“Gizli əl” dövrədə: Neftin qiyməti 50 dolları keçəcəksə... 03.12.2016 (1 KİV)

Hasilatın azaldılması qərarı ümidləri artırır, ancaq…

Fikrət Yusifov: "ABŞ istəsə, bahalaşacaq”

Zəfər Vəliyev: "Öhdəlik sazişinə necə əməl ediləcəyi suallar doğurur”

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələr neft hasilatını gündəlik 600 min barel azaldacaqlarına, Rusiya isə istehsalını sutkada 300 min barel aşağı salmasına söz verib. Qətərin energetika naziri və OPEC Konfransının prezidenti Mohammed bin Saleh Al-Sada neft hasilat səviyyəsini azaldılması qərarının kartelə üzv ölkələrin birgə əməkdaşlığı nəticəsində mümkün olduğunu bildirib: "Bu, mühüm bir nailiyyətdir. Həmin qərar OPEC-ə üzv və qeyri-OPEC ölkələrin məsuliyyəti öz üzərlərinə götürməsi nəticəsində qəbul olundu.
İclasda qlobal iqtisadi proseslər, neft hasilatı və tələbat nəzərdən keçirildi, neft bazarının yenidən balanslaşdırılması üçün qərar qəbul edildi. OPEC neft hasilatı gündəlik 1,2 milyon barel azaldılacaq. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq”.
O deyib ki, qərarın icra edilməsi Əlcəzair, Küveyt, Venesuela və iki qeyri-OPEC ölkəsinin üzvü olduğu Monitorinq Komitəsi tərəfindən yoxlanılacaq. OPEC-in növbəti iclası gələn ilin mayında Vyanada keçiriləcək.Həmin iclasda bu qərar yenidən qiymətləndiriləcək, məqbul qəbul edildikdə isə yenidən 6 ay daha uzadıla bilər.Qərara görə, ən çox neft hasilatını SəudiyyəƏrəbistanı azaldacaq.Bu ölkə neft istehsalını gündəlik 486 barel azaldacaq.İstehsalını artıracaq yeganə ölkə isə İran olub.Bu ölkə gündəlik hasilatını 90 barel artıracaq.Liviya və Nigeriya isə öz istehsal səviyyəsini qoruyacaqlar.Qarşıdakı müddətdə OPEC Konfransına Səudiyyə Ərəbistanının sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih prezidentlik edəcək.
OPEC-in yeni kvotasına görə, yanvarın 1-dən ölkələr yekun neft ixracının göstəriciləri belə olacaq: BƏƏ əvvəllər gündəlik 3,013 milyon barel neft ixrac edirdisə, artıq razılaşmaya görə 139 min barel azaldaraq 2,874 milyon barelə endirəcək. OPEC-ə üzv digər ölkə Küveyt isə gündəlik neft hasilatını 2,838 milyon bareldən 139 min barel azaldaraq 2,707 milyon barelə endirəcək. Əlcəzair 50 min, Anqola 87 min, Ekvador 26 min Qabon 9 min, Qətər 9 min, Venesuela 95 min barellə razılaşdırılıb. İran üçün kvota sutkada 3,797 milyon barel müəyyən edilir.Bu, İranın oktyabr ayına qədərki neft ixracatından bir qədər artıqdır.Liviya və Nigeriya istehsal məhdudiyyətlərindən azad olduqları halda, təşkilata İndoneziya öz üzvlüyünü dayandırıb.
"Lazımi nəticəni əldə etmək mümkün olmayacaq”
 
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professorFikrət Yusifov "Cümhuriyət” qəzetinə bildirib ki, nəhayət OPEC son iki il ərzində keçirdiyi çoxsaylı toplantılardan sonra hasilatın azaldılmasına dair müsbət qərar qəbul edə bildi:
"Ancaq Kartelin bu qərarının nə qədər səmərə verəcəyi böyük şübhə altındadır. Hesab edirəm ki, o ya tam işləməyəcək, ya da müəyyən qədər işləsə belə, lazım olan nəticənin əldə edilməsi mümkün olmayacaq.Dəfələrlə bu fikirləri səsləndirmişik ki, neftin qiymətlərini dünya neft hasilatının 1/3-ni verən bir təşkilat həll etmir.Bu təşkilat ona üzv olmayan başqa neft hasil edən bəzi ölkələri də qəbul etdiyi qərara qoşsa da belə, neftin qiymətlərində ciddi bir dəyişikliyin baş verəcəyi gözlənilən deyil.Dünya bazarlarında neftin qiymətlərinin qalxmasını yalnız ABŞ istəməlidir.Bu istək olarsa, onda qiymətlər qalxacaq. O isə hələlik yoxdur və onun yaxın gələcəkdə yaranacağı gözlənilən deyil. Çünki bu qiymətlərin kökündə Rusiya Qərb, Rusiya ABŞ qarşıdurmasından qaynaqlanan siyasi motivlər dayanır.Trampın prezident seçilməsi və onun Rusiya ilə münasibətləri yaxşılaşdırmağa dair bəyanatları da bu vəziyyəti dəyişməyəcək.Çünki ABŞ dövlətinin strateji maraqları var və bu maraqlar prezidentin istəyi ilə üst-üstə düşməyə bilər. Əgər OPEC-in son qərarı işləyərsə və real olaraq neftin gündəlik hasilatını azaltmaqla onun qiymətlərinin qalxmasına nail olunarsa, bu halda ABŞ öz şist neft hasilatını artırmaq yolu ilə vəziyyəti istədiyi kimi tənzimləyəcək. Çünki qiymətlər qalxdıqca şist neftin hasilatı həm də daha çox sərfəli olacaqdır”.
"Rusiya da razılıq verib”
 
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə bildirib ki, OPEC-in Vyana toplantısında sutkalıq hasilat həcmlərinin 1.2 milyon azaltmaqla bağlı qərar qəbul olundu: "OPEC üzvü 14 dövlətə (Liviya və Nigeriya istisna olmaqla) konkret 6 ay müddətində aylıq kvotalar qoyuldu.Noyabrın sonuna olan məlumata görə, OPEC-in sutkalıq hasilat həcmi 33 milyon 600 min barel olub. İndi 32 milyon 500 min barel olacaq.Deməli 1.2 milyon barel sutkalıq hasilat həcmlərini azaldılması ilə bağlı ümumi razılığa gəlinib.OPEC-in indiki strategiyasına etiraz əlaməti olaraq İndoneziya öz üzvlüyünü dayandırıb.İndoneziya əvvəllər OPEC üzvü olub, sonra sutkalıq hasilat həcmlərinin aşağı düşməsi ilə bağlı bu təşkilatdan kənarda dayanmışdı.Bu ilin əvvəlində yenidən üzvlüklə bağlı OPEC-ə yazılı müraciət etmişdi və qəbul edilmişdi.
İmzalanmış saziş 2017-ci ilin iyun ayına qədər OPEC-in yüksək səviyyəli komitəsi tərkibində monitorinq həyata keçirəcək. Bura Venesuela, Əlcəzair, Küveyt və Qətər dövlətləri cəlb olunacaq. Qrupa iki nümayəndə də OPEC kənar dövlətlərdən təyin olunacaq.OPEC kənar dövlətlər də öhdəlik götürüb.Müstəqil hasilatçılara da tövsiyə olunub ki, sutkalıq hasilatını 600 min barel aşağı salsınlar. OPEC 1 milyon 200 min barel, üstəgəl müstəqil hasilatçılar 600 min barel cəmi 1 milyon 800 min barel neft edir. Beynəlxalq bazarlarda tarazlığın bərqərar olmasına cüzi də olsa, təsir edəcək bir qərardır.Rusiya artıq sutkalıq hasilatı 300 min barel aşağı salmaqla bağlı ilkin razılıq verib”.
Ekspert qeyd edib ki, öhdəlik sazişinə necə əməl ediləcəyi suallar doğurur:
"Səudiyyə Ərəbistanı sutkalıq hasilatın 10 milyon 56 milyard olacağı barədə öhdəlik götürüb. Maraqlıdır ki, Səudiyyə Ərəbistanı bu öhdəliyə əməl edəcəkmi?Yaxud İraq sutkalıq hasilat həcmlərini 220 min barel aşağı salmaqla bağlı öhdəlik götürüb. O, buna 6 ay müddətində əməl edəcəkmi? Əgər əməl ediləcəksə, buna ümumi nəzarət necə olacaq?Bu, olduqca çətin bir məsələdir.Hasilatçı ölkələr hesab edirlər ki, OPEC-in çıxardığı qərarlardan sonra beynəlxalq enerji bazarlarında çox güclü canlanma olacaq. Artıq beynəlxalq enerji bazarları bu qərara adekvat reaksiya verdi. Noyabrın 30-da neftin qiymətində 8-10 faiz arası dəyişiklik müşahidə olundu.Hələ ki, rezervlərdə kifayət qədər sərbəst fiziki həcmlər olduğuna görə, qarşıdakı aylarda ciddi sıçrayışların olması mümkün deyil.Uzaqbaşı neftin qiyməti 55-56 dollara qədər arta bilər”.
Zəfər Vəliyev toplantıda İrana xüsusi güzəşt statusu tətbiq edilməsinə də diqqət çəkib. Ekspert iclasdan əvvəl İranın neft naziri açıq bəyanatını xatırladaraq qeyd edib ki, nazir sutkalıq hasilat həcmlərinin artırılmasını İran xalqının tələbi olduğunu deyib: "2012-ci ilə qədər İranda sutkalıq hasilat həcmləri 4.2 milyon bareldən çoxalıb. İranın çox geniş coğrafi ərazini əhatə edən satış bazarları mövcud olub.Sanksiya dövründə onların böyük əksəriyyətini əldən çıxarıb.Faktiki dünyada 3 milyon 797 milyon barel hasilat həcmləri yoxdur.Bu ilin iyun, iyul, avqust və sentyabr ayı da daxil olmaqla İranda sutkalıq hasilat həcmləri daim sabit qalıb.Qarşıdakı aylarda İranın İraqla sərhədindəki yataqlarında hasilat həcmləri artım müşahidə olunacaq”.
"Neftin qiyməti 50 dolları keçəcəksə...”
Analitik qarşıdakı aylarda enerji bazarlarında qiymət artımına təsir edən bir sıra amillərin olduğunu da vurğulayıb. O qeyd edib ki, enerji bazarlarında qiymət artımı ABŞ, Çin, Hindistan, Yaponiya və Cənubi Koreyanın sutkalıq istehsal həcimlərindən çox asılı olacaq: "Əgər qarşıdakı aylarda ABŞ-da sutkalıq hasilat həcmləri artarsa, bu, beynəlxalq enerji bazarlarında neftin qiymətini təhdid altına alan bir amil olacaq. Yaxud Amerika Federal Ehtiyat Sistemi yenidən uçot stafkasının artırılması ilə bağlı qərar qəbul edərsə, bu da enerji bazarlarını təhdid altına alan növbəti addım olacaq. Üçüncü amil Çinin idxal həcmləri ilə bağlı olacaq.Əgər Çinin idxalında artım müşahidə olunacaqsa, təbii ki, bu, beynəlxalq enerji bazarlarına maqnetik təsir edəcək.Neftin qiymətinin aşağı olması fonunda Çin enerji şirkətləri özlərinin aktivində olan yataqlardakı hasilat həcmlərini aşağı salmışdı.Onlar maya dəyərinin çox yüksək olmasını nəzərə alaraq aktivlərində olan neft yataqlarında hasilat həcmlərini aşağı salıb idxala üstünlük vermişdilər.Əgər neftin qiyməti 50 dolları keçəcəksə, hesab edirəm ki, Çində həm qazma aktivi müşahidə olunacaq, həm də sutkalıq hasilatda artım olacaq.Əgər bu baş verərsə, Çin gündəlik idxal həcmlərini azaldacaq. Bu da neftin qiymətini təhdid altına alan amilə çevrilir”.

Yeganə Oqtayqızı
Cebhe.info

http://cebhe.info/oxu/40982/



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi