyi zəhmətin müqabilində qəpik-quruş qazanır. Təbii ki, belə olan halda daha çox qazanmaq və daha asan həyat tərzi verən məkana – şəhərə qaçmağa üstünlük verəcək”.