OPEK hasilatla bağlı niyə qərar verə bilmir? – Şərh 15.10.2016 (1 KİV)

Neftin qiyməti yaxın dövr üçün 50 dollar civarında dəyişəcək, kiçik faizlərlə enmə və qalxmalar müşahidə olunacaq.
 
Bu sözləri OPEK-ə üzv ölkələrin növbəti toplantısını Axar.az-a şərh edən keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib. Onun sözlərinə görə, 2 il ərzində yalnız son toplantısında hasilatın azaldılmasına dair pozitiv qərar əldə edən OPEK-in növbəti iclasda müsbət qərarı imzalayacağı real görünmür:
 
"Məsələ ondadır ki, OPEK dünyada neft hasilatının üçdə birini verir. Yəni OPEK ancaq ona üzv olan ölkələr üçün qərar qəbul edə bilər. Belə olan halda öz istehsallarını 1 gündə 1milyon və yaxud 1, 5 milyon barrel azaltmaqla nəyə nail olacaqlar? Bir tərəfdən Rusiya hasilatı artırır, başqa bir tərəfdən isə neftin qiyməti qalxacağı halda ABŞ-da istehsal olunan şist (slans) neftinin hasilatı da genişlənəcək. Nəticədə bazarda neft təklifi artacaq. Vəziyyət olduqca mürəkkəbdir, üstəlik, İran, Səudiyyə, Rusiyanın öz maraqları, dünya iqtisadiyyatın dörddə birinə sahib olan hegemon ABŞ-ın isə öz maraqları var. Ona görə də OPEK və qeyri-OPEK ölkələri hər hansı addımlar atsalar belə, əsas təsir gücü ABŞ-dadır. Bundan öncə alınan müsbət qərar növbəti toplantıda asanlıqla pozula və hər şey əvvəlki vəziyyətinə qayıda bilər.
 
Müsbət qərar edilsə belə, OPEK bununla dünya neft bazarına necə təsir edəcək? Çünki neftin üçdə ikisini təşkilata üzv olmayan ölkələr hasil edirlər. Ona görə də neftin qiyməti yaxın dövr üçün 50 dollar civarında dəyişəcək, kiçik faizlərlə enmə və qalxmalar müşahidə olunacaq”.
 
Ekspert OPEK-lə yanaşı, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) növbəti dəfə toplanmasını da şərh edib:
 
"FES-in hər dəfə faiz dərəcələrinin artırılması ilə bağlı gözləntiləri özünü doğrultmur. Bunun səbəbi ABŞ-ın öz milli valyutası ilə bağlı hər hansı bir addım atarkən qlobal iqtisadiyyatda baş verən prosesləri çox dərindən təhlil etməsidir. Çünki qlobal iqtisadiyyatda baş verənlər birbaşa ABŞ-a təsir edir. ABŞ hazırda faiz dərəcələrinin  artırılması ilə bağlı çox ehtiyatlı davranır. Bunun nəticəsidir ki, məsələ dəfələrlə gündəmə çıxarılsa da, qərar qəbul edilmir. Çünki makro-iqtisadi göstəricilər üzrə iqtisadi artım, işsizlik və inflyasiya səviyyəsi proqnozlaşdırılan səviyyədə icra olunmayıb. Hesab etmirəm ki, növbəti toplantıda müsbət qərar qəbul ediləcək. Müşahidələr göstərir ki, hələ də ABŞ iqtisadiyyatında proqnozlaşdırılan müsbət nəticələr gözlənilən həddə deyil”.
 
Qeyd edək ki, OPEK ölkələri bundan öncə Əlcəzairdə 33,24 milyon barrel olan gündəlik neft hasilatını 32,5 milyon barrel səviyyəsində saxlamaq barədə razılığa gəliblər.
 
Neft hasil ölkələr növbəti dəfə noyabrda Vyanada toplanacaqlar.
 
FES-in isə iclası noyabr ayının 1-2-də keçiriləcək. 
 


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi