"Xəzər üzərindən iki ölkəni birləşdirən körpü" -19.08.2015 (1 KİV)

"Xəzər üzərindən iki ölkəni birləşdirən körpü" -19.08.2015 (1 KİV)

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fikrət Yusifov : "Xəzər dənizinin üzəri ilə asma körpünün tikintisi ideyasına bugünkü mühəndis fantaziyaları prizmasından real baxmaq lazımdır”
 
Çin-Azərbaycan nəqliyyat əməkdaşlığı genişlənir. Sözügedən ölkədən Azərbaycana gələn ilk sınaq konteyner qatarından sonra Çin Xəzər dənizinin üzəri ilə Qazaxıstandan Azərbaycana körpü tikintisini həyata keçirməyə hazırlaşır.
Artıq Çin tərəfi layihənin detallarını işləyib hazırlayır. Layihənin təfərrüatları bilinməsə də, nəhəng qurğunun inşası artıq tez bir zamanda başlaya bilər. Bu barədə məlumatı Qazaxıstanın "Almatı" telekanalının efirində yayımlanan "Delovoe vremya" proqramında məlumat verilib.
İqtisaçıların fikrincə, bu layihə ölkəmiz üçün müsbət hadisədir. Qeyri-neft sektorunun inkişafına və dövlət gəlirlərinin artımına xidmət edəcək. Mövzu ilə bağlı "Mövqe” ilə fikirlərini bölüşən "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı professor Fikrət Yusifov bildirdi ki, tarix boyu mühəndis düşüncəsinin ortaya qoyduğu nəhəng layihələr başlanğıc mərhələdə ciddi müqavimətə və etirazlara səbəb olub: "Lakin illər ötdükcə bu layihələrin unikallığı sonda hər kəsi heyran qoya bilib. Tarixə qısa bir ekskursiya edək. Qardaş Türkiyədə 1970-ci illərin əvvəlində Bosfor boğazı üzərindən salınmış ilk asma körpünün bünövrəsinin qoyulması 1950-ci ildə nəzərdə tutulsa da, bu iş yalnız 1973-cü ilin sonunda başa çatdı. Turqut Özalın ölkə prezidenti olduğu dövrdə o, bu körpünün tikintisinə hər dəfə təşəbbüs göstərərkən, Türkiyə parlamenti büdcədən bu layihəyə vəsait ayrılmasının qarşısını alırdı. Sonda T.Özal müvafiq hüquqi aktlarda zəruri dəyişikliklərə nail olmaqla körpünün tikintisinin məsuliyyətini öz üzərinə götürüb, onun inşasına müvəffəq oldu. Uzunluğu 1500 metr, eni 33 metr, sudan hündürlüyü 64 metr olan bu körpü bu gün bir sutka ərzində 600 000 sərnişinin, 200 000 avtomobilin bir qitədən digərinə keçməsinə xidmət edir. Körpü inşa edildiyi 1973-cü ildə dünyada ən uzun asma körpülər içərisində 4-cü yerdə idisə, hazırda uzunluğuna görə 22-ci yerdədir.
Başqa bir misal, Fransanın paytaxtında 1889-cu ildə tikilmiş Eyfel qülləsi ətrafında da onun tikintisi ərəfəsində və hətta tikinti başa çatandan bir xeyli sonrakı dövr ərzində Parisin və Fransanın yaradıcı intellgensiyası çox ciddi müqavimət göstərmişdilər. Onlar dəmir konstruksiyalardan yığılmış bu qüllənin Parisin arxitekturasına ciddi xələl gətirəcəyinə, şəhərin əsrlər boyu formalaşmış bənzərsiz arxitektura ansamblını pozacağından narahat idilər. Əslində isə, bu qüllə sonradan şəhərin simvoluna çevrildi. Bu gün Parisə gedən hər bir xarici vətəndaş bu qülləni görmədən, onun yüksəkliyinə qalxmadan yəqin, Parisi gəzdiyini kiməsə deməyə utanar. Daha bir real misal Azərbaycana aiddir. 2004-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Əsrin Müqaviləsi imzalananda bəzi "çoxbilmişlər” Bakı-Tiflis-Ceyhan Əsas İxrac Neft Boru Kəməri layihəsinin reallaşacağına inanmaq istəmirdilər. Həyat, zaman isə bunun əksini hər kəsə sübut etdi.
İndi isə Qazaxstanın ərazisindən Xəzər dənizinin üzəri ilə asma körpünün tikintisi ideyasına bugünkü mühəndis fantaziyaları prizmasından real baxmaq lazımdır. Texniki cəhətdən bu layihənin reallaşma imkanları çağdaş dövrümüzdə yəqin ki, heç kimdə şübhə doğurmaz. Layihənin ən ciddi tərəfi onun maliyyə təminatıdır. Son onilliklər ərzində dünya iqtisadiyyatının lokomotivinə çevrilmiş Çinin belə bir layihəyə qol qoyması o deməkdir ki, onlar bunun səmərəliliyini tam dəqiqliyi ilə ölçə biliblər. Layihənin əsaslandırılmasında mühüm məqamlardan biri ondan ibarətdir ki, mütəxəssislər bu gün Çindən Avropa Birliyinə quru yolla daşınan yüklərin miqdarının su yolu ilə daşının yüklərin miqdarından 100 dəfə az olduğunu, hətta Rusiyaya yüklərin çoxunun dəniz yolu ilə Finlandiya vasitəsilə çatdırıldığını əsas gətirirlər. Dəniz yolu həm uzundur, həm də yüklərin təyinat yerinə çatdırılmasına bu yolda quru yolunda olduğundan bir neçə dəfə artıq vaxt sərf olunur ki, bu da yük dövriyyəsinin çox aşağı düşməsinə gətirib çıxarır. Bütün bu səbəblərdəndir ki, Çin tərəfi bu layihənin reallaşdırılmasına "İpək Yolu”na çəkiləndən 100 dəfə artıq xərc çəkməyə hazırdır. Bu körpünün tikilməsi tranzit ölkə kimi Azərbaycandan böyük bir yük axınının keçməsinə şərait yaradacaqdır. Bu da büdcəmiz üçün yeni bir gəlir mənbəyi deməkdir”.
Professor onu da əlavə etdi ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu – "Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” marşrutu üzrə hərəkət edən "Nomand ekspress” ilk sınaq konteyner qatarı avqustun 3-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gəlib çatıb: "Transxəzər marşrutu üzrə hərəkət edəcək ilk sınaq konteyner qatarı Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (BTNM) inkişafı üzrə Koordinasiya Komitəsində əldə olunan razılığa əsasən təşkil edilib. Layihə "Qazaxıstan temir jolı” SC, "Çin Dəmir Yolları”, "Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir. Bütün bu kimi layihələr Azərbaycanın Asiya ilə Avropanı əlaqələndirən mühüm bir məkan olduğunu bir daha sübut edir”.
 



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi