Mərkəzi Bank FED-dən nə gözləyirdi? – Ekspert rəyi 17.06.2016 (2 KİV)

ABŞ-ın Federal Ehtiyatlar Sistemi ötən həftə dolların uçot dərəcəsini dəyişməyərək, 0,25-0,5% səviyyəsində saxlayıb. Amma FED rəhbərliyi bu il uçot dərəcəsinin artırılacağını da istisna etməyib.

Azərbaycan Mərkəzi Bankı FED-in uçot dərəcəsini dəyişməməsinə münasibət bildirib:

"ABŞ Federal Ehtiyat Sisteminin (FED) qəbul etdiyi qərar gözlənildiyi kimi olmayıb. FED-in uçot dərəcəsinin dəyişməməsi ölkəmizin valyuta bazarına gözlənti kimi psixoloji təsir edə bilərdi ki, bunun da iqtisadi əsası yoxdur. Azərbaycan Mərkəzi Bankının elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı büdcə ehtiyacları üçün neft transferlərinin satışından asılıdır”.

Mərkəzi Bankın belə açıqlama verməsinin əsas səbəbi nədir? Dolların uçot dərəcəsinin dəyişməsi Mərkəzi Bankın xeyrinədirmi?

Bu sualları ANN.Az-a iqtisadçı ekspertlər Fikrət Yusifov  və Qalib Toğrul şərh ediblər.
 
 
Fikrət Yusifov

Sabiq maliyyə naziri Fikrət Yusifovun fikrincə, Mərkəzi Bankın bu açıqlamasından görünür ki, onlar FED-in toplantısından uçot dərəcəsinin qaldırılacağını gözləyirmiş: "Mərkəzi Bankın Federal Ehtiyat Sisteminin iyun ayının 14-15-də keçirilən toplantısında qəbul edilən qərara münasibəti bir o qədər aydın deyil. Açıqlamadan belə başa düşülür ki, Mərkəzi Bank ABŞ Federal Ehtiyat Sisteminin bu toplantısında uçot dərəcəsinin qaldırılacağını gözləyirmiş. Halbuki bu toplantı ərəfəsində dəfələrlə bəyan olunmuşdu ki, uçot dərəcəsində artım makroiqtisadi göstəricilər üzrə bütün gözləntilər yerinə yetirildiyi halda mümkün olacaq. FED-in toplantının yekununda yaydığı bəyanatda bu göstəricilərin bəziləri üzrə gözləntilərin doğrulmadığı və bəzi göstəricilər üzrə nəticələrin kifayət qədər kövrək olması səbəbindən yaxın aylarda uçot dərəcəsinin artırılması gözlənilən olmadığı bildirildi”.
 

 
Qalib Toğrul

İqtisadçı ekspert Qalib Toğrul Mərkəzi Bankın FED-in qərarı ilə bağlı rəsmi şəkildə belə bir açıqlama verməsini etik hesab etmir: "Əgər Mərkəzi Bank deyirsə ki, manatın kursunun dollardan heç bir asılılığı yoxdur, bu əslində doğru deyil. Faktiki olaraq özünü inkar etməkdir. Manatın məzənnəsi üzən məzənnə əsasında müəyyən edilirsə, o zaman FED-in dolların möhkəmlənməsi ilə  bağlı qərarı bütün üzən məzənnə rejimi olan dövlətlərin valyutasına təsir etdiyi kimi, manata da təsir göstərməli idi. Ümumiyyətlə dolların möhkəmlənməsi neftin qiymətinin düşməsi deməkdir. Belə bir qərar olsaydı, neftin qiymətinin enməsi tendensiyası da davam edəcəkdi. İndiki durumda real iqtisadi faktorlar manatın məzənnəsinə təsir etmir. Bu sırf inzibati metodlarla həyata keçirilir”. 

Xatırladaq ki, FED-in növbəti iclası iyulun 26-27-də keçiriləcək.




 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi