pattern

XƏBƏRLƏR

ANA SƏHİFƏ | XƏBƏRLƏR

Fikrət Yusifov: “Tarif dəyişiklikləri qiymətlərə ciddi təsir etməyəcək”

1/7/2021

  • paylaş:

"Azərbaycan hökuməti son illər ərzində apardığı davamlı islahatlarla ölkə iqtisadiyyatının ümumdünya iqtisadi böhranından əvvəl mövcud olmuş inkişaf templərini bərpa etməyi hədəfləmişdi. Bu istiqamətdə 2018-2019 cu illərdə atılmış addımlar yetərincə yaxşı nəticələrin əldə olunmasına imkan versə də, keçən ilin əvvəlindən bütün dünyanı bürümüş koronavirus pandemiyası ölkəmizin iqtisadiyyatına da öz mənfi təsirini göstərdi". Bunu sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib. Onun sözlərinə görə, hökumət pandemiyanın yaratdığı çətinlikləri aradan qaldırmaq, ölkənin biznes mühitini postpandemiya dövrünə qədər qoruyub saxlamaq və pandemiya səbəbindən işsiz qalmış vətəndaşlarımızın sosial müdafiəsini təmin etmək məqsədilə milyardlarla manat əlavə xərc çəkmək məcburiyyətində qaldı: “Ümümdünya pandemiyasının başa çatmadığı indiki dönəmdə bu xərclər hələ də davam etməkdədir. Pandemiya səbəbindən kiçik və orta biznes müəssisələrinin fəaliyyətinin dayandırılması və ya gücünün az bir hissəsi ilə çalışması dövlət büdcəsinə daxilolmaları xeyli azaldıb. Buna baxmayaraq, hökumət yenə də biznesin dəstəklənməsi və iş yerlərini itirmiş vətəndaşların sosial müdafiəsinin təşkili istiqamətində əlavə xərclər çəkməkdə davam edir”. F. Yisifov bildirib ki, yaranmış vəziyyətdə qarşıda duran başlıca vəzifə islahatları davam etdirmək yolu ilə ölkə iqtisadiyyatını əsaslı şəkildə postpandemiya dövrünə hazırlamaqdan ibarətdir: “2021-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin gəlir və xərclərində ötən illə müqaisədə nəzərdə tutulan artımlar onu deməyə əsas verir ki, hökumət bu il ciddi islahatlar aparmaqla iqtisadiyyatı yeni inkişaf müstəvisinə çıxarılmaqda israrlıdır. 2021-ci il üçün hökumətin müəyyən etdiyi bu kursu şərtləndirən bir əsas səbəb də budur ki, artıq koronavirus panemiyasının aradan qaldırılmasını təmin edəcək vaksinlər hazırlanıb və dünyanın bir çox ölkələrində kütləvi olaraq əhalinin vaksinləşdirməsi prossesinə başlanıb. Azərbaycan da bu sırada heç bir ölkədən geridə qalmaq niyyətində deyil. Deməli, yeni iqtisadi inkişaf templərini əldə etmək istəyimiz sadəcə arzu deyil. Bu səbəbdən də islahatlar sürətlə davam edəcək”. İqtisadçı-alim deyir ki, Tarif Şurasının bəzi məhsulların qiymətlərinə yenidən baxaraq, onlarda müəyyən dəyişikliklər etməsi də islahatlar silsiləsinə daxil olan addımlardan biridir: “Cəmiyyətmiz Tarif Şurasının bu addımlarını birmənalı qarşılamaması anlaşılandır. Dünyanın heç bir ölkəsində istənilən qiymət artımına pozitiv yanaşma olmur. Lakin qiymətlərin artırılmasının əsasları kifayət qədər inandırıcı olduqda, cəmiyyət bu addımların zərurət olduğunu başa düşür və onu normal qarşılayır. Bəs bizim halda son qiymət artımını şərtləndirən əsas səbəblər hansılardır? Öncə onu deyək ki, ölkəmizdə dizel yanacağının və benzinin qiymətləri son dəfə müvafiq olaraq 2013 və 2017-ci illərdə tənzimlənib. Bizdən fərqli olaraq qonşu ölkələr ötən dövrdə yanacağın qiymətlərini bir neçə dəfə dəyişiblər. Əslində bizdə də yanacağın qiymətlərinə keçən ilin əvvəllərində baxılması gözlənilirdi. Lakin dünyada baş verən koronavirus pandemiyası və sonradan torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız Vətən Müharibəsi bu məsələni bir qədər arxa plana keçirdi”. F. Yusifov deyir ki, COVID-19 epidemiyasının dünya iqtisadiyyatına yaşatdığı gərginliklər Azərbaycan iqtisadiyyatından da yan keçmədiyini qeyd etdik: “İqtisadi aktivliyin aşağı düşməsi bir qayda olaraq büdcə gəlirlərinin azalmasına yol açır. Bu isə öz növbəsində, dövlət xərclərinin, o cümlədən sosial xərclərin maliyyələşdirilməsi ilə bağlı müəyyən çətinliklərin yaranmasına səbəb olur. Belə bir vəziyyətdə dövlətin büdcə gəlirlərinin formalaşdırılması istiqamətində atdığı hər bir əsaslandırılmış addım vətəndaşlarımız tərəfindən başa düşülməlidir. Bu gün benzinin və dizel yanacağının qiymətləri qaldırıldıqdan sonra, bu qiymətlərin səviyyəsinə görə Azərbaycan dünyanın 167 ölkəsi arasında yanacağın qiymətinin ən ucuz olduğu 23 ölkədən biridir. Yəni hazırda dünyanın 144 ölkəsində yanacağın qiyməti bizdə olan analoji qiymətlərdən yüksəkdir. Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcək”. Onun fikrincə, dövlət yanacağın qiymətlərinin istehlakımızda əsas yer tutan kənd təsərrüfatı məhsullarına, eləcə də vətəndaşlarımızın ailə büdcəsinə təsirini minimallaşdırmaq üçün kompensasiya mexanizmlərinin işə salınmasını da nəzərdə tutur: “Bu isə öz növbəsində həmin məhsullar üzrə qiymət artımının qarşısını alacaq, növbəti mövsümdə aqrar sahədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin qorunub saxlanmasına və qiymətlərin sabit qalmasına kömək edəcək. Bu konteksdə qeyd etmək yerinə düşərdi ki, SOCAR-ın müraciətində təbii qazın qiymətinin artırılması olsa da, Tarif Şurası bu təklifi qəbul etmədi və təbii qazın qiyməti əvvəlki səviyyədə saxlanıldı. Həmişə olduğu kimi, yenə də həssas sosial qrupların müdafiəsini təmin etmək üçün təbii qaz üzrə istehlak qruplarının əlavə xərclərinin yaranmasına səbəb ola biləcək qiymət artımına gedilmədi”. O qeyd edib ki, başqa bir məsələ isə, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödənilməsidir: “Bu, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. Bunlarla yanaşı, Azərbaycanda geniş sosial müdafiə tədbirləri həyata keçirilir, əməkhaqqı, pensiya və müavinətlər sistemli şəkildə artırılır”. Qeyd edək ki, 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66 %, pensiyalar 73 % artıb. Keçən ilin 10 ayında orta aylıq əmək haqqı 704,5 manat təşkil edib. O vurğulayıb ki, bütün bunlar deməyə əsas yaradır ki, islahatlar aparılarkən onun müsbət və mənfi təsirləri nəzərə alınır, necə deyərlər, yüz ölçülüb, bir biçilir: “Ölçülüb-biçilən addım isə zərər gətirmir”.