Azərbaycana xarici investisiya axını artacaq 30.09.2016 (1 KİV)

Fikrət Yusifov: "Azərbaycan indi xarici investisiyaların cəlb edilməsi üçün ən münbit ölkələrdən birinə çevrilib”

Azərbaycan dünyanın qlobal rəqabətqabiliyyətlilik reytinqində öz mövqeyini il ərzində bir qədər də yaxşılaşdırıb. Bu barədə Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan reytinq cədvəli deməyə əsas verir. Azərbaycan ötən ildən bu yana öz mövqeyini yaxşılaşdıraraq bir pillə irəliləyib və siyahıda 37-ci yeri tutub. Bu, MDB məkanında ən yüksək göstəricidir. 

Qeyd edək ki, keçmiş SSRİ respublikaları arasında Rusiya 43, Litva 35, Estoniya 30, Qazaxıstan 53, Ukrayna 85-ci yerdə qərarlaşıb. Belarus isə ümumiyyətlə, reytinqə düşməyib. ÜİF ölkələrin rəqabətqabiliyyətlilik reytinqini 110-dan çox göstərici əsasında hazırlayır. Bura infrastruktur, əmtəə və əmək bazarının səmərəliliyi, təhsil və səhiyyənin keyfiyyəti, ölkədə makroiqtisadi şərait, innovasiya, maliyyə bazarının inkişafı və s. daxildir. Mütəxəssislərin fikrincə, Azərbaycanın dünyanın qlobal rəqabətqabiliyyətlilik reytinqində öz mövqeyini yaxşılaşdırması ölkədə aparılan iqtisadi islahatların nəticəsidir ki, Forum bunu görməyə bilməzdi. Məhz bu amil ölkəyə xarici investisiyanın axınını daha da artıracaq. 
Keçmiş maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov "Mövqe”yə bildirdi ki, Ümumdünya İqtisadi Forumu tərəfindən hazırlanan qlobal rəqabətqabiliyyətlilik reytinqində Azərbaycan keçən illə müqaisədə bir pillə irəliləyəərk 37-ci yerə yüksəlməsi və bu göstəriciyə görə praktik olaraq Avropa Birliyinə daxil olan ölkələrlə bir sırada dayanması çox mətləblərdən xəbər verir: "Ümumdünya İqtisadi Forumu bu reytinqi hər bir ölkə üzrə 110-dan çox göstəricisi əsasında hazırlayır. Deməli, hər bir ölkənin bu sahədə hansı yerdə dayanmasını müəyyən etmək üçün tək makroiqtisadi göstəricilərin vəziyyəti deyil, başqa bütün göstəricilər də  araşdırılır. 
Bir müddət öncə Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbərlikləri neftin qiymətlərinin kəskin aşağı düşdüyü durumda iqtisadiyyatı neftlə bağlı olan Azərbaycanda hökumətin apardığı iqtisadi islahatları yüksək dəyərləndirmiş və bu sahədə ona öz köməklərini təklif etmişdilər. Dünya bazarlarında neftin qiymətlərinin kəskin azaldığı vəziyyətdə son bir il ərzində Azərbaycan Prezidentinin təşəbbüsü ilə ortaya qoyulan yeni iqtisadi model və onun reallaşdırılması istiqamətində qəbul olunan qərarlar dünyada fəaliyyət göstərən beynəlxalq iqtisadi və maliyyə qurumlarının və beynəlxalq reytinq agentliklərinin gözləri qarşısında baş verir. Azərbaycan hökuməti son bir ildə ölkədə azad sahibkarlığın sürətli inkişafına meydan açmağa yönəlik onlarla qətiyyətli qərarlar qəbul edib. Aqrar sektorda bir neçə il ərzində inqilabi dəyişikliklərə gətirib çıxaracaq addımlar atılır. Eyni qaydada tranzit yükdaşımaların həcminin dəfələrlə artırılması və turizmin inkişafı istiqamətində çox ciddi işlər görülür”. 
Professor əlavə etdi ki, aparılan iqtisadi islahatlar və ölkədə hökm sürən ictimai – siyasi sabitlik şəraitində  Azərbaycan indi xarici investisiyaların cəlb edilməsi üçün ən münbit ölkələrdən birinə çevrilib: "Dünyada gedən iqtisadi böhran bizdən yan keçməsə də belə, Azərbaycana investisiya axını davam edir. Bütün bunları əsas götürən Ümumdünya İqtisadi Forumu budəfəki reytinq cədvəlində Azərbaycanın bir pillə də irəlilədiyini bəyan etdi”.


Mübariz BAYRAMOV

http://www.movqe.az/88737.html



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi