"Azərbaycanın alternativ enerji mənbələri" -14.10.2015 (1 KİV)

 
 
2020-ci ildə ölkəmizdə istehsal olunacaq elektrik enerjisinin ən azı 20 faizinin məhz alternativ mənbələr hesabına əldə olunması əsas hədəfdir 

Bərpa olunmayan enerji mənbələri sayılan neft, qaz, daş kömürün tükənməsi, həmçinin ekoloji problemlər müasir dövrdə bütün bəşəriyyəti narahat etməkdədir. İndi hər kəs başa düşür ki, bərpa olunmayan enerji mənbələrindən aktiv surətdə istifadə onların getdikcə daha da azalmasına və qiymətinin bahalaşmasına gətirib çıxarır. Alimlərin bu narahatlıqdan irəli gələn araşdırmalarına görə, bugünkü istismar tempi ilə daş kömür 400-500, neft və qaz isə maksimum 100 ilə çatacaq. Digər tərəfdən, bərpa olunmayan enerji mənbələrindən aktiv istifadə, yer təkinin istismarı və yanacağın yandırılması planeti də eybəcərləşdirir, onun ekologiyasını getdikcə korlayır. Məhz bu kimi səbəblərdən bəşəriyyət qarşısında ekoloji təmiz, bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsi əsas vəzifə kimi dayanıb. Ona görə də inkişaf etmiş bir çox ölkələr alternativ enerji mənbələri əldə etmək üçün çoxsaylı layihələrə, geniş tədqiqatlara start veriblər. Aparılan tədqiqatlar həm də onu göstərib ki, bərpa olunan alternativ enerji mənbələri içərisində yalnız günəş və külək enerjisi, bioloji resurslar tükənməz və təbiətə tam təsirsizdirlər. Alimlər eyni zamanda belə qənaətə gəliblər ki, alternativ enerji təkcə qənaət və ətraf mühitin mühafizəsi üçün vacib deyil. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını da yumşaldır. Bu kimi səbəblərdən hələ illər öncədən İslandiya, Danimarka, ABŞ, Norveç, Almaniya və sair kimi ölkələrdə alternativ enerji istehsalına başlanılıb.

Möhkəm hüquqi baza və görülən işlər

Azərbaycan da dünyanın bir parçası olduğundan, müstəqil dünyəvi dövlət kimi kəşf və yeniliklərə böyük maraq göstərdiyindən, zamanın tələbi ilə hesablaşdığından, öz potensialına güvəndiyindən ölkəmizdə də alternativ enerji mənbələrinin əldə edilməsi istiqamətində müvafiq addımlar atılıb. İlk öncə möhkəm hüquqi baza yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiq olunub, Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) yaradılıb. 2012-2020-ci illər üçün Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması barədə qərardan bir müddət sonra isə ABEMDA-nın əsasnaməsi təsdiq edilib. Bununla da Agentlik Azərbaycanda alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirməyə, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəliliyini təşkil etməyə başlayıb. Görülən tədbirlər çərçivəsində 2011-14-cü illərdə Qobustan Külək (gücü 2,7 MVt) və Günəş (1 MVt) Elektrik Stansiyaları, Qobustan Bioqaz İstilik-Elektrik Stansiyası (1 MVt), Xızı rayonunun Şurabad ərazisində (gücü 15 MVt= 5x3 MVt və 25 MVt) 2 ədəd Külək Elektrik Stansiyası tikilib, Azərbaycan Diplomatik Akademiyasının ərazisində istilik nasosları vasitəsilə enerji istehsalı (1,3 MVt), ARDNŞ-nin ekoloji parkında (gücü 60 kVt) çoxsaylı bu kimi layihələr uğurla başa çatdırılıb. 2012-14-cü illərdə isə Pirəküşkül-1 (Cənub-gücü 60 MVt), Pirəküşkül-2 (Şimal-gücü 150 MVt), həmçinin Xızı rayonunun Şurabad, Sitalçay, Müşfiq qəsəbələrində 4 (33MVt=11x3MVt-25MVt-3,6MVt-9MVt) Külək Elektrik Stansiyası, respublikanın rayonlarında kənd məktəbləri, ictimai iaşə obyektləri, sosial yönümlü obyektlərində 15-20 m3 kiçik həcmli (ümumilikdə gücü 400-500 kVt) bioqaz stansiyaları və sair inşa edilib. Lakin bu, son deyil. Gələcək perspektivdə ABEMDA bu istiqamətdə daha yeni layihələrə imza atmağı planlaşdırıb.

Yer kürəsində enerjiyə olan tələbat

İqtisadçı ekspertlər də hesab edirlər ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin işlənməsi üçün əlverişli təbii şərait mövcuddur. "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bu barədə "Kaspi”yə açıqlamasında bildirib ki, hazırda dünyada alternativ mənbələr hesabına enerjiyə tələbatın çox az hissəsi ödənilsə də, sözügedən sahəyə diqqət getdikcə artır. Professorun sözlərinə görə, ənənəvi enerji mənbələrinin getdikcə tükənməsi onların tədricən alternatıv enerji mənbələri ilə əvəzlənməsini şərtləndirir: "Son onilliklər ərzində bu istiqamətdə az işlər görülməyib. Lakin buna baxmayaraq, hələlik bu sahədə ciddi nəticələr əldə olunmayıb. Bəzi təxminlərə görə, 2020-ci ilə Yer kürəsində enerjiyə olan tələbatın 12-15 faizi artıq alternativ enerji mənbələrinin payına düşəcək. Çağdaş dövrümüz alternativ enerji mənbələrinin tapılıb işlənilməsini zəruri edən xarakterə malikdir. Artıq dünyadakı ənənəvi enerji mənbələri (neft, qaz) tükənmək üzrədir. Ona görə də dünya alternativ enerji mənbələrinə möhtacdır. Hazırda dünyanın müxtəlif ölkələrində alternativ enerji mənbələri kimi günəş və külək enerjisindən istifadənin təkmilləşdirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Eyni zamanda o da müşahidə olunur ki, hidromühərriklərin istehsalı sahəsində də müəyyən irəliləyişlər var. İstilik enerjisi kimi isə əsasən üzvi gübrə kimi işlədilən saman, xəzəl və sair qatışığından ibarət heyvan və quş ifrazatından istifadə olunur. Bu gün Azərbaycanda da alternativ enerji mənbələrinin müəyyənləşdirilməsi məqsədilə müxtəlif pilot layihələr həyata keçirilir. Buna əsasən fermer təsərrüfatlarında rast gəlinir. Lakin bütün bunlar hələlik kütləvi və işlək mexanizmlər halına gətirilməyib. Hesab edirəm ki, ənənəvi enerji mənbələri tükəndikcə dünya alternativlər üzərində daha dərindən düşünməyə başlayacaq”.

Enerji mənbələrindən səmərəli faydalanmaq

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov da qəzetimizə açıqlamasında bildirib ki, dünyada alternativ enerji yalnız iqtisadi deyil, eyni zamanda ekoloji layihə kimi qəbul edilir. Bu kimi səbəblərdən o, Azərbaycanda da sözügedən istiqamətdə tədqiqatların aparılmasını, texnologiyanın öyrənilməsini təqdirəlayiq hal sayıb. Lakin qeyd edib ki, hələlik Azərbaycanda alternativ enerjinin həcmi ənənəvi enerjinin həcmi ilə müqayisədə çox azdır. Alimin sözlərinə görə, bunun bir səbəbi də alternativ enerjinin qiymətinin baha başa gəlməsidir: "Dünya bazarında neftin qiymətinin aşağı düşməsi fonunda alternativ enerjinin qiymətinin yüksək olması bir çox ölkələrdə, xüsusən də enerji resurslarına malik olan ölkələrdə alternativ enerjiyə marağı azaldır. Xərc və maya dəyərinin yüksək olması əsas çətinliklərdən biri kimi qəbul edilir. Bu, həm də texnologiyanın baha olması ilə əlaqədardır. Bundan başqa, Azərbaycanda alternativ enerjidən istifadə ənənəsi inkişaf etmiş bəzi ölkələrlə müqayisədə nisbətən zəifdir. Bu da Azərbaycanın əsrlərdir neft-qaz ölkəsi olması ilə bağlıdır. Hesab edirəm ki, ölkəmizdə alternativ enerji mənbələrindən istifadə ilə bağlı elmi araşdırmaların daha da genişləndirilməsinə ehtiyac var. Bu yolla külək enerjisi ilə bərabər, digər alternativ enerji mənbələrindən də səmərəli faydalanmaq, həmin mənbələrin ümumi enerji istehlakında həcmini artırmaq olar. Paralel olaraq, özəl şirkətlərin alternativ enerjidən istifadə maraqlarını da artırmaq gərəkdir. Bunun üçün xüsusi təşviqedici güzəştlərin olması əsas şərtdir. Özəl şirkətlər bu yolla alternativ enerjidən istifadə etməyə cəlb edilməklə bərabər, özləri də alternativ enerjiyə investisiyalar yatırmağa maraqlı olacaqlar”.

İstilik və su elektrik stansiyaları

İqtisadçı ekspert Nicat Hacızadə isə mövzu ilə bağlı deyib ki, Azərbaycanda alternativ enerji mənbələri üzrə potensial mövcuddur. Ekspertin qənaətinə görə, xüsusilə külək, günəş, kiçik su elektrik stansiyalarının yaradılması üzrə mövcud perspektivlər var: "Azərbaycanın enerji tələbatının ödənilməsində əsas yerləri istilik və su elektrik stansiyaları tutur. Statistik məlumatlar göstərir ki, bu rəqəm alternativ və bərpa olunan enerji mənbələri üzrə 0,01-0,05 faiz arasında dəyişir. Təbii ki, bu rəqəm ürəkaçan deyil. Amma bu istiqamətdə dövlət tərəfindən müvafiq tədbirlər görülür. Buna nümunə kimi biz Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyini göstərə bilərik. Bundan əlavə, bu sahənin inkişafı üçün ayrılan qrantları göstərmək olar. Avropa Enerji Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın əsas prioritetlərindən biri də alternativ enerji mənbələrinin inkişafıdır. Bir sıra inkişaf etmiş ölkələrin bu sistemə keçməsi dünyada neft və neft məhsullarına olan tələbatı azaldır. Ona görə də nə qədər ki, bizim ölkədə bu potensial mövcuddur, istifadə etmək lazımdır”.

Əlverişli təbii şərait

İqtisadçı-ekspert Pərviz Heydərov da "Kaspi”yə bildirib ki, ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrinə investisiyalar yatırılır. Onun sözlərinə görə, təkcə 2014-cü ildə sözügedən sahəyə 63,6 milyon manat, 2000-ci ildən bəri isə 800 milyon manatdan çox vəsait yatırılıb. Ekspert deyib ki, ümumiyyətlə, yaxın 5 il ərzində alternativ enerji əldə etmək üçün sayca 100-dən çox obyekt tikib istifadəyə vermək nəzərdə tutulur: "Cari ilin yanvar-mart aylarında ölkədə külək enerjisi ilə çalışan stansiyalarda 2,2 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub ki, bu da olduqca kiçik rəqəmdir. O baxımdan ki, Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Lakin bundan tam istifadə olunmur. Hesablamalara əsasən, sözügedən sahədə 12 min meqavatdan çox güc yatır. Bunun 5 min meqavatı günəş enerjisinin, 4500-ü külək, 1500-ü biokütlə, 800-ü geotermal, 350 meqavatı isə kiçik su elektrik stansiyalarının enerjisinin payına düşür. Məsələn, külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Azərbaycan özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kilovat/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası, ildə külli miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon- dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir”. 

Çayların hidroenerji potensialı

İqtisadçı ekspertin qənaətinə görə, Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır: "Günəşli saatların miqdarı il ərzində ABŞ-da və Orta Asiya ölkələrində 2500-3000 saat, Rusiyada 500-2000 saat, Azərbaycanda isə 2400-3200 saatdır. Bundan əlavə, ölkədə hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar var. Tədqiqatlar göstərib ki, Azərbaycanda çayların tam hidroenerji potensialı 40, texniki cəhətdən əlverişli potensial 16 milyard kilovat/saat təşkil edir. Bunun da 5 milyard kilovat/saatı kiçik su elektrik stansiyalarının payına düşür. Biokütlə enerjisinə gəldikdə isə ölkədə yanma qabiliyyəti olan sənaye, meşə təsərrüfatı və ağac emalı sahələrinin, kənd təsərrüfatı məhsulları və üzvi birləşmə, məişət və kommunal, o cümlədən neft və neft məhsulları ilə çirklənmiş sahələrdən alınan tullantılardan ibarət biomaddə mənbələri mövcuddur”.

Gələcəyə ümidli baxış

Son olaraq qeyd edək ki, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə tam miqyasda istifadə məsələləri və strategiyası bilavasitə Prezident İlham Əliyevin nəzarəti altındadır. Məhz onun uzaqgörənliklə imzaladığı sərəncamlar nəticəsində həyata vəsiqə alan və dövlət qurumu kimi formalaşan ABEMDA da ölkə başçısının "Enerji potensialımız tələbatımızı daim qabaqlamalıdır” fikrini daim əlində rəhbər tutur. Elə bunun nəticəsidir ki, 2020-ci ildə Azərbaycanda ümumən istehsal olunacaq elektrik enerjisinin ən azı 20 faizinin məhz alternativ mənbələr hesabına əldə olunması əsas hədəfə çevrilib.

http://www.kaspi.az/news.php?id=24271



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi