Sərt pul siyasəti iqtisadiyyatın inkişafı üçün nə vəd edir?

"Fikrət Yusifov: "Pul-kredit siyasətini yumşaltmaqdan qorxmamalıyıq”

"Sərt pul-kredit siyasətinin bu qədər davamlı olması isə heç şübhəsiz ölkənin iqtisadi inkişafına əngəl yaradan səbəblərdən biridir”.


Xatırladaq ki, Milli Məclisin növbəti plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, "Azərbaycan Mərkəzi Bankı gələn il də sərt pul siyasəti davam etdirəcək". Eyni zamanda pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin, inflyasiyanın yüksəlməsinin qarşısını almaq üçün 2017-ci ildə də sərt pul siyasətinin həyata keçiriləcəyini vurğulayıb. Mərkəzi Bank 2016-cı ildə doğurdanmı sərt pul siyasəti yürüdüb, yoxsa bu gəlişi gözəl sözdür?

Bu mövzu ilə bağlı "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Fikrət Yusifov: "Gözübağlı sərt pul-kredit siyasəti heç zaman yaxşı nəticələrə gətirib çıxara bilməz”.

Mərkəzi Bankın sərt pul siyasətini dəstəkləməyən Fikrət Yusifova görə, pul-kredit siyasətinin yumşaldılması ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər:

"Sərt pul-kredit siyasəti monitar siyasətin tərkib hissəsi olmaqla, müəyyən bir zaman kəsiyində - xüsusilə də böyük infilyasiya gözləntiləri dövründə istifadə olunan bir alətdir. Lakin təəssüf ki, bizim Mərkəzi Bank artıq illərlədir bu siyasəti fəaliyyətinin əsası meyarı kimi müəyyənləşdirib sərt pul-kredit siyasətini israrla davam etdirir. Sərt pul-kredit siyasətinin bu qədər davamlı olması isə heç şübhəsiz ölkənin iqtisadi inkişafına əngəl yaradan səbəblərdən biridir. İqtisadiyatın öz qanunları var. 

Əgər bir insanın damarlarında normalda tələb olunandan bir neçə dəfə az qan olarsa, deməli gec-tez onun sağlamlığında problemlər baş qaldıracaq. İqtisadiyyat da belədir. Normal fəaliyyəti üçün insan orqanizminin qana nə qədər ehtiyacı varsa, iqyisadiyyatın da normal sayıla biləcək bir həddə pulla ehtiyacı var. Bu ehtiyac ödənilmədikdə və ya yarımçıq ödənildikdə o həmişə axsaya bilər. 

Əgər biz iqtisadi dirçəlişə rəvac vermək istəyiriksə, pul-kredit siyasətini yumşaltmaqdan qorxmamalıyıq. Bu dönəmdə  müəyyən səviyyədə infilyasiyanın olması da tam normal sayılmalıdır. Sadəcə gözübağlı şəkildə aparılan sərt pul-kredit siyasəti heç zaman yaxşı nəticələrə gətirib çıxara bilməz. Ölkədəki makroiqtisadi duruma cavabdeh olan qurumlardan biri kimi Mərkəzi Bank və onun başında dayananlar bunun fərqində olmalıdırlar”.

Gülşən ŞƏRİF



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi