İnvestisiya cəlb edən yox, investisiya yatıran ölkə -28.04.2016 (1 KİV)

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi siyasət sahibkarlığın inkişafı və bazar iqtisadiyyatının yaradılmasına mühüm töhfələr verdi 


"İndi Azərbaycanda vəziyyət belədir: iqtisadiyyat büsbütün dağılıb. O ki qaldı ictimai-siyasi vəziyyətə, bundan pisini ağıla gətirmək olmaz. Suveren dövlətin ərazisinin 17 faizi işğal olunub. Yarım milyondan çox qaçqın var. Sənaye və kənd təsərrüfatı istehsalı sıfır həddindədir...”. Bu sözləri ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışının ilk günlərində bəyan etmişdi. Məhz həmin dövrdən başlayaraq da ölkənin böhran vəziyyətindən çıxarılması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərə start verildi.

Şərti bölgüyə əsasən, Azərbaycan iqtisadiyyatının inkişafı 3 dövrdən ibarətdir. Birinci dövr 1993-cü ilə qədər olan mərhələni, ikinci dövr 1993-cü ildən 2002-ci ilə qədər olan illəri, üçüncü dövr isə 2002-ci ildən sonrakı zamanı əhatə edir. Bu yazıda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ildən sonra sahibkarlıq sahəsində görülən işlər və o işlərin sayəsində növbəti illərdə əldə etdiyimiz uğurlardan danışacağıq.

Birinci mərhələdə - 1990-cı illərin əvvəllərində SSRİ dağılmış, ölkə yenicə müstəqillik qazanmışdı. Ölkədə hər bir sahədə yeni sistem qurulmalı, o cümlədən iqtisadiyyatın inkişafı üçün kompleks şəkildə işlər görülməli idi. Heydər Əliyev bu sahədə məqsədin nə olması ilə bağlı fikrində qeyd edirdi: "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. 

1993-2002-ci illəri əhatə edən ikinci mərhələnin özü də şərti olaraq iki yerə ayrılır. 1993-1996 və 1996-2002-ci illər. Sahibkarlığın təşəkkülü istiqamətində ilkin tədbirlər məhz bu mərhələnin ilkin dövrlərində başlayıb. 1996-2002-ci illərdə isə sahibkarlığın inkişafında dövlət müdafiə sisteminin təşəkkülü, özəlləşdirmə, idaəretmədə struktur dəyişikliyi müşahidə olunurdu. Nəticədə əsas makroiqtisadi göstəricilərin artım dinamikası, sahibkarlıq subyektlərinin sayının dinamik artımı, xarici investisiya axını baş verdi. 1996-cı ildə ÜDM-nin artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü illərdə isə orta hesabla 10% təşkil edirdi.

Azərbaycan iqtisadiyyatının bənzərsiz uğurlarının təməl daşı

Sabiq maliyyə naziri, hazırda "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov qəzetimizə müsahibəsində bildirdi ki, Heydər Əliyev 1993-cü ilin sonları-1994-cü ilin əvvəlllərindən etibarən dünyada gedən siyasi və iqtisadi proseslərə peşəkar baxışları ilə Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu: "Ölkə daxilindəki siyasi çəkişmələrin məharətlə nizamlanması, iqtisadiyyatın hiperinflyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi. Neftin qiymətlərinin dünya bazarlarında 15-16 dollar olduğu bir dönəmdə Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən "Əsrin müqaviləsi”nin imzalanması isə inqilabı bir dönüşün başlanğıcı idi. Bu müqavilə Azərbaycan iqtisadiyyatının sonrakı illər ərzindəki bənzərsiz uğurlarının təməl daşı hesab olunmalıdır. Ulu öndərin rəhbərliyi altında aparılan iqtisadi islahatlar və struktur islahatları qısa zaman kəsiyində ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan verdi”.

"Növbəti sahibkar sən ola bilərsən”

Sahibkarlığın inkişafı istiqamətində dövlət proqramlarının qəbulu isə daha sistemli iş görməyə imkan verdi. Burada 1993-1995-ci illər və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramını qeyd edə bilərik. Bu dövlət proqramlarının sayəsində kiçik və orta sahibkarlığın inkişafı başladı. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) yaradılması da vacib addımlardan sayılmalıdır. Belə ki, Fondun yaradılması bu sahədə daha geniş şəkildə iş görməyə, sahibkarlara mütəmadi yardımlar etməyə daha əlverişli mühit yaratdı. Fondun yardımlarından bu gün də geniş şəkildə istifadə edilir. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, indiyə qədər 30 600-dən çox sahibkara 1 milyard 796 milyon manatdan çox güzəştli kredit verilib. Bu rəqəmlər günü-gündən artır. Yəni "növbəti sahibkar sən ola bilərsən”.

Dövlət mülkiyyətinin özəlləşdirilməsi və torpaq islahatı

İqtisadiyyat o zaman inkişaf edir ki, orada rəqabət mühiti güclü olur. Rəqabət mühitinin formalaşdırılması və iqtisadiyyatın gücləndirilməsi üçün atılan uğurlu addımlardan biri də dövlət əmlakının özəlləşdirilməsinə başlanılması idi. Millət vəkili Tahir Mirkişili deyir ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu işdə də əhəmiyyətli dönüş yarandı: "Ulu öndər 1995-ci il iyulun 30-da "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı”nın təsdiq olunması üçün Milli Məclisə ünvanladığı müraciət məktubunda çox böyük uzaqgörənliklə bu tədbirin mühüm əhəmiyyətini göstərərək yazırdı: "İqtisadi böhrandan əsas çıxış yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindədir, ona görə ki, dövlətin iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatın aparılması mümkün deyildir”.
Bununla paralel olaraq ümummilli lider vaxt itirmədən, məsuliyyəti üzərinə götürərək, böyük cəsarətlə, ancaq çox dəqiqliklə işlənmiş aqrar islahatlara start verdi. Qısa vaxtda "Aqrar islahatın əsasları haqqında”, "Sovxoz və kolxozların islahatı haqqında” və "Torpaq islahatı haqqında” qanunlar işlənib hazırlandı və qəbul olundu. Bu artıq fərdi təsərrüfatların, yəni şəxsi mülkiyyətə söykənən sahibkarlığın əsasını qoymağa geniş imkan açırdı”.

İş adamları ilə görüş və lisenziyalı fəaliyyət növlərinin 8 dəfə azaldılması

Sahibkarlığın inkişafı üçün vacib amillərdən biri də bu sahədə olan problemləri öyrənmək, həlli yollarını araşdırmaq idi. Heydər Əliyevin sahibkarlarla görüşləri məhz bu sahədə olan problemlərin həlli istiqamətində böyük rol oynadı. Bu sıradan olan görüşlərdən biri də 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə baş tutdu. Bu görüşlərin nəticəsi isə bir neçə ay sonra imzalanan sərəncam və fərmanlarda hiss olundu.
Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirildi.

Azərbaycan tarixində önəmli zaman kəsiyi

Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, Heydər Əliyevin hakimiyyəti dövrü Azərbaycan tarixində önəmli bir zaman kəsiyi hesab olunur: "Ulu öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanda ilk olaraq Konstitusiya dəyişikliyi baş verdi. Yeni Konstitusiyaya uyğun olaraq da dövlət qurumlarının vəzifələri müəyyən edildi. O cümlədən ciddi islahatlara start verildi. İlk olaraq torpaq islahatı keçirildi. Torpaq tamamilə kəndlilər arasında bölüşdürüldü. Bundan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlanıldı. Heydər Əliyev hakimiyyətə gələndən sonra özəlləşdirmə haqqında qanun layihəsi tamamilə yeniləndi və müəssisələrin özəlləşdirilməsi həyata keçirildi. Bununla sahibkarlar ordusu meydana çıxdı. Sahibkarlığa dəstək üçün vergi sistemində müəyyən dəyişikliklər, güzəştlər edildi. Heydər Əliyevin əsas məqsədi insanlarımızda sahibkarlıq təfəkkürünü daha da genişləndirmək, xüsusi mülkiyyətə önəm vermək, insanların demək olar ki, bu sahədə fəaliyyətini daha da gücləndirməkdən ibarət olub”.

"Azərbaycanda sahibkarlar təbəqəsi formalaşıb”

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyir ki, ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərib və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirib. Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla, ölkəyə xarici investisiyaları cəlb etməklə qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olub. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşıb, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artıb.
V.Zeynalov bildirdi ki, ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası, mövcud potensialın reallaşdırılmasına yönəlib. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm addımlar atılıb.

"Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır”

V.Zeynalov onu da bildirdi ki, 1993-cü ildən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsidir: "Xarici investisiyanın ölkəmizə cəlb olunması ümummilli liderin uzaqgörən siyasəti sayəsində mümkün olub. Ulu öndərin bu sahədə verdiyi tövsiyə və tapşırıqlar əldə rəhbər tutularaq xarici investisiya haqqında müəkəmməl qanunvericilik bazası yaradılıb. Görülən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan investisiya cəlb edən ölkədən investisiya qoyan ölkəyə çevrilib”.

"Sahibkarlar Günü”

Qeyd edək ki, Heydər Əliyevin 2002-ci ilin 25 aprel tarixində ölkə sahibkarları ilə keçirdiyi görüş sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olduğundan "Sahibkarlar Günü” də məhz aprelin 25-də təsis olunub. "Sahibkarlar Günü”nə həsr olunmuş konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, ümummilli liderin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə, sahibkarlar isə iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Səmərəli dövlət dəstəyi tədbirləri, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parklarının və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlər, biznes forum və sərgilərin təşkili və digər tədbirlər nəticəsində ÜDM-də özəl bölmənin payı 80%-i, məşğulluqda isə 74%-i ötüb, ölkə iqtisadiyyatı şaxələnib, özünütəminat səviyyəsi yüksəlib.

Aygün Asimqızı
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.
 



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi