pattern

XƏBƏRLƏR

ANA SƏHİFƏ | XƏBƏRLƏR

Fikrət Yusifov: “Satışa çıxarılan mənzillərin bir kvadratmetri hardasa 300 manata başa gəldiyi halda, onu 1500 manata satırlar”

4/3/2021

  • paylaş:

Azərbaycanda yeni tikilən çoxmərtəbəli binalardakı mənzillərin əksəriyyəti satışa təmirsiz çıxarılır. Bu ənənə 20 ildən çoxdur ki, davam edir. Bütün tikinti şirkətləri təmirsiz mənzilləri dəyərindən xeyli baha sataraq tez varlanmağa önəm verirlər. Ancaq əksər ölkədə, o cümlədən, Qazaxıstan, Türkiyə, Rusiyada mənzillərin təmirsiz, yəni yaşayışa hazır olmadan satılması qadağandır. Azərbaycanda mənzillərin təmirli satılması ilə bağlı təkliflər dəfələrlə irəli sürülsə də, bu məsələ mənzil tikinti kooperativləri (MTK) tərəfindən dəstəklənməyib. Hər vasitə ilə mənzil tikintisi ilə məşğul olan şirkətlər bundan yayınırlar. Çünki mənzili təmirsiz satmaq MTK-lara daha çox sərf edir. Burada diqqətçəkən məqam odur ki, MTK-ların təmirli mənzillərin satışında maraqlı olmamasının kökündə vacib faktor dayanır. O da ondan ibarətdir ki, təmirsiz mənzillərin maya dəyərini qat-qat şişirdirlər. Məsələn, təmirsiz mənzilin bir kvadratı 900 manatdırsa, təmirlinin qiyməti ondan 100-150 manat bahadır. Əslində arada fərq daha böyük olmalıdır. Ancaq bizdə bu belə deyil. O baxımdan, MTK-ların bu ədalətsiz qiymət siyasətini ekspertlər necə dəyərləndirirlər? “MTK-lar üçün bir ölçü var, o da daha çox qazanmaq hərisliyidir” Məsələyə münasibət bildirən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun sözlərinə görə, Azərbaycanda MTK-lar mənzillərin qiymətini süni şəkildə şişirdirlər: “Təmirsiz mənzillərin satılmasının kökündə duran başlıca amil bununla bağlıdır. Digər tərəfdən, binalar çox keyfiyyətsiz tikilir. Bunu təkcə mən yox, əksər mütəxəssis deyir. MTK-lar üçün bir ölçü var, o da daha çox qazanmaq hərisliyidir. Onları keyfiyyət maraqlandırmır. Daşınmaz əmlak bazarında elə bir aktivlik yoxdur. Pandemiya əmlak satışına da öz təsirini göstərib. Ancaq mənzillərin qiyməti çox yüksək olaraq qalır. Binalarda satışa çıxarılan mənzillərin bir kvadratmetri hardasa 300 manata başa gəldiyi halda, onu 1500 manata satırlar. Harada yerləşməsindən asılı olaraq, bundan da baha satırlar. Aydın məsələdir ki, MTK-lar daha tez varlansınlar deyə qiymətləri şişirdirlər. Başqa bir tərəfdən, şəhərdə tikinti işlərini nizamlamaq digər bir quruma həvalə edilib. Söhbət Şəhərsalma və Arxitektura Komitəsindən gedir. Lakin bu heç nəyi dəyişməyib. Buna baxmayaraq, gözümüzün qabağında, şəhərin mərkəzində, çox dar bir ərazidə 16 mərtəbəli binalar inşa edilir. Şəhərsalma mədəniyyətinə uyğun olmayan, çox eybəcər formada binalar tikilir. Mən özüm bir neçə il Rusiyada olmuşam. Orada təkcə yaşayış binaları tikilmir. Eyni zamanda, bu yaşayış məkanında bütün infrastruktura aid olan hər şeyi təmin edirlər. Bizdə isə bunların heç biri nəzərə alınmır. Məsələn, Səməd Vurğun küçəsi ilə üzü dənizə tərəf gələndə, Təzə bazarın ətrafındakı 2 hektarlıq ərazidə 17 bina bir-birinə yapışdırılıb. Balkondan əl uzatsan o biri balkona çatar. Bir 16 mərtəbə bir kənd deməkdir. Onsuz da Bakıda sıxlıq böyükdür və tıxac əlindən tərpənmək olmur. Bəs bu nəyə lazımdır? Ona görə də bu sahədə çox biabırçı mənzərə hökm sürür. Hesab edirəm ki, MTK-lara görk olsun deyə o binalardan bəzilərini sökmək lazımdır. Onların öz hesabına sökülən yerdə park salmaq lazımdır”. Professor hesab edir ki, müvafiq addımlar atılmasa, bunun çox ciddi fəsadları olacaq.