Azərbaycan iqtisadiyyatının bənzərsiz uğurları

 
Ötən 25 ildə Azərbaycan iqtisadiyyatı bənzərsiz inkişaf yolu keçib. Bu illər ərzində Azərbaycan öz iqtisadi uğurları ilə nəinki Cənubi Qafqazın lider dövlətinə çevrilib, həm də dünyanın aparıcı dövlətlərinin regionda ən etibarlı tərəfdaşı statusunu qazana bilib.
 
Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan hər hansı bir transmilli layihənin reallaşması, hansısa siyasi bir məsələnin həlli mümkün deyil. İndiki Azərbaycan Avropanın on illər boyu yaşadığı enerji asılılığı probleminin həllində dönüş yaradacaq "Cənub”qaz dəhlizi layihəsinin müəllifi kimi bütün dünyaya sözünü deyə bilir. Bu gün Azərbaycanın həm Qərb, həm Şərq, həm Şimal və həm də Cənub üçün əhəmiyyəti əvvəlkindən qat-qat böyükdür.
Beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri bu gün Azərbaycanın uğurlarına yüksək qiymət verirlər. Bütün dünyanı bürüyən iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan investisiyaların yatırılması üçün ən münasib və problemsiz ölkələrdən biri hesab olunur. Heç şübhəsiz ki, bu qənaətin kökündə Azərbaycanın qazandığı iqtisadi uğurlar dayanır.

Ölkəmizin iqtisadi qüdrətinin bugünkü səviyyəsinə biz necə gəlib çatdıq? Düşünürəm ki, müstəqillik illərində Azərbaycan iqtisadiyyatının keçdiyi yolu beş mərhəlləyə bölmək daha düzgün olardı.
Birinci mərhələ 1991-1993-cü illəri əhatə edir. Bu dövr müstəqilliyin ən ağır və keşməkeşli dövrü kimi yaddaşlarda qaldı. Yenicə müstəqillik əldə etmiş dövlətin idarəçiliyində yol verilən yanlışlıqlar ölkənin iqtisadi durumunu və maliyyə vəziyyətini acınacaqlı hala salmışdı. Səriştəsiz idarəçilik tək Dağlıq Qarabağ münaqişəsində uğursuzluqlarla müşayət olunmurdu. Vəziyyət o qədər ağır və idarə olunmayan bir həddə gəlib çatmışdı ki, 1992-ci ilin dövlət büdcəsini təsdiq etmək kimi strateji vəzifə belə hökumətin yadından çıxmışdı. Büdcəni yalnız həmin ilin dekabr ayının son günlərində parlamentdə təsdiq etdirmək mümkün oldu. Dövlətin il ərzində heç bir səviyyədə tərtib və təsdiq edilməyən büdcəsiz  yaşaması iqtisadi və maliyyə sistemində yaranmış xaosun arzuolunmaz nəticəsi idi. Bir sözlə, həmin dövrdə ölkənin iqtisadiyyatı və maliyyə sistemi iflic bir durumda idi.
Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, ölkə həyatının bütün digər sahələrində  də eyni vəziyyət yaşanırdı. Müharibə edən bir ölkənin ordusundakı pərakəndəlik, özbaşınalıqlar baş alıb gedirdi. İnsanlar küçələrdə sərbəst gəzməkdən belə qorxurdular. Silahlı quruplaşmalar bir - birinə meydan oxuyurdu. Vəziyyətin kritik həddə çatdığını, müstəqilliyin əldən getmək təhlükəsinin reallığını dərk edən ölkə rəhbərliyi yeganə xilas yolunu Heydər Əliyev kimi nəhəng bir siyasətçiyə üz tutmaqda gördü. Bu, həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin ən doğru seçimi, daha doğrusu, alternativsiz çıxış yolu idi.
Heydər Əliyev gəldi və bu gəlişlə də 1993-cü ilin ortalarından müstəqil Azərbaycanın həyatında yeni dövr başlandı. Bu, həm də ölkənin iqtisadiyyatında 1994-1995-ci illəri əhatə edən ikinci mərhələnin başlanğıcı idi. Böyük dövlətçilik təcrübəsi, fitri idarəçilik isdedadı olan Heydər Əliyev 1993-cü ilin sonlarından başlayaraq, ölkə iqtisadiyyatının və onun maliyyə sisteminin tənzimlənməsini və təkmilləşməsini təmin  edən qərarlar qəbul etməyə başladı. Ölkənin iqtisadi durumu və buna uyğun olan maliyyə vəziyyəti o qədər acınacaqlı bir hala gəlib düşmüşdü ki, orta illik inflyasiya  1700 -1800 faiz səviyyəsinə çatırdı. Bu, sadə bir inflyasiya deyildi, əslində, dağıdıcı hiperinflyasiya idi. Elə bir vəziyyət yaranmışdı ki, insanlar əllərində olan son pullarını belə hər hansı bir formada maddiləşdirməyə çalışırdı. Bank sistemi o qədər acınacaqlı bir vəziyyətdə idi ki, bu fəaliyyət üçün lisenziya almış hər kəs bank fəaliyyətini az qala ev şəraitində belə həyata keçirə bilirdi.

1994-cü ildən başlayaraq, ardıcıl və sistemli şəkildə qəbul edilən qərarlarla və görülən tədbirlərlə artıq 1995-ci ilin sonlarında vəziyyəti sabitləşdirmək mümkün oldu. Bu illərdə mənfur qüvvələrin ölkədə bir neçə dəfə dövlət çevrilişi etmək cəhdlərinə baxmayaraq, Heydər Əliyevin qətiyyəti və güclü iradəsi nəticəsində  iqtisadi islahatlar bir an belə ləngidilmədi. Ölkədə ictimai-siyasi və iqtisadi vəziyyətin hələ  tam sabitləşmədiyi 1994-cü ildə, Azərbaycanın gələcəyini hər kəsdən daha uzaqgörən ulu öndər  "Əsrin  müqaviləsi”  adlandırılan neft kontraktının imzalanmasına nail olmaqla, Azərbaycan iqtisadiyyatının sonrakı uğurlarının təməl daşını qoydu.

1996-cı ildən etibarən 1996-2003-cü illəri əhatə edən Azərbaycan iqtisadiyyatının inkişafında üçüncü mərhələ başlandı. Ölkə iqtisadiyyatı artıq öz normal axarına düşmüşdü və yüksələn xətlə inkişaf edirdi. Bu dövrdə Azərbaycan neftinin dünya bazarlarına çıxarılması yolunda ciddi addımlar atıldı. 1996-cı ildə Bakı-Novorossiysk neft kəmərinin yenidən qurulması, 1999-cu ildə  Bakı-Supsa ixrac neft kəmərinin istismara verilməsi və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşasına dair qərarın qəbul edilməsi ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin şəffaf və səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək məqsədilə Dövlət Neft Fondu yaradıldı. Neft gəlirləri ölkənin iqtisadiyyatının müasir tələblər səviyyəsində yenidən qurulmasında əvəzsiz rol oynamağa başladı. Düşünülmüş iqtisadi siyasət nəticəsində ölkədə tam makroiqtisadi sabitliyə nail olundu və bundan sonra iqtisadiyyatın bütün sahələrində, maliyyə sistemində və sosial sferada əsaslı islahatlara start verildi.

Dinamik inkişaf məntiqinə əsaslanan siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar 2004-cü ildən Prezident İlham Əliyev tərəfindən yüksələn xətlə davam etdirilməyə başlandı. Ölkə başçısının hakimiyyətə gəldiyi ilk günlər səsləndirdiyi "biz elə etməliyik ki, sanki neftimiz yoxdur və biz neft ölkəsi deyilik” çağırışı ölkə iqtisadiyyatının bundan sonrakı inkişaf strategiyasının ana xəttini müəyyənləşdirdi. Beləliklə, 2004-2015-ci illəri əhatə edən ölkə iqtisadiyyatının inkişafının dördüncü mərhələsi oldu. İqtisadiyyatın köklü dversfikasiyasını – onun neftdən asılılığının minimum həddə endirilməsini nəzərdə tutan tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən qəbul edilən fərman və sərəncamlarla  Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafını nəzərdə tutan və 2004-2018-ci illəri əhatə edən 3 beşillik proqram qəbul edildi. Bu proqramlardan artıq ikisi uğurla icra olunub və hazırda 2014-2018-ci illər ücün Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası davam edir.

Bundan başqa, 2008-2015-ci illəri əhatə edən dövrdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və ölkənin davamlı inkişafı Dövlət Proqramı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı və bir sıra sahələri əhatə edən inkişaf proqramları təsdiq edilərək uğurla icra olunmuşdur. Bu dövrdə Azərbaycanın dünyanın ən böyük loqistika mərkəzlərindən birinə çevrilməsinin təməli qoyuldu. XXI əsrin ən nəhəng enerji layihəsi olan "Cənub” qaz dəhlizinin, onun davamı olan TANAP və TAP xətlərinin tikintisi, "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması, Bakı –Tibilisi- Qars dəmir yolunun çəkilməsi,  Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi Azərbaycanı beynəlxalq yükdaşımaların böyük bir mərkəzinə çevirəcək transmilli layihələrdir. Bu layihələrin hər birinin şəriksiz müəllifi Azərbaycanın Prezidenti cənab İlham Əliyevdir. Ölkəmizin  regionun ən böyük loqistika mərkəzinə çevrilməsi ilə iqtisadiyyatımızın inkişafında yeni səhifənin açılması günümüzün reallığıdır.
Azərbaycan hökuməti görülən tədbirlər nəticəsində 2007-2008-ci illərdən başlayaraq dünyanın əksər ölkələrini bürümüş qlobal iqtisadi və maliyyə böhranının yaratdığı təlatümlərin ölkəmizin iqtisadiyyatı və maliyyə sistemindən yan keçməsinə nail oldu. Lakin 2014-cü ilin ortalarından başlayaraq neftin qiymətinin birdən - birə kəskin şəkildə aşağı düşməsi, iqtisadiyyatın dversfikasiya edilməsi istiqamətində hökumətin gördüyü işlər qarşısında bir qədər çətinliklər yaratdı. Son 5 il ərzində ümumi daxili məhsulda qeyri-nefr sektorunun payının 50 faizdən 70 faizə qədər artırılmasına nail olunsa da, iqtisadiyyatın neftdən asılılığının hələ tam bitmədiyi bir dövrdə qarşıya çıxan bu çətinliklər Azərbaycan hökumətini qorxutmadı. Hökumət ortaya ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafını nəzərdə tutan yeni iqtisadi model qoydu.
Bununla da 2016-cı ildən etibarən Azərbaycan iqtisadiyyatının inkişafında beşinci mərhələ başlanmış oldu. Bu modelin memarı isə Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevdir.  2015-ci ilin son aylarından başlayaraq ölkə iqtisadiyyatının ən qısa zaman kəsiyində real sektora transformasiya edilməsini nəzərdə tutan bu iqtisadi modelin reallaşdırılması məqsədilə ötən dövr ərzində onlarca qətiyyətli qərar  qəbul edildi. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi hazırlandı.  Ölkə iqtisadiyyatının əsasını təşkil edən azad sahibkarlığın inkişafı yolunda bütün maneələrin aradan qaldırılmasına start verildi.

Gömrük və vergi sistemində tam şəffaf bir mühitin yaradılması, ölkə Prezidentinin "heç kimin toxunulmazlıq statusu ola bilməz” bəyanatı ilə korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi,  milli valyutaya olan inamın bərpası məqsədilə əhalinin banklarda olan əmanətlərinin tam sığortalanması,  ölkədə maliyyə sabitliyini təmin edəcək yeni strukturların  yaradılması və bir sıra digər qərarlar iqtisadiyyatın bundan sonrakı sürətli inkişafını və onun ən qısa zaman kəsiyində neft amilindən asılılığının optimal həddə qədər azalmasını təmin edəcəkdir.  
 
Fikrət Yusifov,
iqtisad elmləri doktoru,
professor



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi