XƏBƏRLƏR
Sosial
“Azərbaycanda internet əzəldən qonşu ölkələrlə müqayisə edilməyəcək dərəcədə baha olub və bu fərq getdikcə artır ki, azalmır”.
Bunu TNS-ə açıqlamasında sabiq maliyyə naziri, professor Fikrət Yusifov bildirib.
Professor dediklərini əsaslandırmaq üçün Rusiyanın “Beeline” şirkəti ilə Azərbaycanın “Azercell” şirkətinin vətəndaşlara təklif etdikləri mobil internet və telefon danışıqlarının qiymətlərini, habelə “Beeline” şirkəti ilə “Baktelecom” şirkətinin insanlara təklif etdikləri internetin qiymətlərini müqayisə edib.
“Əgər Rusiyanın “Beeline” şirkəti mobil telefon xidmətləri üzrə bir aylıq 50 GB internet, 1200 dəqiqə danışıq limiti nəzərdə tutan, sürəti saniyədə 100 M/b olan “UP Пчела Базя” tarifini insanlara Azərbaycan manatı ilə 4 manat 93 qəpiyə təklif edirsə, Azərbaycanda “Azercell” maksimum 30 GB internet və 700 dəqiqə danışıq limiti müəyyənləşdirən “Super Sən” adlı tarifi insanlara 39 manata və ya bir GB üçün Rusiyada “Beeline” şirkətinin təklif etdiyi qiymətdən 13,2 dəfə baha təklif edir. Başqa bir misal. Rusiyadakı həmin “Beeline” şirkəti vətəndaşlara saniyədə sürəti 500 M/b olan ev internetinin bir aylıq ödəniş haqqını Azərbaycan manatı ilə 2 manat 89 qəpik müəyyən edirsə, Azərbaycanda “Baktelecom” bir aylıq ev interneti üçün 18 manat xidmət haqqı alır və indi də həmin qiyməti 40%-ə qədər bahalaşdırıb, aylıq ödəniş haqqını 25 manat müəyyənləşdirir ki, bu da Rusiyada “Beeline” şirkətinin insanlara təklif etdiyi ev internetinin bir günlük qiymətindən 8,7 dəfə bahadır”, - professor bildirib.
Sabiq nazir Rusiyanın da Azərbaycan kimi interneti kənardan aldığını deyərək sual edib: “Bəs onda bu qədər fərq nə deməkdir?!”