Əmanətlərin tam sığortalanması bankları təhlükədən yayındırır -02.03.2016 (6 KİV)

Əmanətlərin tam sığortalanması barədə qanunun qüvvəyə minməsi banklara dəstək kimi qiymətləndirilir. Həmçinin bildirilir ki, artıq bankların bağlanması prosesi səngiyəcək. Yəni banklardakı əmanətlərə dövlət zəmanət verdiyindən, bankların lisenziyasının geri alınmasında Mərkəzi Bank maraqlı olmayacaq. 

Qanunla əhalinin banklara qoyulan əmanətləri üç il müddətinə tam şəkildə sığortalanır. İndiyədək bu məbləğ 30 min manat idi. Tam sığortalanma 12 faizədək qoyulan əmanətlərə aid ediləcək. Əksər ekspertlər bu qanunun qəbulunun gözlənilən olduğunu vurğulayıblar. Eyni zamanda, qanunun qəbulu müsbət qiymətləndirilir. 

Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a bildirib ki, əmanətlərin tam olaraq sığortalanması kifayət qədər pozitiv və radikal islahatdır: "Çünki Azərbaycan MDB-də bütün əmanətləri sığortalayan ilk ölkələrdəndir. Eyni zamanda, Mərkəzi və Şərqi Avropa ölkələrində əmanətlər cəmi yüz min avro həcmində sığortalanır. O baxımdan, kifayət qədər radikal islahat kimi qiymətləndirilə bilər. Bu, bankların bağlanması prosesinə təsir göstərəcək. Əmanətləri nisbətən az olan bankların bağlanmasında problem olmayacaq. Elə banklar var ki, orada vətəndaşların saxladığı əmanətlərin sayı azdır. Mərkəzi Bank həmin bankları bağlamasına heç də ehtiyatlanmayacaq. Çünki əmanətlərin məbləği azdır. Amma bütövlükdə güman olunur ki, bu proses bankların bağlanmasını xeyli yubadacaq. Çünki burada təbii ki, artıq Mərkəzi Bank bankların bağlanmasında maraqlı olmayacaq. Bankın bağlanması artıq bütöv xərc deməkdir. O deməkdir ki, bu gün Mərkəzi Bankın elan etdiyi bütün əmanətlər sığortalanıb. Hazırda banklarda manat istifadəsində 9 milyard 473 milyon manat əmanət var. On milyard manata yaxın əmanətin bütün məsuliyyətini hökumət öz üzərinə götürür. Ona görə də əmanətləri çox olan bankların bağlanması müşahidə edilməyəcək. Çünki artıq həmin bankların bağlanması Mərkəzi Bank üçün ciddi bir risk olacaq. Çünki Mərkəzi Bank bu öhdəliyi götürməkdə maraqlı olmayacaq. Ona görə də yalnız əmanətləri az olan, kiçik bankların bağlanması prosesi gündəmdə ola bilər. Amma əmanətçi sayı və əmanət məbləği böyük olan bankların bağlanması məsələsi son qanundan sonra güman olunur ki, gündəmdən çıxacaq. Ona görə də Mərkəzi Bank da çalışmalıdır ki, artıq son qanundan sonra bankların bağlanması deyil, sağlamlaşdırılması haqqında düşünsün. Çünki bu gün bankların sağlamlaşdırılması daha vacibdir, nəinki onların lisenziyasını geri alıb, üç gün sonra özünə qaytarmaq”.

Ekspert Fikrət Yusifov isə qeyd edib ki, əmanətlərin tam sığortalanması haqqında qanun banklarda olan əmanətlər üzrə məbləğindən asılı olmayaraq dövlət təminatının əldə etməsi deməkdir: "Ölkənin bank sistemində baş verən son proseslər fonunda əmanətçilərin narahatlığı başadüşülən idi. Xüsusən də manatın məzənnəsinin keçən il 10 ay ərzində iki dəfə ucuzlaşması ölkə banklarına və milli valyutaya olan inamı bir xeyli azaltmışdı. Belə olan vəziyyətdə banklara və milli valyutaya olan inamın bərpa edilməsi istiqamətində hökumət və Mərkəzi Bank tərəfindən adekvat addımların atılması zəruridir. Əmanətlərin məbləğindən asılı olmayaraq tam sığortalanması bu istiqamətdə atılan mühüm addımlardan biridir. Lakin nə qədər ki, xarici valyutada verdikləri kreditlər üzrə yaranmış məzənnə fərqi problemi həll edilməyib, bankların vəziyyəti acınacaqlı olaraq qalacaq. Hazırda valyuta kreditləri üzrə ödənişlərin vəziyyəti olduqca aşağı bir səviyyədədir. Son devalvasiyadan artıq 2 aydan çox vaxt keçir. Bu müddət ərzində Mərkəzi Bank bank sistemini iflic vəziyyətinə sala biləcək bu problemin həlli üçün konkret ola biləcək bir addım atmaq belə istəmir. Mərkəzi Bankın rəhbərliyi, onun idarə heyəti başa düşməlidir ki, yaranmış vəziyyət bank sisteminin nüfuzuna ciddi zərbə vurmaqla, bankları iflic vəziyyətinə salmaqla yanaşı milyonlarla insanın da ciddi narazılığına səbəb olub. Nəticə etibarilə insanların hakimiyyətdən narazılığına gətirib çıxaran bu problemi Mərkəzi Bank hər hansı bir formada olursa olsun, həll etməyə borcludur. Bunun üçün o, borclanmaya getməklə xarici valyutada verilmiş kreditlərin məzənnə fərqi problemini həll edə bilər. Bu problem Mərkəzi Bankın yaratdığı problemdir, onun səhv pul-kredit siyasətinin məhsuludur. Bu səbəbdən də bu yükü Mərkəzi Bank çəkməlidir. Bu gün Mərkəzi Bankın rəhbərliyinin və onun idarə heyətinin qətiyyət nümayiş etdirməsi vaxtıdır. Başa düşmək lazımdır ki, iki devalvasiyaya qədər ailə büdcəsindən 300 manat ödəməklə valyutada olan kreditini bağlayan insan bu müddət ərzində 600 manat ödəməklə bunu etmək imkanlarına sahib ola bilməyib.  Mərkəzi Bank eyni qaydada xarici valyutada olan əmanətlərin tədricən manatla olan əmanətlərə çevrilməsi yolunda da konkret addımlar atmağa başlamalıdır. Ölkə prezidenti bu yolda əmanətlərin tam məbləğinin sığortalanmasına dair qanunu imzalamaqla, zəruri olan bir addımı atdı. Bundan sonrakı addımlar isə Mərkəzi Bankın müəllifliyi ilə atılmalıdır”.

Röya RƏFİYEVA
 
Digər mənbələr:
 


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi