"Azərbaycan İran üçün əsas tranzit məkana çevrilir" -08.10.2015 (1 KİV)

 
Fikrət Yusifov: «Azərbaycan əlverişli coğrafii mövqeyi ilə təkcə qonşu dövlətlər üçün deyil, hətta dünyanın əksər ölkələri üçün çox maraqlı bir məkandır»

Proseslər göstərir ki, İran Azərbaycanla iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə indi xüsusi maraqlı tərəf kimi çıxış edir. Bunu İranın əksər rəsmilərinin çıxışlarında, təkliflərində hiss etmək olar. Hazırda İran Azərbaycan vasitəsilə Rusiya ilə iqtisadi və ticarət əlaqələrini genişləndirmək niyyətindədir. Bunu İranın Şərqi Azərbaycan ostandarlığının ostan müavini Səid Şəbüstəri də təsdiq edib.

Mütəxəssislər bu fonda ölkəmizin tranzit əhəmiyyətinin bir qədər də artacağını deyirlər. Eyni zamanda İranın Ermənistan ilə münasibətinə də yenidən baxma ehtimalı var. Mövzu ilə bağlı "Ekonomiks” BİAB-ın sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirir ki, Azərbaycan əlverişli coğrafii mövqeyi ilə təkcə qonşu dövlətlər üçün deyil, hətta dünyanın əksər ölkələri üçün çox maraqlı bir məkandır: "Quru, dəniz, dəmir yolları, boru kəməri və hava dəhlizi vasitəsilə Azərbaycan üzərindən bütün istiqamətlərdə yüklər daşınır və gələcəkdə bu yükdaşımaların həcminin dəfələrlə artırıla bilməsi perspektivləri böyükdür. Azərbaycan hökuməti son illlər ölkə ərazisindən tranzit yükdaşımalarının həcminin əsaslı şəkildə artrıla bilməsi istiqamətində bir çox işlər görmüşdür. İri nəqliyyat dəhlizlərinin yaradılması məqsədilə reallaşdırılan layihələr isə bu işin tərkib hissəsi kimi çıxış edir. Yaxın illərdə bu sahədə daha ciddi addımların atılması nəzərdə tutulur.

Bütün bu addımlar hökumətin ölkədə qeyri-neft sektorunun inkişafına dair müəyyən etdiyi kursdan qaynaqlanır. Gələcəkdə tranzit yükdaşımalardan Azərbaycan hökumətinin əldə edəcəyi vəsaitlər büdcə gəlirlərimizin mühüm tərkib hissəsinə çevriləcəkdir. Son illərdə Azərbaycanla İran arasında bir sıra sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi müşahidə olunur. İqtisadi sahədə əməkdaşlığın genişlənməsi isə öz əksini konkret olaraq iki ölkə arasında aparılan ticarət dövriyyəsinin getdikcə artmasında göstərir. Tranzit yükdaşımalar isə bu əlaqələrin vacib bir hissəsinə çevrilməkdədir. Bu sahədə Azərbaycan üzərindən İrandan Rusiyaya və əksinə daşınan yüklərin əhəmiyyəti böyükdür. Rusiya bazarı İran üçün, İran bazarı isə Rusiya üçün kifayət qədər maraqlıdır. İqtisadi və ticarət əlaqələrinin aparılmasında yükdaşımaların hər iki ölkə tərəfindən tranzit yolla Azərbaycan vasitəsilə həyata keçirilməsi bu ölkələrin hər biri üçün iqtisadi cəhətdən ən səmərəli yoldur. Bu səbəbdən də Azərbaycandan avtomobil yolu və gələcəkdə isə dəmir yolu vasitəsilə bu daşımaların daha da genişləndirilməsinin perspektivləri böyükdür. "Şimal – Cənub” Beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində tikilən Rusiya, Azərbaycan və İran dəmir yollarını birləşdirəcək Astara – Rəşt –Qəzvin nəqliyyat dəhlizinin istifadəyə verilməsi isə Azərbaycan üzərindən İrandan Rusiyaya və əksinə yükdaşımaların həcmini əsaslı şəkildə artıracaqdır.

Ermənistan öz ağılsız torpaq iddiaları ilə regionda son 20 ildən artıq bir vaxt ərzində reallaşdırılan bütün transmilli layihələrdə iştirakdan məhrum olub. İran-Azərbaycan iqtisadi və ticari əlaqələrinin genişlənməsi perspektivdə getdikcə defolt vəziyyətinə yaxınlaşan Ermənistanla İranın əlaqələrinə də mənfi təsir edəcəkdir. Borc içində üzən, dilənçi kökündə yaşayan, adı dövlət özü isə vassal statusunda olan bir ölkə ilə əlaqələr heç vaxt heç kimə maraqlı olmayıb. Bu, xüsusilə özünü investitsiyaların yatırılması sahəsində göstərir. İnvestitsiya olmadansa iqtisadiyyatın qalxması mümkün deyil. Getdikcə genişlənən İran-Azərbaycan iqtisadi əlaqələri İran-Ermənistan iqtisadi əlaqələrinin tədricən zəifləməsinə gətirib çıxaracaqdır”.

Mübariz BAYRAMOV
 


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi