"Sənaye və kənd təsərrüfatı sahələri ixracatda mühüm yer tutacaq" -11.11.2015 (1 KİV)

 
Fikrət Yusifov: "Qeyri-neft sektorunun elmi əsaslarla inkişafı ölkəmizin iqtisadiyyatına daha böyük fayda verəcək”

"Bizim gələcək inkişafımızı sənaye və kənd təsərrüfatı sahələri müəyyən edəcək. Ona görə dövlət siyasəti birmənalıdır. Dövlət qurumlarına göstərişlər verilib. Alimlərdən xahiş edirəm ki, bu məsələ ilə çox ciddi məşğul olsunlar”. Bunu noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında Prezident İlham Əliyev bildirib.

Prezident əlavə edib ki, biz ixrac potensialımızı böyük dərəcədə artıra bilərik: "Yəni, biz dünya bazarlarına daha böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilərik. Beləliklə, fermerlərin həyat səviyyəsini böyük dərəcədə yaxşılaşdıra bilərik. Alimlərdən xahiş edirəm ki, bu məsələ ilə çox ciddi məşğul olsunlar”.

Mütəxəssislərin fikrincə, bu sahələrin dinamik inkişafına dövlət qayğısının olması ümumi iqtasadi tərəqqiyə yol açır. Bu fonda neft sektorunun umumi iqtisadiyyatda arxa plana keçməsi gözlənilənilir. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirir ki, noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı çıxışında Prezident İlham Əliyevin «Bizim gələcək inkişafımızı sənaye və kənd təsərrüfatı sahələri müəyyən edəcək» deməsi bir daha göstərdi ki, ölkənin iqtisadi inkişaf strategiyasını müəyyən edən ölkə başçısı iqtisadiyyatın neftdən asılılığının optimal həddə endirilməsində qeyri-neft sənayesinin və aqrar sektorun inkişafna nə qədər böyük önəm verir: "Təsadüfi deyil ki, ötən il ölkədə "Sənaye ili” elan olunmuşdu. Prezidentin yürütdüyü siyasətin məntiqi davamı kimi isə bu il Azərbaycanda «Kənd təsərrüfatı ili» elan olundu. Hər iki sahəyə dövlət səviyyəsində göstərilən qayğı hesabına əldə olunmuş nəticələr artıq göz qabağındadır. Cari ilin 9 ayının yekunları üzrə ölkədə qeyri-neft sənayesi 10%-dən, aqrar sektor isə 7%-dən çox artıb. Dövlət başçısının müəyyən etdiyi iqtisadi strategiyanın ana xəttini böyük potensialı olan bu iki sahənin hesabına qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək təşkil edir.
Bu gün dünyada gedən iqtisadi tənəzzül, dərin maliyyə böhranı, neftin qiymətlərindəki qeyri-sabitlik iqtisadiyyatın daha sürətlə şaxələndirilməsini zəruri edir. Qeyri-neft sektorunun elmi əsaslarla inkişafı isə ölkəmizin iqtisadiyyatına daha böyük fayda verə biləcək. Elə bu səbəbdəndir ki, iqtisadiyyatın inkişafının elmi əsaslarla aparılmasına xüsusi önəm verən ölkə başçısı Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı çıxışında bu məsələyə münasibətini belə ifadə etdi: "Müvafiq qurumlara - həm İqtisadiyyat və Sənaye Nazirliyinə, həm də Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, görüləcək bütün işlər elmi əsaslar üzərində qurulmalıdır. Xahiş edirəm, Azərbaycan alimləri də, Milli Elmlər Akademiyası da bu işlərə çox fəal qoşulsunlar”. Ölkə iqtisadiyyatının, onun qeyri-neft sektorunun elmin son naliyyətləri əsasında inkişaf etdirilməsi böyük dividendlərin əldə olunmasının əsas şərtidir”.


Mübariz BAYRAMOV
 



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi