Rusiya mediasından Ərdoğana Qarabağ ittihamı – Türkiyə lideri cəbhədəki vəziyyəti niyə unutdu? 27.04.2016 (3 KİV)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən günkü Bakı səfəri zamanı Dağlıq Qarabağdakı vəziyyətlə bağlı radikal çıxış etməməsi Rusiya mediasının diqqətini cəlb edib.

AzNews.az xəbər verir ki, Rusiyanın "Gazeta.ru” saytı bununla bağlı "Ərdoğan Qarabağı xatırlamadı” başlığı ilə məqalə dərc edib.

Məqalədə BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumuna qatılan Türkiyə prezidentinin terrorizmə qarşı vahid cəbhə formalaşdırmağa dair çağırış etdiyi, lakin Dağlıq Qarabağ barədə açıqlama vermədiyi qeyd olunub. 

Rusiya ekspertlərinin fikrincə, Türkiyə lideri Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istədiyi üçün ritorika səviyyəsini aşağı salır. 

Məqalədə qeyd olunur ki, rəsmi Moskva ilə iqtisadi əlaqələrin faktiki pozulmasından sonra Türkiyə üçün postsovet məkanında təsiri qoruyub saxlamaq olduqca vacibdir. Elə bu səbəbdən də Türkiyə Azərbaycandan əlavə son zamanlar Ukrayna və Belarusla da əlaqələri möhkəmləndirir. 

Rusiya ekspertləri hesab edir ki, Ərdoğanın Qərblə olan münasibətlərini korlaması və Barak Obama adminstrasiyasının ona situativ müttəfiq kimi baxmasının fonunda belə addımlar xüsusilə vacibdir. 

Məqalə bildirilir ki, Qərblə kifayət qədər ağır münasibətləri nəzərə alaraq Ərdoğan Bakıdakı çıxışından istifadə edərək Türkiyənin Suriya qaçqınlarına dəstək məsələsindəki rolunu bir daha xatırlatmağı unutmayıb. O, qeyd edib ki, Türkiyə artıq 3 milyondan çox qaçqın qəbul edib və buna 10 milyard dollardan çox vəsait sərf edib. 
Forumda Ərdoğan terrorizmə qarşı vahid cəbhənin formalaşdırılmasının vacibliyindən də bəhs edib. Türkiyə prezidenti eyni zamanda suriyalı həmkarı Bəşər Əsədi sərt tənqid edərək onu öz xalqını öldürməkdə ittiham edib. 

Məqalədə iddia edilir ki, bütün bunlarla yanaşı Ərdoğan Dağlıq Qarabağ ətrafındakı vəziyyəti radikalaşdırmaq üçün tədbirin yüksək statusundan istifadə etməyib. Münaqişənin gərginləşdiyi zamanda Ərdoğan dərhal Azərbaycan Prezidenti İlham Əliyevə dəstəyini ifadə edib. Azərbaycan prezidenti isə bu həmrəyliyinə görə türkiyəli həmkarına təşəkkürünü bildirib. Lakin son səfəri zamanı Ərdoğan Azərbaycan liderinə dəstək nümayiş etdirməkdən özünü saxlayıb. 

 

Moskva mərkəzinin elmi şurasının üzvü Karnegi Aleksey Malaşenkonun fikrincə, öncədən ifadə olunan dəstək sözləri kifayət edir: "Təcrübəli siyasətçi olduqları üçün onlar başa düşürlər ki, həddi aşmaq lazım deyil. Rusiyaya sataşmaq bir məsələdir, vəziyyəti gözlənilməz həddə çatdırmaq isə tam başqadır”.


Məsələ ilə bağlı məqalə müəllifləri iqtisadçı alim, Azərbaycanın keçmiş maliyyə naziri Fikrət Yusifovun da fikirlərini öyrəniblər. F.Yusifov qeyd edib ki, Türkiyənin Dağlıq Qarabağ məsələsinə dair mövqeyi əvvəlki kimi qalsa da, ritorikanın dəyişdirilməsi rəsmi Ankaranın Rusiya ilə münasibətləri yaxşılaşdırmağa olan ümidindən irəli gəlir. Yusifovun sözlərinə görə, Azərbaycanın özündə də Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasına ümid bəslənilir: "Rusiya və Türkiyə arasında münasibətlər pis olduqda, Azərbaycan qeyri-müəyyən vəziyyətdə qalır”.

Yusifov qeyd edir ki, Ərdoğan ritorikanın səviyyəsini həm də ona görə aşağı salıb ki, böyük ehtimalla, rəsmi Ankara Rusiyanın Dağlıq Qarabağ üzrə mövqeyinin birmənalı şəkildə "ermənipərəst” olmadığını başa düşür. 

Ekspert bildirir ki, Azərbaycan Rusiyanın son zamanlar Qarabağ münaqişəsinin həlli istiqamətində daha müsbət fəaliyyət göstərdiyini görür.

Sayt yazır ki, rəsmi Moskva Ermənistanı öncə Dağlıq Qarabağa daxil olan 5 rayonu, daha sonra isə daha 2 rayonu Azərbaycana qaytarmağa inanadırmağa çalışır. Rəsmi İrəvanda isə bu plan "antiermənistan” meyilli hesab olunur: siyasi dairələrdə qorxurlar ki, belə bir addım dövlət hakimiyyətinin zəifliyi kimi qəbul edilə bilər. İrəvanda hazırda Serj Sarkisyana qarşı aksiyalar keçirilir. Etirazçılar Sarkisyanı "Qarabağı təslim etmək”də ittiham edirlər. 

Məqalədə sonda qeyd olunur ki, Azərbaycan-Ermənistan təmas xəttində aprelin əvvəlində başlayan gərginlik səngiməyib. Atəşkəs elan olunmasına baxmayaraq, tərəflər vəziyyətin gərginləşdiyini bildirirlər.
 
 


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi