Yaranma tarixi

 

«Ekonomiks» Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi haqqında


Azərbaycan Respublikasında QHT olaraq fəaliyyət göstərən «Ekonomiks» Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin yaranma tarixi 31.10.2014-cü ildən başlayır. İB "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov tərəfindən yaradılmış və həmin tarixdən Birlik fəaliyyətə başlamışdır.

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, 31.10.2014-cü il tarixdə «Ekonomiks» Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən ictimai birlik kimi dövlət qeydiyyatına alınmış və buna dair müvafiq qeydiyyat şəhadətnaməsi təqdim edilmişdir.

«Ekonomiks» Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin əsas məqsədi Azərbaycan Respublikasında iqtisadi və sosial inkişafın sürətləndirilməsi istiqamətində fəaliyyət göstərmək, bu sahələrdə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqə yaratmaq və onlarla əməkdaşlıq etmək, eyni zamanda ölkəmizdə aparılan iqtisadi və sosial islahatları müdafiə etmək və bu sahədə əldə edilən uğurların beynəlxalq ictimayətə tanıtdırmasında yaxından iştirak etmək, qloballaşan dünyada ölkəmizin mövqeyinin möhkəmlənməsinə yardımçı olmaqdan ibarətdir.

«Ekonomiks» Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin 2015-ci ildən Rusiya Federasiyasının Sankt Peterburq şəhərində nümayəndəliyi fəalyyət göstərir.

«Ekonomiks» Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin 2015-ci ilin dekabr ayında Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına üzv qəbul edilmişdir.

Qeyri - kommersiya hüquqi şəxsi olaraq Birliyin əsas məqsədi mənfəət götürməkdən və ya götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməkdən ibarət deyil.

Təşklatın əsas missiyası iqtisadi islahatlara dəstək olmaqdan ibarətdir.

Təşkilatın üzvlərinin sayı 5 nəfərdən ibarətdir.

2015-ci il ərzində Birlik Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli və xarici Beynəlxalq Təşkilatlara (Fondlara) müxtəlif mövzularda olan layihələr təqdim etmiş və bu layihələrdən biri, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim olunmuş "AVROPA OYUNLARININ NƏTİCƏLƏRİNİN İCTİMAİ VİDEO MÜZAKİRƏSİ" layihəsi 01 sentyabr 2015-ci il tarixdə Şura tərəfindən dəstəklənərək, hər iki təşkilat arasında Qrant müqaviləsi imzalanmışdır. Həmin layihənin icrası 4 ay müddətində (01.09.2015-01.12.2015) olmuşdur. Layihənin əsas məqsədi I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin iqtisadi baxımdan ölkəmiz üçün müsbət və mənfi nəticələri barədə ictimaiyyətə əhatəli çatdırılmasıdır.

2016-cı il ərzində Birlik Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli və xarici Beynəlxalq Təşkilatlara (Fondlara) müxtəlif mövzularda olan layihələr təqdim etmiş və bu layihələrdən biri, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim olunmuş "Post-neft dönəmində ölkəyə xarici sərmayələrin cəlb edilməsi yolları" layihəsi 05 iyul 2016-cı il tarixdə Şura tərəfindən dəstəklənərək, hər iki təşkilat arasında Qrant müqaviləsi imzalanmışdır. Həmin layihənin icrası 4 ay müddətində (05.07.2016-05.11.2016) olmuşdur. Layihənin əsas məqsədi dövlətin həyata keçirdiyi iqtisadi islahatların mahiyyətini, yerli və xarici KİV-lər vasitəsilə açıqlamaq yolu ilə xarici investorlarda Azərbaycandakı biznes mühiti barəsində müsbət rəy formalaşdırmaqdır. Bundan başqa xarici sərmayənin ölkəyə cəlbi istiqamətində həm ölkə daxilində və həm də xaricdə biznes dairələrlə görüşlər keçiriləcək, mövcud problemlər haqqında sahibkarların mövqeyi öyrəniləcəkdir. Aparılacaq işlərin nəticəsi təhlili ediləcək və bu əsasda təkliflər paketi hazırlanaraq aidiyyatı üzrə dövlət strukturlarına təqdim olunacaqdır.

Hal-hazırda təşkilatımızın müxtəlif KİV- orqanları, hüquqi və fiziki şəxslərlə iki tərəfli xidmət müqavilələri vardır və təşkilat bu gün həmin tərəfdaşlarla öz nizamnaməsinə və məqsədlərinə uyğun əməkdaşlıq edir.

«Ekonomiks» Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin özünə məxsus müasir ofisi, son tələblərə uyğun olan informasiya kommunikasiya texnologiyalarına, mebel və avadanlıqlara malikdir. Təşkilatımız müxtəlif təşkilatlarla – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və digər dövlət və hökumət qurumları ilə yaxından əməkdaşlıq edir.

 


Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi