Büdcədənkənar vəsaitlərin xərclənməsinə nəzarət gücləndirilir 24.112016 (1 KİV)

«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları»nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı qüvvəyə minib.
Qaydalara görə,  büdcədənkənar vəsaitlər xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu tutan təşkilatların xəzinə hesabına köçürülmüş dövlət rüsumunun 25%-ni nəzərdə tutur. «Avtomobil Yolları» Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilən xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  tərəfindən təşkil edilən xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarına isə  bu qaydalar şamil edilmir.

İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, qanunda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun bir hissəsinin həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının büdcədənkənar hesablarına köçürülməsi bu qurumlarda fəaliyyət göstərən işçilərin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə atılan addımdır. Dövlət qulluğunda çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması, eyni zamanda, məmur-vətəndaş münasibətlərində neqativ halların aradan qaldırılmasına xidmət edir. Hökumətin atdığı bu addım bütövlükdə ölkədə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin tərkib hissəsi kimi dəyərləndirilə bilər.
Ekspert bildirib ki, büdcədənkənar vəsaitlər üzrə əməliyyatların həyata keçirilməsi üçün dövlət rüsumu tutan təşkilatların müvafiq rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarında və regional xəzinədarlıq orqanlarında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən xəzinə hesabı açılır ki, bu da dövlət rüsumuna görə dövlət büdcəsinə daxil olmuş məbləğin 75%-ni dövlət büdcəsinin gəlirlərinə, 25%-ni dövlət rüsumu tutan təşkilatların büdcədənkənar gəlirlərinə aid edilir: «Dövlət büdcəsi vəsaitlərinin 25%-nin dövlət rüsumu tutan təşkilatların xəzinə hesabına köçürülməsi Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən büdcə gəlirlərinin müvafiq təsnifatı üzrə daxilolmaların azaldılması hesabına həyata keçirilir. Maliyyə Nazirliyi növbəti ilin dövlət büdcəsi haqqında qanun qəbul edildikdən sonra 10 gün müddətində büdcədənkənar vəsaitlərin bölgüsünü icmallaşdıraraq təsdiq edir və dövlət rüsumu tutan təşkilatlara göndərir. Büdcədənkənar vəsaitlər təsdiq edilmiş gəlirlər və xərclər smetasına uyğun olaraq dövlət rüsumunu tutan təşkilatların işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə təyinatı üzrə istifadə edilir. Gəlirlər və xərclər smetasının təsdiq edilməsinə qədər büdcədənkənar vəsaitlərin xərclənməsinə yol verilmir. Dövlət rüsumu tutan təşkilatların işçilərinin büdcədənkənar vəsaitlər hesabına hər ay üzrə mükafatlandırılması dövlət büdcəsində bu orqanlar üçün müəyyən olunmuş aylıq əməkhaqqı fondunun iki misli həcmindən çox olmamaqla nəzərdə tutulur. İlin sonuna büdcədənkənar vəsaitin istifadə olunmayan məbləği dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür».

Yeni qaydaların qəbulu ilə əlaqədar Nazirlər Kabinetinin «Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin  sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən 30%-lik vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə forma»nın təsdiq edilməsi haqqında» 2012-ci il 6 iyun tarixli qərarı ləğv edilib. Həmin qərar daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədilə qeydiyyat orqanının xüsusi hesabına 30%-lik vəsaitin köçürülməsi və buna dair hesabatın hazırlanaraq təqdim edilməsini əhatə edirdi. Qaydalara əsasən,  Maliyyə Nazirliyinə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan 30%-lik vəsaitin işçilərin («ASAN xidmət» mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədilə qeydiyyat orqanının xüsusi hesabına köçürülməsini təmin etmək tapşırılmış və bu sahədə nəzarətin həyata keçirilməsinə dair əhatəli prosedur qərarda əksini tapmamışdı. Yeni qaydalar bu sahədə mükəmməl prosedurların yaradılması ilə nəzarətin sərtləşdirilməsinə və məsələlərin həllinə  gətirib çıxaracaqdır.

FƏXRİYYƏ

http://vergiler.az/art-view/5240/



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi